Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2213/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək «TOYOTA PRİUS (HİBRİD)» markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin nəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı məxsus «TOYOTA PRİUS (HİBRİD)» markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin adıma rəsmiləşdirilməsinə köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət etmiş, ərizəmə aşağıdakı məzmunda cavab verilmişdir: «Bildiririk ki, qeyd olunan «TOYOTA PRİUS (HİBRİD)» markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması və qeydiyyat şəhadətnaməsində ******* nömrəli mühərrik qeyd olunduğu halda üzərində U158097 nömrəli mühərrikin aşkar olunması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər». xx.xx.2023-cü il tarixdə saat 15:02 radələrində X2 idarə etdiyi Toyota markalı, **-EA-*** d.n.nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsində sola dönmə əməliyyatı həyata keçirdiyi zaman əks istiqamətli yolda hərəkətdə olan Mercedes markalı avtomobil ilə toqquşmuş və nəticədə baş vermiş zərcirvari YNH-si zamanı X1 idarə etdiyi Toyota Prius markalı, **-FN-*** d.n.nişanlı avtomobildə qabaq hissəsindən zədələnmişdir. Qeyd etdiyi avtomoblin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması və mühərrikin U158097 nömrəli olması ilə bağlı AR DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən geniş araşdırma aparılmışdır və hər hansı bir qanunsuz hərəkət aşkar edilməmişdir. Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək “«TOYOTA PRİUS (HİBRİD)» markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının adına qeydiyyata alınması və şəhadətnamə verilməsinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi”ni xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İşə əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-FN-*** dövlət nömrə nişanlı, BAN JTDKB20U183424590, mühərrik ******* olan «Toyota Prius (Hibrid)» minik markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Şəhər Polis İdarəsi xx.xx.2024-cü il tarixli məktubla Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində toplanmış HK-1921/24 nömrəli material üzrə qəbul edilmiş qərarın surətini məhkəməyə göndərmişdir. Həmin məktubla göndərilmiş Sumqayıt ŞPİ-nin TŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş «Toyota Prius» minik markalı, **-FN-*** dövlət nömrə nişanlı avtomobillə bağlı toplanmış materialın təsdiq olunmuş surətindən görünür ki: - Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən xx.xx.2023-cü il tarixdə saat 15:02 radələrində X2 idarə eldiyi Toyota markalı, **-EA-*** d.n.nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsində sola dönmə əməliyyatı həyata keçirdiyi zaman əks istiqamətli yolda hərəkətdə olan Mercedes markalı avtomobil ilə toqquşmuş və nəticədə baş vermiş zərcirvari YNH-si zamanı X1 idarə etdiyi Toyota Prius markalı, **-FN-*** d.n.nişanlı avtomobildə qabaq hissəsindən zədələnmişdir. Faktla bağlı hal-hazırda Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli tədqiqat haqqında arayışda göstərilmişdir ki, «Toyota Prius (Hibrid)» minik markalı, baxış zamanı üzərində **-FN-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «JTDKB20U183424590» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin ban nömrəsinin sağ və sol tərəflərində qaynaq işlərinin izləri aşkar edildi. Avtomobildə zavod lövhəsinin (birka) üzərində ban nömrəsini göstərən «JTDKB20U183424590» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin aşağı tərəfində lövhə üzərində ban nömrəsini göstərən «JTDKB20U183424590» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «1NZ U158097» hərf və rəqəmlər zavod usulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Mühərrik nömrəsində olan «1NZ» hərf və rəqəmlər mühərrikin modelini (tipi), «U158097» hərf və rəqəmlər isə mühərrikin nömrəsini bildirir. Lakin təqdim edilmiş nəqliyyat vasitəsinin «BA233253» nömrəli qeydiyyat şəhadətnaməsinin surətində mühərrik nömrəsi - «5064744» qeyd olunduğu halda faktiki olaraq təqdim edilmiş avtomobildə «1NZ U158097» nömrəli mühərrik aşkar edildi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan «TOYOTA PRİUS (HİBRİD)» markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması və qeydiyyat şəhadətnaməsində ******* nömrəli mühərrik qeyd olunduğu halda üzərində U158097 nömrəli mühərrikin aşkar olunması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, «TOYOTA PRİUS (HİBRİD)» markalı, Xetçbek tipli, ******* mühərrik nömrəli, JTDKB20U183424590 ban nömrəli, qara rəngli, 2008-ci il buraxılışlı avtomobili İddiaçı adına 2022-ci il tarixdə qeydiyyata alınmış, avtomobilə **-FN-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir.Avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması və qeydiyyat şəhadətnaməsində ******* nömrəli mühərrik qeyd olunduğu halda üzərində U158097 nömrəli mühərrikin aşkar olunması səbəbilə avtomobilin təkrar qeydiyyat hərəkətlərinin həyata keçirilməsindən imtina edilmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilməlidir ki, qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən ban nömrəsi vurulması nəzərdə tutulan hissədə ban üzərində stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Avtomobilin zavod lövhəsi (birka) avtomobilin ban nömrəsi olduğu halda ban nömrəsi göstəricilərini eyniləşdirməklə təkraredici göstəricidir. Bu halda zavod lövhəsi üzərində olan göstəriciləri avtomobilin stasionar göstəricisi ilə eyniləşdirmək mümkün deyildir. Qeyd edilən halları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq avtomobilin izlənilən detallarında müdaxilə edilmədiyi, avtomobilin izlənilən detalları üzərində olan nömrələrin zavod üsulu ilə vurulduğu və bir-biri ilə eynilik təşkil etməklə tamamladıqları, avtomobilin və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən sübutlar aşkar olunmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Belə ki, qeyd edilən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, «TOYOTA PRİUS (HİBRİD)» markalı, Xetçbek tipli, ******* mühərrik nömrəli, JTDKB20U183424590 ban nömrəli avtomobilin sənədlərindən görünür ki, avtomobil 2008-ci il buraxılışlı olmaqla 2022-ci ildə iddiaçının dövlət qeydiyyata alınaraq qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil qabaq tərəfindən vurulmuş, təmirdən sonra avtomobillə bağlı təkrar qeydiyyat hərəktləri aparılarkən keçirilən ekspertiza tədqiqatı zamanı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş JTDKB20U183424590 hərf və rəqəmlərin zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu müəyyən edilmişdir. Bundan əlavə avtomobilin ban nömrəsi həkk vurulması nəzərdə tutulan hissədəki ban nömrəsi ilə avtomobilin digər hissələrində olan ban nömrələri ilə eynilik təşkil edir. Belə ki, avtomobilin zavod lövhəsi üzərində avtomobilin ban nömrəsini göstərən «JTDKB20U183424590» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu, avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən «JTDKB20U183424590» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterik olduğu müəyyən olunmuşdur. Lakin eyni zamanda təqdim edilmiş nəqliyyat vasitəsinin «BA233253» nömrəli qeydiyyat şəhadətnaməsinin surətində mühərrik nömrəsi - «5064744» qeyd olunduğu halda faktiki olaraq təqdim edilmiş avtomobildə «1NZ U158097» nömrəli mühərrik aşkar edilməsi müəyyən olunmuşdur ki, bu hal da avtomobilin dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsinin iştirakçısı, avtomobilə ziyan dəyməsi və nəticə etibarı ilə avtomobilin detalının dəyişdirilməsi zərurəti ilə bağlı olmuşdur. Göründüyü kimi avtomobilin ban nömrəsi əks olunmuş hissənin ətrafında qaynaq işləri aparılsa da həmin nömrə ilə ban nömrəsi əks olunan digər hissələrdəki nömrələr eynilik təşkil etməklə, hərf və rəqəmlər standar hərf və rəqəmlərə xarakterikdur və zavod üsulu ilə vurulmuşdur. Beləliklə, avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «TOYOTA PRİUS (HİBRİD)» markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması və şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. «TOYOTA PRİUS (HİBRİD)» markalı **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması və şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2213/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2213/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver