Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2215/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin nümayəndələri X1 və X5 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra DSMF Sabunçu rayon şöbəsi) qarşı “yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilərək, ləğv edilməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1973-cü ildə Bakı şəhəri X2 35 saylı mağazada böyük satıcı kimi başlamış, xx.xx.2002-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Onun xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrdə 10 il 20 gün əmək stajına daxil edilməklə əmək kitabçasında qeyd edilmişdir. Qeyd edilən sənədi və əmək kitabçasını DSMF-nin Sabunçu rayon şöbəsinə təqdim etməsinə baxmayaraq, həmin orqan xx.xx.2019-cu il tarixli məktubla təqdim etdiyi kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığından həmin dövrün sığorta stajına daxil edilmədiyini, yoxlanıldıqdan sonra əmək pensiya hüququna yenidən baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsi məhkəməyə təqdim etdiyi **********8 №li xx.xx.2020-ci il tarixli iddia ərizəsinə dair etirazda göstərmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən DSMF-nin Sabunçu rayon şöbəsinin nümayəndələri-X3 və X6 ayrı-ayrılıqda iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Sabunçu RPİ tərəfindən xx.xx.2011-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus 25 avqust 1973-cü il tarixli əmək kitabçasının tərcümə olunmuş və notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozuna müvəqqəti olaraq fəhlə (Əmr № 12 14.08.73-cü il; Əmr № 13 xx.xx.1974-cü il); xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozunda fəhlə (Əmr № 69 19.06.74-cü il; Əmr № 100 xx.xx.1974-cü il); xx.xx.1975-ci il tarixdə Zavod Bakqazaparatda sahəyə sazlayıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 9k, xx.xx.1975-ci il), xx.xx.1975-ci il tarixdə 1-ci dərəcəli sazlayıcı verilmiş (Əmr № 44k, xx.xx.1975-ci il), xx.xx.1975-ci il tarixdə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 81k, xx.xx.1975-ci il), Lenin RHK tərəfindən verilmiş H3 89966 saylı hərbi biletə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər orduda hərbi xidmət çəkmiş, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu X4 Sahə ticarət birliyinə 44 saylı mağazaya kiçik satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 38, xx.xx.1978-ci il), xx.xx.1979-cu il tarixdə 15 saylı mağazaya keçirilmiş (Əmr № 178, xx.xx.1979-cu il), xx.xx.1980-cı il tarixdə Univermağın ayaqqabı şöbəsinə müdir vəzifəsinə keçirilmiş (Əmr № k-0094, xx.xx.1980-ci il), xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (Əmr № 118, xx.xx.1982-ci il). xx.xx.1982-ci il tarixdə Abşeron rayonu X4 Sahə ticarət birliyinə maddi məsuliyyətli əvəzedici satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № k-164, xx.xx.1982-ci il), xx.xx.1984-cü il tarixdə 35 saylı mağazaya maddi məsuliyyətli satıcı keçirilmiş (Əmr № k-08, xx.xx.1984-cü il), xx.xx.1986-cı il tarixdə Tarif-ixtisas komissiyasının protokoluna əsasən baş satıcı adı verilmiş (Əmr № k-134, xx.xx.1986-cı il), xx.xx.1991-ci il tarixdə 35 saylı mağazanın baş satıcısı – mağaza satıcısı vəzifəsinə keçirilmiş (Əmr № P-132k, xx.xx.1990-cı il), xx.xx.1992-ci il tarixdə 35 saylı mağazaya baş satıcı vəzifəsinə keçirilmiş (Əmr № 248-k, xx.xx.1992-ci il), xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № 12-k, xx.xx.2002-ci il). - NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1977-cı ildə Bakı şəhəri Lenin (hazırda Sabunçu) RHK-da qeydiyyata alınmışdır. - DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********0 saylı məktubunda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu, pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajının yoxlanılması mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmiş, yoxlanıldıqdan sonra əmək pensiya hüququna yenidən baxılacaqdır. - Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, H-103 nömrəli cavab məktubunda Abşeron rayonu X4 Sahə ticarət birliyinin sənədlərinin saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi, Abşeron rayon X8 saxlanılan Abşeron rayonu X9 Cəmiyyətinin 1992-2002-ci ilin əmrlər kitabında İddiaçı adının aşkar edilmədiyi göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********82 saylı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Abşeron rayonu X4 Sahə ticarət birliyi barədə Komitədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajının yoxlanılmasının mümkün olmadığı üçün həmin dövrü sığorta stajına daxil edilmədiyi qeyd olunmuşdur. Yəni ərizənin təmin edilməməsinin əsas səbəbi kimi xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajının yoxlanılmasının qeyri-mümkün olması göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının sığorta stajının xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək olan dövrə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-xx.xx.2002-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Eynilə, iddiaçının hərbi xidmətdə olduğu dövr də onun əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 27 (iyirmi yeddi) il, 5 (beş) ay 6 (altı) gün iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, xx.xx.1992-xx.xx.2002-ci illərdəki əmək fəaliyyəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğundan qanunun qeyd edilən normasının tələbinə əsasən iddiaçının 63 yaş 6 aydan yaşa görə əmək pensiyası almaq hüququ yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 1992-2002-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2215/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2215/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver