Məhkəmə qərarları › İş №2-1(112)-2212/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2212/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2212/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim İddiaçı Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının hüquqlarını pozan və əlavə pul vəsati tələb edilməsinə əsas olan 19 840.34 manat əlavə gəlir vergisinin hesablanmasının əsas olmuş və riskli vergi ödəyicisi hesab edilməyimizlə nəticələnmiş cavabdeh tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli **********860100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar və 01 may 2023-cü il tarixli **********271200 saylı "vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərarın, eləcə də 18 iyul 2023- cü il tarixli **********717000 saylı imtina məktubu üzrə inzibati aktların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 01 may 2023-cü il tarixli **********271200 saylı “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. elə ki, AR NK-nin 28 iyul 2020-ci il tarixli “265" nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1.. 3.1.1. yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarlar) müəyyən edilmişdir: ”2.1.1 bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1.1. vergi ödəyicisilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə" Bundan sonra, cavabdeh 02 iyun 2023-cü il tarixli **********860100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarla kameral yoxlama ilə 2022-ci il üzrə 19 840.34 manat əlavə gəlir vergisi hesablanmışdır. Həmin inzibati aktlardan narazı qalaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə **********789500 saylı məktubla cavabdehə müraciət etmiş, riskli vergi ödəyicisi kimi siyahıdan çıxarılmağı xahiş etmişdir. Lakin 18 iyul 2023-cü il tarixli **********717000 saylı məktubla cavabdeh riskli vergi ödəyicisi kimi qeydiyyatdan çıxarmaqdan imtina etmişdir. Eləcə də xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək 2022-ci ilin gəlir vergisi hesabatını təqdim edərək və izahlı məlumatı təqdim edərək heç bir materialdan istifadə etməyərək tikinti qəlib və beton işləri üzrə sadəcə olaraq xidmət göstərilməsini qeyd etmişdir. Lakin cavabdeh hesabatları qəbul etsə də, azalma verməmiş və nəticə etibarilə qanunsuz inzibati aktlarla hüquqlarını pozmuşdur. Nəzərə alaraq ki, cavabdehin onu riskli vergi ödəyicisi hesab etməsi və 2022-ci il üzrə 19 840.34 manat əlavə gəlir vergisi hesablanması əsası guya onun təqdim etdiyi elektronqaimə faktura üzrə satışda mal satışı olmasına baxmayaraq alış və idxal əməliyyatları olmaması müəyyən edilməsidir. Halbuki, onun göstərdiyi xidmətdir və xidmətlərin də alışı mövcud olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2003-cü il tarixli 5 nömrəli Qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktm qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh kameral vergi yoxlaması aktları əsasında qəbul olunmuş vergilərin hesablanması barədə qərarlarda qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarların hazırki iş üzrə mübahisələndirilən hissələrdə əsassız olduğu müəyyən edilir ki, bu da öz növbəsində həmin aktın və qərarın həmin hissələrdə ləğv edilməli olması qənaətinə gəlmək üçün məhkəməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 saylı qərarı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarların ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********860100 nömrəli qərarların və xx.xx.2023-cü il tarixli **********717000 saylı imtina məktubunun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” . xx.xx.2023-cü il tarixli **********271200 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsi icraatınızda olan 2-1(112)- 2212/2024 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 51,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “monolit beton bünövrə, monolit beton, subasman betonu və s.” qeyd olunmasına baxmayaraq qeyd olunan mallar (iş, xidmət) qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli Qərar qəbul edilmişdir. Kameral vergi yoxlamasına münasibətdə isə bildirmək istəyirik ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi, 2022-ci il ərzində eqaimələr vasitəsilə 99351,72 manat dəyərində xidmətlərin göstərilməsinə baxmayaraq, təqdim edilmiş müvafiq ilin gəlir vergisi bəyannaməsinin gəlirlər sətrinin göstəricisiz əks etdirilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli **********668100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 19840,34 manat ((99351,72-150,00)*20%) vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********860100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Sonradan iddiaçı tərəfindən 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş, həmin bəyannaməyə kameral qaydada münasibət bildirilmiş, nəticədə xx.xx.2023-cü il tarixli **********860100 nömrəli Qərar ləğv edilərək, eyni əsaslar üzrə xx.xx.2023-cü il tarixli **********458400 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi Məcəlləsinin: 13.2.69- cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70- ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71- ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 13.2.82- ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3- cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3- 1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1- ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2- ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1.4-cü maddəsinə əsasən vergi ödəyicisi elektron vergi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aparılır. İnzibati Prosessual Məcəlləsinin 32.1 -ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- xx.xx.2021-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (sifarişçi) İddiaçı (icraşı) arasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda qeyd edilən işlərin yerinə yetirilməsinə dair müqavilə bağlanılmışdır. - 01 nömrəli Qiymət razılaşma protokolunun surətindən görünür ki, müqavilənin tərəfləri aşağıdakılar barədə razılığa gəldilər:

1. Monolit beton bünövrə - ölçü: kv.m; miqdarı: 1500; qiyməti manatla: 18; məbləğ manatla 27000

2. Beton döşəmə - ölçü: kv.m; miqdarı: 230; qiyməti manatla: 20; məbləğ manatla 4600. - xx.xx.2022-ci il tarixli 02/T/21 nömrəli Xidmət Müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (sifarişçi) İddiaçı (icraşı) arasında “qaya daşından istinad divarların tikilməsi kub metr 20 azn” barədə müqavilə bağlanılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə İdarəsinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 saylı qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 saylı qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2022-ci il gəlir vergisi üzrə 19.840,34 manat vergi hesablanmışdır. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla vergi ödəyicisi İddiaçı barəsində sorğuda qeyd olunan (**********271200 saylı xx.xx.2023-cü il tarixli və **********8601100 saylı xx.xx.2023 cü il tarixli qərarların və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri) məlumatlar məhkəməyə təqdim edilmişdir. - cavabdeh inzibati orqan tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli etiraz məktubu təqdim etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.), elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda istinad olunan hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin iddiaçı tərəfindən yoxlanılması imkanı mövcud olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar iddiaçıya çatdırılmış sayıla bilməz.Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla göndərilmədiyi işin təkzib olunmaz faktıdır. İddia müddətinin axımı inzibati aktın, konkret mübahisəyə münasibətdə mübahisələndirilən qərarın iddiaçıya təqdim olunduğu vaxtdan başlayır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən inzibati aktın iddiaçıya qanunla müəyyən olunmuş qaydada təqdim olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada təqdimetmənin mövcud olmadığı halda, müddətin ötürülməsi iddia oluna və bunun neqativ nəticələri iddiaçıya aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl etmişdir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş cavabdehin hüquqi ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İddianın əsaslığına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin məhkəmə araşdırması zamanı və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2023cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub ünvanlayaraq, 2022-ci il hesabat dövrü üçün gəlir vergisinin hesablanılmaı ilə bağlı olaraq həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin iddiaçı tərəfindən təqdim edilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyindən cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 saylı qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022ci il tarixdə cəmi 51.2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "monolit beton bünövrə, monolit beton, subasman betonu və.s" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********860100 nömrəli Qərarı ilə İddiaçı Abazalı oğluna 2022-ci ilin Bəyannamə və hesabat dövrü üçün vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 19.840,34 manat vergi məbləği hesablanmışdır. Həmin qərara əsasən qeyd edilmişdir ki, tərəfinizdən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfinizdən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 99351.72 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 99351.72 manat məbləğdən 99351.72 manat az əks etdirilmişdir. Nazirlər Kabinetinin 265 saylı Qərarının 2.1.1., 3.1.1-ci yanmbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına daxil edildiyiniz məlum olmuşdur ki, bu da kənarlaşmaların yaranmasına səbəb olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli məktub ilə cavabdeh vergi orqanına müraciət edərək bildirmişdir ki, əlavədə qeyd olunan xidmət müqavilələrinə uyğun olaraq tikintinin qəlibi və beton konstruksiya işləri görülmüşdür. (heç bir materialdan istifadə edilməmişdir) Sadəcə xidmət göstərilmişdir. 2022-ci il gəlir vergisi hesabatında bunları nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********860100 nömrəli Qərar ləğv edilərək, eyni əsaslar üzrə xx.xx.2023-cü il tarixli **********458400 nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli Qərarı ilə İddiaçı Abazalı oğluna 2022-ci ilin Bəyannamə və hesabat dövrü üçün kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 19840,34 manat vergi məbləği hesablanmışdır. Həmin qərarın altıncı bəndində isə bu qərarla vergi orqanı tərəfindən qəbul edilmiş **********860100 nömrəli qərarın ləğv edildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC fiziki şəxs olaraq sahibkar İddiaçı 01 saylı xx.xx.2021 -ci il tarixdə “Xidməti müqavilə” bağlamış və İddiaçı Qarabağ bölgəsində beton tökmə işləri üzrə mütəxəssis olaraq məsləhət xidməti göstərmiş, tikintidə işləri üzrə texniki cəhətdən işin düzgün qurulması və həyata keçirilməsi üçün məsləhət və göstərişlər vermişdir. xx.xx.2023-cü il tarixli məktubla beton aldıqları şirkətlə əməliyyata dair sənədlər və İddiaçı ilə aparılmış əməliyyatlara dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmçinin İddiaçı şirkət tərəfindən beton almadığı qeyd edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, "xxxx" MMC-nin fiziki şəxs İddiaçı ilə bağladığı 02/T/21 saylı xx.xx.2022-ci il tarixli “Xidməti müqavilə”yə əsasən İddiaçı qaya daşından istinad divarının tikilməsi üçün dəmir, beton və qəlib işləri üzrə xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli “Xidməti müqavilə” üzrə tam olaraq ona tərəfimizdən ödəniş edilmişdir. Həmçinin bildirilmişdir ki, bu işlərin görülməsində lazımi mal-materiallar şirkət tərəfindən təmin edilmiş və bu barədə zəruri sənədləri xx.xx.2023-cü il tarixli məktuba əlavə etmişdirlər. 02/T/21 saylı xx.xx.2022-ci il tarixli “Xidməti müqaviləsi” üzrə İddiaçı onlar tərəfindən monolit beton ümumiyyətlə alınmadığı qeyd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının fəaliyyəti, mal satışı deyil, özünün cavabdeh inzibati orqana təqdim etdiyi izah məktubunda da qeyd etdiyi kimi, heç bir materialdan istifadə etməyərək tikinti qəlib və beton işləri üzrə sadəcə xidmət göstərilməsindən (məsləhət və göstərişlər) ibarət olmuşdur. Məhkəmə araşdırması nəticəsində də müəyyən olunmuşdur ki, iddiaçı hüquqi şəxslər üçün yalnız xidmət göstərmiş və hər hansı mal satışı həyata keçirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” sənədlərində də satılmış malların dəyəri deyil, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan öz etiraz məktubunda qeyd etmişdir ki, “2022-ci il ərzində e-qaimələr vasitəsilə 99351,72 manat dəyərində xidmətlərin göstərilməsinə baxmayaraq, təqdim edilmiş müvafiq ilin gəlir vergisi bəyannaməsinin gəlirlər sətrinin göstəricisiz əks etdirilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur”. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz məktubunun məzmunundan da iddiaçı tərəfindən mal satışının həyata keçirilmədiyi və onun xidmətlər göstərdiyi müəyyən olunur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilə bilməsi üçün vergi ödəyicisi tərəfindən riskli və əmtəəsiz əməliyyatların əlamətləri olan əməliyyatlar rəsmiləşdirilməlidir və yalnız bundan sonra vergi orqanı tərəfindən həmin əməliyyatlar araşdırılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunvericiliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilərdi: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Göründüyü kimi, əməliyyat o halda riskli hesab edilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, yaxud da aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim edilməsi halı aşkar olunsun. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, iddiaçı riskli əməliyyat aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü inzibati orqan müvafiq inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi eləcə də, həmin inzibati orqanın (cavabdehin) üzərinə düşür. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi olması bağlı müvafiq inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh inzibati orqan olan X2 üzrə Baş İdarənin üzərində olduğundan onun riskli vergi ödəyicisi olması üçün müvafiq əsasları sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması ilə də müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı həmin əsasların mövcudluğunu tam sübuta yetirmədən iddiaçının riskli vergi ödəyicisi olması barədə müvafiq qərarı qəbul etmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktların qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarların qanuniliyini də sübut edə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən dəlil və sübutları vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə cavabdeh inzibati orqan tərəfindən qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş hər iki qərarı (“Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli) ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati akt ləğv edildikdə onun yaratdığı bütün hüquqi nəticələr də aradan qalxmış olur. Beləliklə də, iddiaçının riskli vergi ödəyiciləri siyahısına əlavə edilməni müəyyən edən qərar ləğv edildikdə, onun həmin siyahıdan çıxarılması da inzibati orqan tərəfindən icra edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 14.3-cü bəndinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarları ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar