Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2213/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi, əmək pensiyasının bərpa edilməsi və tutulan pensiya məbləğinin geri qaytarılması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «əmək pensiyasının bərpa edilməsi və tutulan pensiya məbləğinin geri qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı İİ qrup əlil kimi uzun müddət pensiya almış, müvafiq yaş həddinə çatanda əlilliyə görə əmək pensiyasından yaşa görə pensiyasına keçirilmişdir. O vaxt əyanı təhsil aldığı müddət iş staji kimi hesablanmışdır. İddiaçının texnikum və institutda təhsil alması barədə əmək kitabçasında qeydlər aparılmış və təsdiq edilmişdir. Qısa bir müddət ərazində bu qanun dayandırılmışdır, hal-hazırda da bu qanun qüvvədədir. Bütün bunlara baxmayaraq, iddiaçının pensiyasının məbləği guya artıq hesablanmış və azaldılmışdır, onun aylıq əmək pensiyasından 65 manat tutulur. Aşağıdakıların nəzərə alınması xahiş olunur. İddiaçıya pensiya təyin olunanda əyani təhsili iş stajı kimi qəbul edilməsi, əyani təhsil aldığı müddət qüvvədə olub, təhsil müəssisə tərəfindən əmək kitabçasına yazılması və və təsdiq edilməsi, iddiaçının pensiyasının Respublika üzrə yaşa görə orta pensiyadan aşağı olmasını, əyani təhsilin iş stajı kimi qəbul edilməsi barədə qanunun müddəasının hal-hazırda da qüvvədə olması, 52 il iş stajının olmasını, qiymətlərin artması və infilyasiyanın artmasının vəziyyəti daha da çətinləşməsi. Göstərilənlərə əsaslanaraq, iddiaçının pensiyasının bərpa olunması və 2022-ci ilin mart ayından bu günədək əmək pensiyasından tutulan aylıq 65 manat məbləğin geri qaytarılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filailının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 yanvar 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı əmək pensiyasının bərpa edilməsi və tutulan pensiya məbləğinin geri qaytarılması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehdən 9 mart 2022-ci il tarixli ərizə ilə təhsil dövrünün onun sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının əmək pensiyası 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarla yenidən hesablanmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı vətəndaşın bu müraciətinə cavab olaraq ona 1 yanvar 2006-cı il tarixədək təhsil dövrü də nəzərə alınmaqla 37 il 8 ay sığorta stajına uyğun pensiya təyin edildiyini bildirmişdir. DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı 6 avqust 2022-ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya 1 iyul 2011-ci il tarixədək 37 il 8 ay sığorta stajına malik olduğu halda, 41 il 8 ay sığorta stajının hesablandığını bildirmiş, buna görə də 1.378,02 manat artıq ödəmənin müəyyən edildiyini qeyd etmişdir. Buna görə də iddiaçıya əmək pensiyasından 1 may 2022-ci il tarixdən 31 aprel 2024-cü il tarixədək 65.62 manat tutulmanın aparılması barədə məlumat verilmişdir. İddiaçı yenidən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraiət edərək, ona əmək pensiyasından tutulmanın aparılması barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. İddiaçının həmin müraciətinə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 1 sentyabr 2022-ci il tarixli **********9 nömrəli məktubla cavab verilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 mart 2013-cü il tarixdə qüvvədə olan tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək iddiaçının pensiyasının məbləği 1 yanvar 2020-ci il tarixdən 290,28 manata, 1 yanvar 2021-ci il tarixdən 323,37 manata, 1 yanvar 2022-ci il tarixdən 334,37 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, 1 sentyabr 1964-cü il tarixdən 27 fevral 1968-ci il tarixədək təhsil aldığı illər və 1 dekabr 1970-ci il tarixdən 10 noyabr 1972-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 37 il 8 ay sığorta stajı və 1 iyul 2007-ci il tarixdən 1 mart 2013-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2.882,88 manat, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 5 yanvar 2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 1 mart 2013-cü il tarixdən 1 dekabr 2013-cü il tarixədək 522,24 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (334,37 manat) dəyişiklik olmamışdır. Belə ki, iddiaçının təhsil dövrünün əyani yaxud qiyabi olduğunu dəqiqləşdirmək üçün DSMF tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş 02 dekabr 2022-ci il tarixli xx-xx- 2127/10 nömrəli məktuba əsasən İddiaçı 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “inşaat” fakültəsi üzrə əyani şöbəyə daxil olmuş, 26 dekabr 1975-ci il tarixdə əyanidən axşam şöbəsinə keçirilmişdir. 1979-cu ildə isə, Azərbaycan Mühəndis İnşaat İnstitutunun “inşaat” fakültəsinin axşam şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları»na əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il 1 yanvar tarixinədək olan dövr üzrə həm də əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir. Belə ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 dekabr 2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı 1 sentyabr 1973-cü il tarixdən 26 dekabr 1975-ci il tarixədək olan təhsil dövrləri nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 40 il sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 395,76 manat pensiya sığorta kapitalı üzrə əmək pensiyası yenidən hesablanmş, pensiyanın məblıği 342,79 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Eyni zamanda, iddiaçının 12 avqust 2022-ci il tarixli müraciətinə cavab olaraq, yaşa görə əmək pensiyasından tutulma ilə bağlı müvafiq olaraq DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilir ki, «Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən 1 yanvar 2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, DSMF-nin büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə İddiaçı **********1 nömrəli 6 avqust 2022-ci il tarixli məktubla məlumat verilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün tədbir görməmişdir. Göründüyü kimi, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qərar qəbul edilərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq, İPM-in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizələr təqdim edərək, iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun həmin Fondun Sosial Ödənişlərin Təyimatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və iddianın həcmi artırılaraq ilkin iddia tələblə yanaşı “cavabdehin 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsini” tələbinin də iddiaya əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin və iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə” 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarını mübahisələndirir və onun əmək pensiyasının bərpa olunması və aylıq əmək pensiyasından müvafiq məbləğlərdə tululmuş pul vəsaitinin geri qaytarılmasını tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məhkəmə icraatında müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən ona ödənilmiş pensiya məbləğindən “artıq ödəmə” qismində hissənin tutulması barədə ayrıca qərar, yəni hazırda mübahisə predmetini təşkil edən 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarın qəbulu “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissəsində «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Mübahisə predmeti olan olan 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarın “əmək pensiyasının yenidən hesablanması” hissəsi ilə bağlı məhkəmə vurğulayır ki, şəxs əyani formada təhsil almışdırsa, həmin təhsil müddəti, eləcə də işlədiyi müddətdə həm də axşam və ya qiyabi formada təhsil almışdırsa, onun yalnız işlədiyi müddət, ona sığorta stajı kimi hesablana bilər. Həmçinin qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərar “əmək pensiyasının yenidən hesablanması” hissəsində qanuni və əsaslı qiymətləndirilməli, iddia isə həmin hissə əsassız sayılmalıdır. Belə olan halda, iddia həmçinin “əmək pensiyasının bərpa olunması” hisssində əsaslı deyil. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa da, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini tam gözləmədən qəbul edildiyindən 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarın “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissədə qəbulu, habelə bu qərar əsasında iddiaçının əmək pensiyasından məbləğlərin tutulması hərəkətləri qanunsuzdur və bunun nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərar “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissəsində ləğv edilmılidir. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarı, əlverişsiz inzibati akt kimi “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissəsində ləğv olunduğu halda, qərarın həmin hissədə icra olunması nəticəsində iddiaçıdan tutulan pensiya məbləğləri də ona qaytarılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarı “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissəsində ləğv edilməli və cavabdeh tərəfindən həmin qərarın icrası üzrə İddiaçı əmək pensiyasından tutulmuş məbləğlər ona qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarı “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissəsində ləğv edilsin və cavabdeh tərəfindən həmin qərarın icrası üzrə İddiaçı əmək pensiyasından tutulmuş məbləğlər ona qaytarılsın. İddia qalan hissədə təmin edilməsn. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2213/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2213/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver