Məhkəmə qərarları › İş №2-1(112)-2217/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2217/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2217/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasında müvəqqəti olmaq müddətinin uzadılması tələbi ilə əlaqədar məsələsinə baxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı, İddiaçı Azərbaycan Respublikasında müvəqqəti olmaq hüququ əldə etmişdir. İddiaçının Azərbaycan Respublikasında müvəqqəti olmaq müddətinin uzadılması barədə ardıcıl müraciətləri cavabdeh orqan tərəfindən hər hansı qaydada cavablandırılmamışdır. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu, «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanunlara müvafiq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq müqavilələri ilə müəyyən edilir. Qanunun 5-ci Maddəsinin tələbinə görə, Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər: həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda; həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda; həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda; həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda; həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda; həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; qanunla müəyyən edilmiş digər hallarda. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir: onların Azərbaycan Respublikasında müvəqqəti yaşaması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ya ictimai asayişə zərər vura biləcəyi hallarda; həmin şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; həmin şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda; həmin şəxslər əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda; Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş Azərbaycan Respublikasının vətəndaşı ilə bağlanmış nikah etibarsız hesab edildikdə; onlar xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; şəxsin Azərbaycan Respublikasında yaşaması arzuolunmaz hesab edildikdə; qanunla müəyyən edilmiş digər hallarda. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə bir ilədək müddətə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onu verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar. Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçı hesab edir ki, cavabdeh Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi qərarı əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin (bundan sonra - MOM) uzadılması barədə xx.xx.2022-ci il tarixli ******* qərar qəbul edilmişdir. Sonradan aparılmış icraat nəticəsində şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsasın yarandığı müəyyən edilmiş və yuxarıda sözügedən qərar xx.xx.2023- cü il tarixli 8388008-L nömrəli qərarla ləğv edilmişdir. Qərar şəxsə xx.xx.2023-cü il tarixdə 3-37/2- 19570- 04/2023/5276 nömrəli məktubla göndərilmiş, lakin şəxs ünvanında olmadığı üçün məktub geri qaytarılmışdır. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılara 60 gün müddətində MOM verilməsinə baxmayaraq onların Xidmətə hər hansı müraciəti (MYİ alınma və s.) daxil olmamışdır. Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Miqrasiya Məcəlləsinin 43.1.6-cı maddəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir. Ölkə ərazisində xüsusi karantin rejiminin yumşalması ilə əlaqədar 2020-ci ilin sonlarından hazırkı dövrədək beynəlxalq uçuşlara icazə verilmişdir. Beləliklə, şəxslər barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, cavabdeh orqan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə” ******* seriya №-li Elektron Qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.1997-ci il tarixdə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı (şəxsiyyəti təsdiq edən sənəd: AP7749161, xx.xx.2024) İddiaçı XXX müvəqqəti olma müddətinin uzadılmasına dair vəsatətinə baxaraq İddiaçı XXX Azərbaycan Respublikasında müvəqqəti olma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Şəxsin yaşayış yeri: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, mənzil 2.

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli Qərarına əsasən Pakistan İslam Respublikası vətəndaşı Daniyal XXX barəsində qəbul olunmuş 30 mart 2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar ləğv edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək hazırki tələblə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiyini bildirdi.

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

8. İddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli 8328008-L nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilsə də, faktiki olaraq həmin vaxt həmin qərar qüvvədə olmamışdır. Artıq qüvvədə olmayan müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi formal xarakter daşımış, məqsədi ölkə ərazisində yaşamasının qanuniləşdirilməli və ya ölkə ərazisini tərk etməli olduğunu iddiaçının diqqətinə çatdırılması olmuşdur. Belə ki, cavabdeh bildirir ki, vaxtilə pandemiya ilə əlaqədar iddiaçıya münasibətdə əvvəllər qüvvədə olmuş qərar avtomatik uzadılmışdır. Lakin artıq yumşalmalar baş vermişdir.

9. Miqrasiya Məcəlləsindən: Maddə 40. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar 40.0. Bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır: 40.0.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda; 40.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə; 40.0.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə; 40.0.4. Bu Məcəllənin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda; 40.0.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda; Maddə 41. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədlər 41.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 41.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün); 41.1.4. bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd; 41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 41.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.8. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 41.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

10. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (müvəqqəti olma müddətinin uzadılması ilə bağlı) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə) müraciət etməli və inzibati orqana yuxarıda qeyd edilən sənədləri təqdim etməli (belə müraciət inzibati araşdırmanın predmeti olmamışdır), müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan (inzibati aktın qəbulundan imtinadan) məhkəməyə şikayət verilməsi mümkündür.

11. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar