Məhkəmə qərarları › İş №2-1(112)-2217/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2217/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2217/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (baş mütəxəssis, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı əvvəlki müddət üçün sosial müavinətin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, sosial müavinətin əvvəlki 3 il üzrə - 2011-ci ilin mart ayından 2014-cü ilin mart ayına kimi hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-1994-cü illərdə Azərbaycan ordusu sıralarında Qarabağ müharibəsidə iştirak etmiş, Qarabağ müharibəsi veteranıdır.Təqdimedici rəsmi sənəd müharibə veteranı vəsiqəsini xx.xx.2014-cu il tarixində təxminən on ilə yaxın müddət keçəndən sonra almışdır.Aylıq müavinətin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi İdarə tərəfindən təmin olunmuş, ona 2014-cü ilin mart ayından sosial müavinət hesablanmışdır.10 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə ərizə ilə müraciət edərək, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq əvvəlki üç il üçün müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir.İnzibati orqan tərəfindən ünvanladığı ərizəyə cavab olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından aslı olmayaraq onu alma hüququ yaranan gündən etibarən təyin edilir.İnzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətinə verilən cavab sosial təminat sahəsində hüquqlarını pozur. Bu baxımdan məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. 07 fevral 2006-cı ildə qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən - sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.Həmin Qanunun 9-cu maddəsinə əsasən - ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən qanunla müəyyən edilmiş müddətlərdə təyin edilir. Cavabdeh iddiaya dair yazılı etirazını və həmin etiraza əlavəni məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən sosial müavinətlər şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.1 və 3.2-ci bəndlərinə əsasən sosial müavinətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə təyin edilir. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində ona veteran vəsiqəsinin verilməsini və bununla əlaqədar ona sosial müavinətin təyin edilməsini qeyd etsə də, lakin sosial müavinət alanın şəxsi işindən görünür ki, iddiaçıya 2-ci qrup əlilliyə görə prezident təqaüdü təyin edilmişdir. Burada da iddiaçının tələbinin əsassız olduğu görünür. Sosial müavinət alanın şəxsi işinə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı xx.xx.2013-cü ildən xx.xx.2021-ci ilədək 2-ci qrup əlil hesab edilmiş və 2013-cü ildən əlilliyə görə prezident təqaüdü təyin edilmiş və DSMF tərəfindən ödənilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən, bu Qanunun 4.0.1.1-4.0.1,6-cı və 4.0.1,13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. Bundan başqa iddiaçı iddia edir ki, ona Qanunun 9-cu maddəsinə əsasən, müraciət edilməzdən əvvəlki üç il üzrə yəni, 2011 mart-2014 mart üzrə müavinət cavabdeh tərəfindən ödənilməlidir. Halbuki bu tələb qanunsuzdur və hüquqi əsasa söykənmir. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaçıya ilk dəfə 30 dekabr 2013-cü ildə TSEK tərəfindən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik müəyyən edilmişdir. TSEK-in sonrakı tarixli müayinələrində də onun Azərbaycan ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyi təsdiq edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona müvafiq prezident təqaüdünün təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏSMM-nin xx.xx.2014-cu il tarixli Sərəncamı ilə iddiaçıya Azərbaycan Respublikası Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlilliyə görə Azərbaycan Respublikasının “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 09 sentyabr 2008-ci il tarixli (823 nömrəli) Fərmanın uyğun olaraq 130 manat Prezident təqaüdü təyin edilmişdir. Bundan sonra Fərmanda nəzərdə tutulmuş təqaüd Prezident tərəfindən artırıldığı üçün iddiaçıya AR ƏSMM-nin xx.xx.2016-cı il tarixli Sərəncamı ilə xx.xx.2016-d il tarixdən 143 manat Prezident təqaüdü təyin edilmişdir. Göründüyü kimi iddiaçıya onun əlillik və müharibə veteranı statusu yarandığı vaxtan etibarən ona sosial müavinət deyil, Prezident təqüdü ödənilmişdir. Təqaüd sosial müavinət növü deyil. Sosial müavinətlərin növləri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən sosial müavinətlərdən biri də əlilliyə görə təyin edilən aylıq müavinətdir. Lakin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezident Fərmanının 1.1.2-ci bəndinə əsasən, Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət: İ dərəcə əlilliyi olan şəxslərə - 150 manat; İİ dərəcə əlilliyi olan şəxslərə - 130 manat; İİİ dərəcə əlilliyi olan şəxslərə - 110 manat. Göründüyü kimi burada əlilliyə görə müavinətlər əlilliyin səbəbi (səbəb əlaqəsi) “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olduqda sosial müavinət almaq hüququ mövcud olur. İddiaçının əlilliyini səbəbi (səbəb əlaqəsi) isə Azərbaycan Respublikası Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğundan ona müavinət deyil, Prezident təqaüdü ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanında isə burada nəzərdə tutulan təqaüdlərin əvvəlki illər üçün ödənilməsinə dair hər hansı göstəriş və ya norma nəzərdə tutulmamışdır. Eyni zamanda bu hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alına bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda və başqa qanunvericilik aktlarında müharibə veteranlarının və əlilliyi olan şəxslərin hüquqları, vəzifələri və həmçinin imtiyaz və güzəştlər müəyyən edilmişdir. Başqa sözlə bu qanunvericilik aktlarında müharibə veteranlarının və əlilliyi olan şəxslərin xüsusi hüquq statusu müəyyən edilmişdir. Bu səbəbdən də Prezident təqaüdünün Fərmanın qüvvəyə mindiyi vaxtdan (geriyə tətbiq olunma qaydasında) ödənilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olmuş şəxsin hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu səbəbdən də iddiaçıya Fərmanın qüvvəyə mindiyi vaxtdan Prezident təqaüdünün hesablanıb ödənilməsi onun Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. İddiaçının müavinət işindən göründüyü kimi iddiaçıya xx.xx.2013-cü il tarixdə (digər müayinə dövrləri nəzərə alınmaqla) TSEK tərəfindən İİ qrup əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. İddiaçı bu qərar əsasında cavabdehə müraciət etmiş və onun müraciəti təmin edilərək,əlillik dövründə ona prezident təqaüdü ödənilmişdir. Göründüyü kimi iddiaçıya DSMF tərəfindən 2013-cü ildən etibarən növbəti müayinə tarixinə qədər prezident təqaüdü ödənilmişdir. İddiaçının əlillik səbəbindən təqaüd almaq hüququ yaranma anı TSEK tərəfindən verilmiş qərarla müəyyən edilir. Bu səbəbdən də iddiaçı əvvəlki 3 il üzrə təqaüdün ödənilməsini tələb etməsi qanunsuzdur və məhkəmə tərəfindən təmin edilməməlidir Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 dekabr 2019-cu il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən etibarən təyin edilir. O, müharibə veteranı vəsiqəsini xx.xx.2014-cü il tarixdə aldığı üçün müharibə veteranlarına verilən müavinət almaq hüququ həmin gündən yaranır. Buna görə də ona əvvəlki dövrlərin hesablanıb ödənilməsi qanunauyğun deyildir. İşdə olan ƏƏMM-nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 067990 saylı vəsiqədən görünür ki, İddiaçı Azərbaycan ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik verilmişdir. Cavabdeh tərəfindən İddiaçı məxsus pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin iş materiallarında olan sənədlərdən görünür ki: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən Bakı şəhəri Sabunçu rayon şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 15/**********3 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixədək 230 manat Prezident təqaüdü ödənilmişdir. Prezident təqaüdü ödənişi xx.xx.2019-cu il tarixdə dayandırılmışdır. 7 saylı TSEK tərəfindən verilmiş SER TSE-01 № 039264 saylı müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyin edilmə müddəti xx.xx.2014-cü il tarixədək müəyyən edilmişdir. Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 478 saylı, xx.xx.2014cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyə görə 85 manat məbləğində təqaüd təyin edilmişdir. 7 saylı TSEK tərəfindən verilmiş SER TSE-01 № 424788 saylı müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyin edilmə müddəti xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Sosial müavinətin müddətinin uzadılması haqqında xx.xx.2014-cü il tarixli Sərəncamından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. Sosial müavinətin müddətinin uzadılması haqqında xx.xx.2015-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. Sosial müavinətin müddətinin uzadılması haqqında xx.xx.2016-cı il tarixli Sərəncamından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 143 manat məbləğində sosial müavinət təyin edilmişdir. Sosial müavinətin müddətinin uzadılması haqqında xx.xx.2016-cı il tarixli Sərəncamından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 143 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək, ona sosial müavinətin əvvəlki 3 il üzrə 2011-ci ilin mart ayından 2014-cü ilin mart ayına kimi hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçıya xx.xx.2013cü il tarixdən TSEK tərəfindən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. TSEK-in sonrakı tarixli müayinələrində onun Azərbaycan ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlilliyi təsdiq edilərək, müddəti uzadılmışdır. İddiaçıya əlillik təyin edildikdən sonra DSMF-nun aidiyyəti şöbəsinə müraciət edərək, ona əlilliklə bağlı müavinətin ödənilməsini xahiş etmişdir. Müavinət təyin üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 478 saylı, xx.xx.2014-cü il tarixli qərarına əsasən xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyə görə prezident təqaüdü təyin edilərək ödənilməyə başlanmış, qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş təqaüdün məbləği artırılması nəzərə alınaraq, həmin dövrlər üzrə müəyyən edilmiş məbləğdə ödənilməyə başlanılmışdır. Məhkəməyə təqdim edilmiş pensiya işində olan sənədlərdə iddiaçıya sosial müavinətin təyin edildiyi göstərilməsinə münasibətdə cavabdehin nümayəndəsi bildirmişdir ki, hazır sənəd formalarında iddiaçının aldığı prezident təqaüdü sosial müavinət kimi göstərilsə də, lakin iddiaçıya sosial müavinət deyil, prezident təqaüdü təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.3-cü bəndinə əsasən bu Qanunla 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. Lakin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin29 avqust 2013-cü il tarixli, 973 saylı Fərmanının 1.1.2-ci bəndinə əsasən əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlərin məbləği müəyyən edilmişdir. Göründüyü kimi əlilliyə görə müavinətlər əlilliyin səbəbi (səbəb əlaqəsi) “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olduqda sosial müavinət almaq hüququ mövcuddur. İddiaçının əlilliyinin səbəb əlaqəsi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğundan ona müavinət deyil, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən Prezident təqaüdü təyin edilmişdir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir və onun aylıq məbləği müəyyən edilmişdir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli, 129 saylı Fərmanına əsasən İİ qrup əlillərə təsis edilmiş təqaüdün məbləği 130 manat məbləğində müəyyən edilmişdir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli, 746 saylı Fərmanının 1.2-ci bəndinnə əsasən “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1dən 10 faiz artırılaraq, İİ qrup əlillərə təsis edilmiş təqaüdün məbləği 143 manat məbləğinə artırılmışdır. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin” 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 3 il əvvəlki dövr üçün ödənilməsi qaydası qanunda nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının həmin təqaüdün təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün ona ödənilməsi barədə tələbi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar