Məhkəmə qərarları › İş №2-1(112)-2218/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2218/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2218/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «iddiaçının azyaşlı övladının soyadının dəyişdirilməsi barədə icazə verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «iddiaçının azyaşlı övladının soyadının dəyişdirilməsi barədə icazə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 23 oktyabr 2009-cu il tarixdə İddiaçı ilə X4 arasında nikah bağlanmışdır və bu barədə akt qeydləri kitabında 1626 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahından X6 və 27 mart 2020-ci il təvəllüdlü X5 doğulmuşdur. İlk övladlarının doğumundan sonra müvafiq icra hakimiyyəti orqanından onun soyadının iddiaçının atası Məmmədov Əmirin adına uyğun “Əmirli” olaraq qeyd olunması xahiş olunmuşdur. Daha sonra, ikinci övladı Amiranın da soyadının “Əmirli” yazılmasını istəmişlər. Buna görə də, iddiaçı tərəfindən ərizə ilə cavabdeh Bakı şəhəri Nərimanov RİHə müraciət olunaraq, X1 dəyişdirilərək “Əmirli” olaraq qeydiyyata alınması xahiş olunmuşdur. Lakin cavabdeh 27 iyul 2022-ci il tarixli M-166-164 nömrəli məktubu ilə qeyd olunan dəyişikliyin aparılmasından imtina etmişdir. Hazırda “Əmirli” soyadını artıq bir övladı daşıyır və hesab edir ki, ikinci uşağın digər soyad daşıması ailə ənənəsinə uyğun deyil və bu ailədə ciddi psixoloji narahatlıq yaradır. Bu səbəbdən hazırda cavabdeh Bakı şəhəri Nərimanov RİH-in üzərinə 27 mart 2020-ci il təvəllüdlü X3 “Əmirli” soyadının verilməsi öhdəliyinin qoyulması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 159-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160-cı maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda. ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarına əsasən: 1) Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; 2) Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır; 3) Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir; 4) Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi əsas hesab edilir. Göstərilənlərə və İPM-in 2.2.2, 11, 12.1, 33, 35.1, 68, 73-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 24.5-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən 27 mart 2020ci il təvəllüdlü X3 “Əmirli” soyadının verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 4-cü bəndində nəzərdə tutulur ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadının bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilməsini, o cümlədən valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilməsini, valideynlər arasında fikir ayrılığı olduqda isə mübahisənin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edildiyini nəzərdə tutur. Qanunvericilik həmçinin müəyyən etmişdir ki, həmin orqanlar müvafiq hallarda uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə və soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bilər. Hazırkı işin hallarına görə isə, uşağın soyadının dəyişdirilməsində valideynlər arasında fikir ayrılığı mövcud deyil, lakin iddiaçının arzuladığı hal, onun uşağının soyadının digər valideynin soyadına dəyişdirilməsi də deyil, babasının adına uyğun “Əmirli” qeyd olunmasına icazə verilməsi ilə bağlıdır. Məhkəmənin gəldiyi qənaət belədir ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Nərimanov RİH-in apardığı inzibati icraatda “iddiaçının azyaşlı uşağının soyadının dəyişdirilməsi barədə icazə verilməsi” üzrə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. Nəzərə alımalıdır ki, İPM-in 73, 74-cü maddələrinin tələblərinə görə həmin qurumun qərarı mübahisələndirilərkən, məhkəmə onun imtinasının diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iş üzrə iddiaçının uşağının soyadının babasının adına uyğun “Əmirli” göstərilməsi ilə bağlı valideynlərinin razılığı olsa da, uşağın mənafeyi nəzərə alınaraq buna icazə verilməsindən cavabdeh inzibati orqanın imtina qərarı qəbul edərkən aparılan inzibati icraaatda qanunla müəyyən olunmuş müvafiq hədlərə əməl etməməsi, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Nərimanov RİH-in imtinası qanuna zidd qiymətləndirilməməlidir. Odur ki, İddiaçı iddiası əsaslı sayılmır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «iddiaçının azyaşlı övladının soyadının dəyişdirilməsi barədə icazə verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «iddiaçının azyaşlı övladının soyadının dəyişdirilməsi barədə icazə verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar