Məhkəmə qərarları › İş №2-1(112)-2216/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2216/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2216/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın ödənilməyən məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 01.03.2007-ci ildən 15.05.2019-cu ilə qədər pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11.11.1993-cü ildən 24.09.1995-ci ilədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir. Lakin ona Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı olmadığı üçün düzgün olmayaraq 2007-ci ildə 2-ci qrup müddətsiz ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. Sonradan ona 02.11.2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəlik haqqında qərar verilmişdir və xəstəliyi “Hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır“ səbəb əlaqəsi təyin edilmişdir. Xəstəliyinin səbəb əlaqəsini dəyişdirilməsi üçün 15.05.2019-cu il tartixdə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sənədləri təqdim etmişdir, xəstəliyinin səbəb əlaqəsi dəyişdirilmiş və Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən ona 391.40 manat pensiya təyin edilmişdir. Beləliklə 01.03.2007-ci ildən 15.05.2019-cu ilə qədər fərq məbləğinin tam şəkildə birdəfəlik ona qanunla ödənilməsi mümkündür. Cavabdeh tərəfindən ona yazılan imtina məktubu tam əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçının adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsindən 10.07.2019-cu il tarixdə "məlumat vərəqi” daxil olmuş və qanunvericiliyə uyğun olaraq əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçı 01.03.2007-ci il tarixdən 15.05.2019-cu il tarixədək fərq məbləğinin ödənilməsini tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən - “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2. - “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3-cü maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən əlil, sağlamlıq imkanları məhdud şəxs təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edilərsə, əmək pensiyasının verilməsi yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edildiyi gündən bərpa edilir. Əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi “Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarış”ında qeyd edilir. Və həmçinin həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir. Belə ki, iddiaçıya ilkin olaraq qanunamüvafiq olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilənləri nəzərə alara iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə ünvanlandığı ərizədə iclasların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1598 №-li, 02.11.2018-ci il tarixli qərarından görünür ki, Qazax RHK tərəfindən 1993-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-ci ilin dekabr ayında aldığı və 26.10.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sağ dirsək oynağının arxa bayır səthində bir ədəd, sağ budun aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Qazax rayon şöbəsinin 29.10.2018-ci il tarixli 796 nömrəli göndərişi, 29.10.2018-ci il tarixli, 570 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 26.10.2018-ci il tarixli, 615 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 01.12.2019cu il tarixli çıxarışdan görünür ki, İddiaçı 15.05.2019-cu il tarixdən “Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaları nəticələri, Durğunluq ürək çatmamazlığı, İİ dərəcə. Kəllə daxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin astenonevrotik sindromş Ürəxroniki işləmik xəstəliyi, İİ-ci dərəcə” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” qeyd olunmuşdur. - İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı 15.07.2019-cu ildə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən cavabdehə 29.06.2019-cu il tarixli, MN-12127 nömrəli məlumat vərəqəsi ünvanlanmışdır. Cavabdehin **********0 №-li, 16.08.2019-cu il tarixli qərarına əsasən İddiaçı əlilliyə görə 15.05.2019-cu ildən 391,40 manat pensiya təyin edilmişdir. - Cavabdeh tərəfindən iddiaçının 17.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verilmiş 28.09.2020-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, 15 iyul 2019-cu il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin (hazırki adı Suraxanı rayon xidmət nümayəndəliyi) 9 avqust 2019-cu il tarixli, **********7 nömrəli məktubunda ona əmək pensiyasının 31 iyul 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 29 iyun 2019cu il tarixli, MN-12127 nömrəli məlumat vərəqəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə təminat xərcliyini (489,25 manat) 80 faizi - 391,40 manat məbləğində pensiya təyin edilmişdir. Mərkəzi Filiala təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyin 15 may 2019-cu il tarixində təyin olunması müəyyən edilmişdir. Bununla əlaqədar aldığı pensiya qanuna müvafiq olaraq həmin tarixdən sonrakı dövr üçün yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 549,53 manat fərq məbləği 2019-cu ilin avqust və sentyabr aylarında hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2007-ci ildən ikinci qrup ümumi xəstəlikdən əlil olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 15.05.2019-cu il tarixdə əlilliyin səbəbli əlaqəsi dəyişdirilmiş, ona əlillik səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” qeyd olunmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 15.07.2019-cu ildə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan Müdafiə Nazirliyinin məlumat vərəqəsinin nəzərə almaqla **********0 №-li, 16.08.2019-cu il tarixli qərara əsasən ona əlilliyə görə 15.05.2019-cu ildən təminat xərcliyinin 80 faizi nəzərə alınmaqla 391,40 manat əmək pensiyası təyin etmişdir. Hazırda iddiaçı ona 01.03.2007-ci ildən 15.05.2019-cu ilə qədər pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini tələb edir və bunu Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı olmadığı üçün düzgün olmayaraq 2007-ci ildə 2-ci qrup müddətsiz ümumi xəstəliklə əlaqədar əlillik təyin edilməsi ilə əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 20.16-cı maddəsinin tələblərinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi; 20.16.2. İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə—35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. - 20.1.12-ci maddəsinə əsasən bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Müddəaların tələblərindən göründüyü kimi, hərbi qulluqçulardan olan əlillərə müvafiq təminat xərcliyinin müxtəlif faiz nisbəti ilə pensiyanın ödənilməsi müəyyən olunmuşdur. Qanunun 20.16.1 və 20.16.2-ci maddələri arasında olan fərq hərbi qulluqçuların əlilliyinin səbəb əlaqəsi xidməti vəzifələri yerinə yetirməklə və ya xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan halla əlaqələndirilmişdir. Şəxsin müraciətinə uyğun olaraq əlilliyə görə əmək pensiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün təyin edilir. İşin hallarına görə iddiaçıya ilk əvvəl təyin edilmiş əlilliyinin səbəb əlaqəsi xidməti vəzifələrin yerinə yetirməklə bağlı olmayan halla, yəni ümumi xəstəliklə əlaqələndirildiyindən ona hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməmişdir. 15.05.2019-cu ildə aparılmış yeni müayinənin nəticəsi olaraq iddiaçıya verilən əlilliyin səbəbli əlaqəsi dəyişdirilmiş, onun əlilliyi ikinci dərəcə ilə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik» kimi qiymətləndirilmişdir. Həmin müayinəyə dair zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»sində aşağıdakılar müəyyən edilmişdir: - 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra — TSEK) tərəfindən həyata keçirilir; - 1.6-ci bəndinə əsasən, TSEK tərəfindən (...) hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, (...) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.26-ci bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Müddəaların tələblərindən göründüyü kimi, hərbi qulluqçulara münasibətdə hərbi həkim ekspertizasının müvafiq göndərişi əsasında TSEK-də əlilliyin qiymətləndirilməsi həyata keçirilir və müvafiq müayinə olunduqda sonra şəxsin əlilliyi müəyyən edilir. Əmək pensiyasının alınması üçün şəxsin təqdim etdiyi sənədlər onun həm əlil olmasını və əlilliyin bilavasitə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu sübuta yetirməlidir. Şəxsin əlilliyinin müəyyən ediməsinin tarixi TSEK-in qərarının qəbul edildiyi tarix hesab olunduğundan, məhz həmin tarixdən şəxsin əmək pensiyanın alınması hüququ yaranmış olur. Hərbi qulluqçunun istinad edilən Qanunun maddəsində nəzərdə tutulmuş əlilliyin yaranmasına əsas olmuş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı, 29 fevral 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 7.2-ci maddəsinə görə, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AESdə qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Beləliklə, hərbi qulluqçunun travmanın alınması ilə bağlı əlilliyi müəyyən olunarkən, hərbi-həkim komissiyası tərəfindən istinad edilən Əsasnamənin 7.2-ci maddəsinin “c” və “ç” bəndlərində nəzərdə tutulmuş qəbul edilən qərarların fərqi onunla bağlıdır ki, bir halda şəxsin hərbi xidmət vəzifələrini yerinə yetirərkən travmanın alınması (“c” bəndi), digər halda isə travmanın hərbi xidmət dövründə, lakin xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmadan alınmasını nəzərdə tutmuşdur. İşin hallarına görə iddiaçıya əlilliyinin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır“ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1598 №-li, 02.11.2018-ci il tarixli qərarı qəbul edilmişdir. Qeyd edilmiş əsasla Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ikinci dərəcəli əlillik təyin olunarkən onun səbəb əlaqəsi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” müəyyən edilmişdir ki, bu hal iddiaçının əmək pensiyasının yuxarıda istinad edilmiş Qanunun 20.16.1-ci maddəsinin tələblərinin cavabdeh tərəfindən həmin tarixdən etibarən tətbiqini mümkün etmişdir. İddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi cavabdeh inzibati orqanın qəbul etdiyi qərarının qanunsuz hesab olunması üçün hüquqi əsası kimi qiymətləndirilə bilməz. Çünki qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, cavabdeh tərəfindən müvafiq pensiya məbləğinin təyin edilməsini zəruri edən şərtlər daxilində və onlara müvafiq olaraq təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi, şəxsin əlilliyinin müəyyən ediməsinin tarixi TSEK-in qərarının qəbul edildiyi tarix hesab olunduğundan, məhz həmin tarixdən şəxsin müvafiq pensiya məbləğinin alınması hüququ yaranmış olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 15.05.2019-cu il tarixdə müddətsiz ikinci dərəcəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edildiyindən həmin tarixdən də cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun təminat xərciliyinin 80 faizi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməklə 15.05.2019-cu ildən ödənişin həyata keçirilməsinə başlanması qanunvericiliyin tələblərinə uyğun olmuş, bununla bağlı iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar