Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2212/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Dövlət Neft Şirkəti və “X3” Şirkəti” üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan ünvanda yerləşən ümumi sahəsi 60,4 kv.m olan, yaşayış sahəsi 44,3 kv.m olan fərdi yaşayış evinin və yerləşdiyi 733 kv.m olan torpaq sahəsinin üzərində hüququn X1 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport əsasında fərdi yaşayış evi atasına məxsus olmuşdur. Vərəsəlik işi açılmış, cavabehə müraciət edilmiş, lakin məxsus olma barədə arayışın verilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisi olmaqla yaxınlığında neft quyusu yerləşir. Məktuba cavabda qeyd edilmişdir ki, Sazişə əsasən “X3” şirkətinin istifadə verilmiş ərazi hüdudları daxilindədir sahə, eləcə də ləğv olunmuş neft quyularının mühafizə zonası daxilində ərazi yerləşir. Faktiki torpaq sahəsi 733 kv.m təşkil edir, torpaq sahəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Fərdi yaşayış sahəsində rekonstruksiya işləri aparılmış, əlavə sahələr inşa edilmişdir. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxslərin nümayəndələri iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportdan görünür ki, Bakı ş, Binəqədi qəs, Mədən-2, korpus 92, 350 saylı əmlaka dair iddiaçının atası S.İbrahimovun adına pasport tərtib edilmişdir. İmtina məktubunda qeyd edilir ki, torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisi olmaqla yaxınlığında neft quyusu yerləşir. Məktuba cavabda qeyd edilmişdir ki, Sazişə əsasən “X3” şirkətinin istifadə verilmiş ərazi hüdudları daxilindədir sahə, eləcə də ləğv olunmuş neft quyularının mühafizə zonası daxilində ərazi yerləşir. Faktiki torpaq sahəsi 733 kv.m təşkil edir, torpaq shaəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Notariat ofisinin məktubundan görünür ki, S.İbrahimovun vəfatı ilə əlaqədar iddiaçı tərəfindən elektron arayışın verilməsi barədə müracət olmuşdur. Müayinə aktından görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 733 kv.m təşkil edir. Yaşayış sahəsinə bitişik sahələr inşa edilmişdir. Perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Dövlət Neft Şirkətinin iddiaya münasibət xarakterli məktubunda qeyd edilir ki, ərazi Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş ərazi hüdudları daxilindədir, torpaq sahəsinin müxtəlif məsafələrində ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eləcə də həmin hüquqa dair məxsus olma barədə arayışın verilməsininin əsaslarından biri qimsində çıxış edir. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olubolmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən təqdim edilən həmin Pasport qüvvədədir, ləğv edilməmiş və qüvvədən düşməmişdir ki, həmin qərarın hüquqi nəticəsi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitusion hüququnun tərkib hissəsidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia olunan torpaq sahəsi Dövlət Neft Şirkətinin (Binəqədi OYL) ərazisi daxilində yerləşsə də, bu hal vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1984/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il qərarında qeyd edilmişdir ki, , mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında ‘‘X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – 2000-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1088 nömrəli sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 2000-ci il tarixli, 1088 nömrəli sərəncamına əsaslanır. həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. 2-1(102)-1608/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2- 1(102)-263/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, da oxşar mövqedən çıxış edilmişdir. 2-1(102)-1548/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan isə görünür ki, cavabdeh ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş nəzarətdə olan ərazilərə düşdüyünə istinadən müraciətin təmin edilməsindən imtina etmiş, iddianın təmininə dair apellyasiya instansiya məhkəməsinin qərarından üçüncü şəxs “X3” Şirkət tərəfindən verilmiş kassasiya şikayəti vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla qeyri mümkün hesab edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia olunan sahədə ləğv edilmiş neft quyularının olması, torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olması və Saziş əsasında üçüncü şəxsin istifadə verilməsinə dair dəlillər, nə qədər ki, iddiaçı tərəfindən göstərilən hüquqmüəyyənedici sənəd ləğv edilməmişdir ki, müraciətin təminini istisna edə bilməz. Eləcə də, faktiki torpaq sahəsi və yenidən qurma işlərinin aparılması, əlavə tikililərin inşası kimi imtina dəlillərinə münasibətdə də iddia tələbinə dəqiqləşmədən görünür ki, faktiki torpaq sahəsi, eləcə də hüquqmüəyyənedici sənəddə göstərilən fərdi yaşayış evi həmin xüsusiyyətlərə uyğun olaraq tələb dəqiqləşdirilmişdir ki, məhkəmə hesab edir ki, pasportda göstərilən xüsusiyyətlərə uyğun fərdi yaşayış evinə arayışın istənilməsinə sonradan hər hansı əlavələrin inşa edilməsi, rekonstruksiya edilmə maneə olmur. Belə ki, sənəd mövcuddur və həmin sənəd üzrə hüququn məxsusluğu tələb edilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, pasport və faktiki vəziyyət arasında iddiaçının məsuliyyət sferası ilə əlaqədar olmayan konfiqurasiya, perimetrik uyğunsuzluqlar da iddianın təminini istisna etməməkdədir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan ünvanda yerləşən ümumi sahəsi 60,4 kv.m olan, yaşayış sahəsi 44,3 kv.m olan fərdi yaşayış evinin və yerləşdiyi 733 kv.m olan torpaq sahəsinin üzərində hüququn (mülkiyyət) X1 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov