Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2213/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə (X8) qarşı doğum akt qeydi və övladlığa götürmə akt qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh 20 aprel 1991-ci il tarixli X4 doğum akt qeydinin ləğv edilməsi ilə yanaşı, həmçinin onun barəsində 24 aprel 1991-ci il tarixli övladlığa götürülməsi haqqında akt qeydinin ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Q.Məmmədov cavabdeh qismində ona qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia qaldırmışdır. Məhkəmənin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia ona münasibətdə təmin edilmiş müqavilə etibarsız hesab edilmiş və çıxarış ləğv edilmişdir. Məhkəmə gedişində müəyyən edilmişdir ki, Q.Məmmədovun doğum akt qeydi 03 aprel 1991-ci il tarixli, 24 aprel 1991-ci il tarixli övladlığa götürülməsinin dövlət qeydiyyatına alınmçasından sonra mümkün olmuşdur. Doğum haqqında şəhadətnaməsi isə doğum akt qeydi təqdim edildikdən sonra mümkün olmuşdur. Həmin sənədlər üçüncü şəxsə vərəsəlik mübahisəsi açmaq hüququ vermişdir, bu səbəbdən də onun maraqlarına toxunur. Belə ki, məhkəmə qətnaməsi əsasında hüquqlarından məhrum olunmuşdur ki, bu səbəbdən də adıçəkilən sənədlərin iddiaçı hesab edir ki, mübahisələndirmək hüququna malikdir. Q.Məmmədovun doğum haqqında şəhadətnaməsinin əsasında verildiyi doğum akt qeydində onun doğum tarixi 30 mart 1991-ci il tarixli silinərək 10 aprel 1991-ci il tarixə düzəliş edilmiş, atası X9 (Qüdrət sözü pozularaq) Musa yazılmış, atası 1938-ci il təvəllüdlü yazılmış, anası X1 və X11 düzəliş edilmiş, ana qrafasında 1974-cü il təvəllüd pozulmuş, 27 noyabr 1964-cü il düzəlişi edilmiş, daimi yaşayış yeri Sumqayıt şəhəri 1-ci MKR, ev13 qeyd edilmiş, qeyddə ananın imtina kağızı olması göstərilmişdir. Halbuki, həmin şəxsin atası qeyd edilmiş Y.Məmmədov adlı şəxs mövcud deyildir. 1937-ci il təvəllüdlü Yusif Musa oğlu adlı şəxs mövcuddur ki, o ana qrafasında qeyd edilmiş N.Məmmədova ilə 04 iyun 2005-ci il tarixdə nikaha daxil olmuşdur. Q.Məmmədovun övladlığa götürülməsinə dair sənədin tarixi 24 aprel 1991-ci il tarixlidir. Ata və ana hesab edilən şəxs isə nikaha 14 il sonra 2005-ci il tarixdə daxil olmuşdur. Övladlığa götürümə haqqında qeyd tərtib edildikdən sonra doğum haqqında şəhadətnamə təqdim olunduğu müəyyən edilmişdir. N.Məmmədova 1978-ci il tarixdə A.Həziyev ilə nikaha daxil olmuş, 1984-cü il tarixdə həmin nikah pozulmuş, 1988-ci il tarixdə C.Şaqenoviçlə nikah rəsmiləşdirilmiş, 1990-cı il tarixdə qeydə alınmışdır. Məktubda göstərilmişdir ki, Q.Məmmədovun övladlığa götürülməsi 1991ci il 24 aprel tarixində qeydə alınmış, Q.Məmmədov övladlığa götürülkdən sonra ata Y.Məmmədov, ana N.Məmmədova qeyd edilmişdir. Doğum haqqında şəhadətnamə, övladlığa götürülmə tarixi bir-biri ilə ziddiyyət təşkil edir. Belə olduğu təqdirdə müxtəlif illərdə nikahda olan N.Məmmədova üçüncü şəxsin anası olaraq başqa şəxslərlə nikahda olan Yusif Qüdrət oğlu ilə birlikdə həmin uşağı övladlığa götürməsi mümkünsüz idi. Belə ki, Yusif Qüdrət oğlu İ.Şuvarova ilə nikahı 02 iyun 2005-ci il tarixdə pozulmuşdur. 24 aprel 1991-ci il tarixdə övladlığa götürülmüş Q.Məmmədovun həmin sənəd əsasında akt qeydi 20 aprel 1991-ci il tarixdə ola bilməzdir. Odur ki, doğum akt qeydi ləğv edilməlidir. Cavabdeh etirazında qeyd etmişdir ki, ilkin qeydlərin ləğv edilməsi məhkəmə qətnaməsi əsasında icra edilir. İlkin akt qeydinin ləğv olunması məhkəmə tərəfindən həyata keçirildiyindən müraciətin təmin edilməsi mümkün olmamışdır. Q.Məmmədovun etirazı onunla əsaslandırılmışdır ki, Q.Məmmədov iddiaçıya qarşı ünvan 1 ünvanda yerləşə torpaq sahəsinin 1/4 hissəsinə onun və anası N.Məmmədovanın vərəsəlik hüququnu tanınması, əmisi Y.Məmmədovun vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus 1/4 hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı Yəhya Məmmədova verilmiş vərəsəlik şəhadətnaməsinin qismən 3/4 hissədə etibarsız hesab edilməsi, Yəhya məmmədovun adına aparılmış qeydin qismən 3/4 hissədə ləğv edilməsi, çıxarışın eyni nisbətdə ləğv edilməsi, həmin torpaq sahəsindən 0.429 ha hissədə İddiaçı satılması ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi İddiaçı oğlunun adına aparılmış qeydin tam silinməsi və çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmənin qətnaməsi əsasında Həmin qətnamədən və işin hallarında aydın olur ki, miras qoyan Q.Səlimova olmuşdur. Onun Musa adlı ərindən 5 övladı olmuş, bunlardan Yəhya Bala, İsa, Yaqub və Yusif adlı oğlan övladları da olmuşdur. Üçüncü şəxsd X2 övladıdır. İddiaçı isə İsa Musa oğlunun nəticəsidir, özü də atası Abas Ağa da sağdır. Torpaq sahəsi də ona vərəslik yolu ilə deyil alqı-satqı əqdi ilə əldə etmişdir. O alqı-satqı müqaviləsini saxta sənədlərlə vərəslik işi açdıran və digər vərəsələrdən xəbərsiz mülki haqsızcasına öz adına rəsmiləşdirən X14 almışdır ki, məhkəmə tərəfindən həmin əqd etibarsız hesab edilmişdir. Göründüyü kimi İddiaçı vərəsə deyildir və bu səbəbdən də iddia qaldırmağa hüququ yoxdur. Vərəsəlik dərəcəsi növbəliliyinə görə ondan öncə varislər mövcuddur ki, bu səbəbdən vərəsəlik mübahisəsinsə heç bir aidiyyəti yoxdur. Vərəsəlik işinə hər hansı təsir mövcud olmayacaqdır, belə ki, üçüncü şəxsin atası/atalığı tərəfindən vəsiyyət qoyulmuşdur və Q.Məmmədov vəsiyyət üzrə vərəsədir. İddiaçı əmlakı uydurma alqı-satqı müqaviləsi əsasında adına keçirmişdir. Halbuki, vəsiyyət qoyulmuşdur ki, bu vəsiyyət qohum olmayan şəxslərə belə verilə bilər. Bu səbəbdən də doğum akt sənədinin mübahisələndirilməsi vərəsəliklə bağlıdırsa onun hüququna toxunmayacaqdır, belə ki, üçüncü şəxs vəsiyyət üzrə vərəsədir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: X3 Reyestri Xidmətinin məktubunda qeyd edilmişdir ki, informasiya sistemində Q.Məmmədovun atalığının müəyyən edilməsi haqqında məlumat aşkar edilməmişdir. N.Məmmədova 26 oktyabr 1988-ci il tarixdə C.Şaqenoviçlə nikaha daxil olmuşdur. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş X3 Reyestri Xidmətinin əhalinin dövlət reyestrindən çıxarışda üçüncü şəxsin anası N.Məmmədova olaraq göstərilmiş, ata adı X9 göstərilsə də, ona dair hər hansı digər məlumat (doğum tarixi, ailə vəziyyəti, doğulduğu yer, ünvanı bilinmir qeydi ilə) göstərilməmişdir. Üçüncü şəxsin doğum haqqında akt qeydində ata qrafasında X15 göstərilmiş, həmin şəxsin təvəllüdü 1938-ci il kimi göstərilmişdir. Sabunçu Rayon Məhkəməsinin qətnaməsində təqdim edilən sənədlərə istinad edilməklə qeyd edilmişdir ki, 19 may 2004-cü il tarixli vəsiyyətnamə əsasında Yusif Musa oğlu ölən günədək bütün əmlakını Q.Məmmədova vəsiyyət etmişdir. Yusif Musa oğlu 31 dekabr 1937-ci il təvəllüdlü olmaqla 13 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Həmin şəxslə Məmmədova Nailə arasında rəsmi nikah 04 iyun 2005-ci il tarixdə bağlanılmışdır. Həmin şəxslər 1990-cı il tarixdən birgə yaşamış, Q.Məmmədov da anası ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Vərəsəlik hüquqi haqqında şəhadətnamədən görünür ki, Q.Səlimovanın vəfatı ilə əlaqədar Y.Məmmədov mirasdan tam irs almışdır. Miras əmlakın bir hissəsi mülkiyyə dövriyyəyə əsasən sonda bağlanılmış alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına qeydiyata alınmışdır. Qətnamədə qeyd edilmişdir ki, Qüdrət Məmmədov notarius tərəfindən artıq vərəsə kimi tanındığından və bununla bağlı hər hansı mübahisə olmadığından iddia tələbi Yaqub Məmmədova məxsus 1/4 hissəyə vəsiyyət üzrə vərəsəsi olaraq iddiaçı Q.Məmmədovun vəsərəlik hüququnun tanınması hisəssində rədd edilməlidir. Qətnamə əsasında isə iddia tələbi qismən təmin edilərək İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasına əsas olmuş alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, çıxarış ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, Yusif Musa oğlu vəfat etdiyindən onun birinci növbə üzrə vərəsəsi övladı və arvadı Yusif Musa oğluna çatacaq miras əmlakda paylar müəyyən edilməlidir. Vəsiyyətnamədən görünür ki, Yusif Musa oğlu X6 əmlakını vəsiyyət etmişdir. Övladlığa götürmə barədə akt qeydindən görünür ki, X8 övladlığa götürülmüşdür. Cavabdeh 16 noyabr 2023-cü il tarixli məhkəmə sorğusuna əsasən təqdim etdiyi məktubdan görünür ki, doğum haqqında akt qeydində ata haqqında məlumatlar ananın sözləri ilə qeyd edilmiş, Y.Məmmədov və N.Məmmədovanın nikahı və ya atalığın müəyyən edilməsinə dair qeyd aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə isə, hesab edir ki, üçüncü şəxsin doğum haqqında akt qeydinin ləğv edilməsi hissəsində iddiaçının məhkəməyə müraciət edilməsinə əsas ola biləcək hüquqi marağı mövcud olmamışdır. Belə ki, işin faktiki hallarından, eləcə də cavabdehin məhkəmə sorğusuna əsasən təqdim etdiyi 16 noyabr 2023-cü il tarixli məhkəmə sorğusuna əsasən təqdim etdiyi məktubdan görünür ki, doğum haqqında akt qeydində ata haqqında məlumatlar ananın sözləri ilə qeyd edilmiş, Y.Məmmədov və N.Məmmədovanın nikahı və ya atalığın müəyyən edilməsinə dair qeyd aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin: 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. “X3 dövlət qeydiyyatı Qaydası”nın: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; İşin faktiki hallarından göründüyü kimi iddiaçı üçüncü şəxsin atasının Yusif Musa olmamasına istinad edərək hazırkı iddianı qaldırmış və qaldırılan iddianın subyektiv əsası qismində isə üçüncü şəxsin atasının Yusif Musa oğlu olmasına istinad edilərək məhkəmə qətnaməsi əsasında onun mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və onun verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə istinad etmişdir. Halbuki, iddiaçı nəzərə almamışdır ki, üçüncü şəxsin doğum haqqında akt qeydində ata qrafası haqqında məlumatlar Qaydaların 2.8.3-cü maddəsindəki formada yazılmışdır. Maddənin tələbindən də göründüyü kimi uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Hazırkı iş üzrə də üçüncü şəxsin doğum akt qeydində və şəhadətnaməsində ata haqqında göstərilən məlumatlar cavabdehin təqdim etdiyi 16 noyabr 2023-cü il tarixli məktubdan da göründüyü kimi məhz ananın göstərişi əsasında yazılmışdır. Qeyd olunan səbəbdəndir ki, Əhalinin Dövlət Reyestrindən çıxarışda da üçüncü şəxsin atası haqqında məlumat qrafasında X9 ad,soyad və ata adı istisna edilməklə doğum tarixi, ailə vəziyyəti, doğulduğu yer, ünvan və s məlumatlar bilinmir qeydi ilə təqdim edilə bilməmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarından məhkəmə qətnaməsi əsasında məhrum edilməsinin əsası qismində üçüncü şəxsin doğum haqqında akt qeydini mübahisələndirilməsinə hüquqi marağı mövcud olmamış, atasının Yusif Musa oğlu olmamasına istinad edilməklə doğum haqqında akt qeydinin mübahisələndirilməsinə münasibətdə məhkəmə araşdırması ilə doğum haqqında qeydində ata haqqında məlumatların ananın sözləri ilə yazıldığı müəyyən edilmişdir ki, qeyd olunan səbəbdən məhkəmə hesab edir ki, doğum akt qeydinin mübahisələndirilməsinə münasibətdə iddiaçının hər hansı hüquqi marağı ümumiyyətlə mövcud olmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən övladlığa götürmə haqqında akt qeydinin mübahisələndirilməsi də həyata keçirilmişdir ki, məhkəmə hesab edir ki, iddia həmin hissə üzrə də mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər iddiaçının övladlığa götürülmə barədə akt qeydinin ləğv edilməsinə dair qeyd olunan tələblə bağlı cavabdehə rəsmi olaraq müraciət edilməmişdir. Bundan əlavə, məhkəmə istər doğum haqqında akt qeydinin, istərsə də övladlığa götürmə haqqında akt qeydinin mübahisələndirilməsi ilə bağlı subyektiv hüququn mövcud olmaması baxımından aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Göründüyü kimi iddiaya mahiyyəti üzrə baxılması onun mümkünlük şərtlərinin ödənilməsindən asılıdır ki, iddiaçının iddia qaldırmasına münasibətdə subyektiv hüquqa malik olması da iddianın mümkünlük şərti qismində çıxış edir. Lakin, hazırkı iş üzrə iddiaya münasibətdə ümümi mümkünlük şərti kimi iddiaçının subyektiv hüquqa malik olmalı olması ilə bağlı şərt ödənilmir. Belə ki, işin faktiki hallarından, eləcə də mülki icraat qaydasında baxılan iş üzrə məhkəmənin müəyyən etdiyi hallardan, həmin iş üzrə şahid ifadələrindən, eləcə də təqdim edilən sənədlərdən göründüyü kimi üçüncü şəxs anası N.Məmmədova və Yusif Musa oğlu ilə birlikdə birlikdə yaşamış, faktiki və sonradan ailə münasibətləri tərəflər arasında mövcud olmuş, Yusif Musa oğlu öz əmlakını oğlum qeydi ilə X6 vəsiyyət etmişdir. Onun sağlığı dövründə nə doğum haqqında akt qeydi, nə övladlığa götürmə barədə akt qeydi mübahisələndirilməmiş, faktiki olaraq Yusif Musa oğlunun şəxsiyyəti ilə birbaşa bağlı olan, onun maraqlarına aid ola biləcək hallar mübahisələndirilməmişdir ki, həmin halların şəxsin vəfatından uzun illər sonra əmlak mübahisəsi üzrə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilməsi hüququ məhkəmə hesab edir ki, mümkünlük şərtinin ödənilməsi baxımından mümkün sayılmamalıdır. Əks halda vərəsəlik işi üzrə bütün işlərdə vərəsə və vərəsələr dairəsinə daxil olan şəxslərin qohumluq faktının biolojik xüsusiyyətlər nəzərə alınmaqla mübahisələndirilməsi imkanı kimi bir hal yaranmış olacaqdır ki, məhkəmə hesab edir ki, mübahisənin həlli yolu qohumluq faktını müəyyən edən akt qeydlərinin mübahisələndirilməsi çıxış etməməlidir. İşin faktiki hallarından isə göründüyü kimi Yusif Musa oğlu üçüncü şəxsi vərəsəsi qismində tanımış, doğum akt qeydi və övladlığa götürmə barədə akt qeydini mübahisələndirməmiş, Q.Məmmədovun atası olubolmamasını və ya övladlığa götürüb-götürülməməsini mübahisələndirməmişdir ki, məhkəmə hesab edir ki, iddiaçının da həmin halı mübahisələndirməsinə hər hansı subyektiv hüququ mövcud olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2213/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2213/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver