Məhkəmə qərarları › İş №2-1(112)-2214/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2214/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2214/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə Ermənistan SSR, Sisyan rayonunda doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin şəhadətnaməsi Ermənistan Respublikasında qalmış və bu baxımdan doğum akt qeydinin bərpa olunması ilə bağlı Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin qurum 17 avqust 2021-ci il tarixli məktub ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsinin təmin edilməsinin qeyri-mümkün olduğunu bildirmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 07.09.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona aid doğum akt qeydinin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “İddiaçı aid doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək işin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsiyyət vəsiqəsini doğum haqqında şəhadətnamənin deyil, SSRİ pasportu əsasında almışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Ermənistan Respublikası, Sisiyan rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 17 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün iddiaçının ərizəsi təmin edilməmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 23.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barədə “Vətəndaş. vəziyyəti aktları” X1 Sistemi üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir; Binəqədi rayon Polis İdarəsinin 02.10.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 20.07.2010-cu ildə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması imkanları xaricindədir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə qeyd edir ki, qanunverici inzibati məhkəmə icraatına akt qeydlərinin bərpa edilməsini yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərdən asılı etmişdir. Digər hallarda müvafiq akt qeydi məhkəmə qətnaməsinə əsasında bərpa edilir. Məhkəmə qətnaməsi dedikdə isə, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə mülki məhkəmə icraatı qaydasında qəbul edilən məhkəmə aktıdır. Həmçinin nəzərə alınmalıdır ki, qeyd edilən maddə doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilmə faktı ilə bağlıdır. Hazırkı iş üzrə iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olmasını təsdiq edən sənədlər olmadığından iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi hazırkı icraatda mümkün deyildir. Başqa sözlə, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının şəxsiyyət vəsiqəsi də həmin qəbildən olan sənəd kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının özünün də təsdiq etdiyi kimi, şəxsiyyət vəsiqəsini doğum haqqında şəhadətnaməsinin əsasında almamışdır və iş materiallarında olan iddiaçının fərdi uçot kartoçkasının surətində də iddiaçının doğum haqqında şəhadətnaməsinə istinad olunmamışdır. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarının 4-cü bəndində əks olunan hüquqi mövqeyinə uyğun olaraq izah edir ki, iddiaçının doğum haqqında akt qeydi yalnız doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq (rayon (şəhər)) məhkəməsinin qətnaməsi əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar