Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2218/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icarə hüququnun alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə qarşı (bundan sonra cavabdeh) iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 857 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış verilmiş Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququ əsasında alqı-satqı müqaviləsi bağlanmasına razılıq verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4563/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 857 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış verilmiş Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair icarə hüququnun alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsi 172 nömrəli icarə müqaviləsi və xx.xx.2012-ci il tarixli, 3M/29 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına qeydə alınmşdır. Ona xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 857 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinə icarə hüququ əsasında başqa şəxsin adına alqı-satqı müqaviləsi bağlamaq istəyir. Bununla bağlı cavabdehdən razılıq almaq üçün müraciət edilmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin verdiyi imtina əsassızdır. Belə ki, cavabdehin imtinası iddiaçının konstitusion hüquqlarını pozur. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı həmin hüququ başqa şəxsə satmaq istəyir. Torpaq dövlət mülkiyyətində olmaqla cavabdehin balansındadır. Lakin, cavabdeh buna razılıq verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə keçmiş Maştağa subtropik bağlar sovxozunun ərazisində, kənd təsərrüfatına yararlı sahədən ibarət olmaqla dövlət torpaq fondu kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədi ilə 5 hektar sahənin 99 il müddətinə X3 icarə qaydasında ayrılması qərara alınmışdır. X4 ilə cavabdeh arasında bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən cavabdeh tərəfindən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 5 hektar torpaq sahəsi X3 icarəyə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən cavabdehin balansında olan 0,06 hektar torpaq sahəsi üzərində xx.xx.2011-ci il tarixində X2 99 il müddətinə icarə hüququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.2012-ci il tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X1 rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində icarə hüququnu iddiaçıya satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən cavabdehin balansında olan 0,06 hektar torpaq sahəsi üzərində xx.xx.2005-ci il tarixli, 172 nömrəli icarə müqaviləsi və xx.xx.2012-ci il tarixli, 3 M/29 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən iddiaçının icarə hüququ 99 il müddətində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin plan cizgisi tərtib edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirlmişdir ki, iddiaçının icarəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonunun istifadəçiliyində olan torpaqların hüdudları daxilində yerləşir. Həmin torpaq sahələrinin Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması ilə əlaqədar məsələ qaldırıldığı və aidiyyəti dövlət qurumları tərəfindən müvfiq yerquruluşu işləri aparıldığı üçün həmin ərazidəki torpaq sahələri üzərində icarə hüquqları ilə bağlı qərarların verilməsi, icarə hüquqularının birindən digərinə satılmasına münasibət bildirilməsi məqbul hesab edilmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alqı-satqısı müqaviləsinin bağlanmasına razılıq verilməsi (bununla bağlı müvafiq inzibati aktın qəbul edilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. Cavabdeh hazırkı iddiaya cavab verməli inzibati orqandır. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir (193.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Tələblərin və digər hüquqların alğısatqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646-650-ci maddələri müvafiq surətdə tətbiq edilir (651). Hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir (652). Əşyaya sahiblik səlahiyyəti verən hüququn satıldığı halda satıcı alıcıya qüsurlardan, habelə üçüncü şəxslərin hüquqlarından və iddialarından azad əşya göndərməyə borcludur (653). Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır (654.1.). Əgər hər hansı tələbin satıcısı borclunun ödəniş qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir (654.2.). İşin müyyən edilmiş hallarından görünür ki, Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə keçmiş Maştağa subtropik bağlar sovxozunun ərazisində, 5 hektar sahənin 99 il müddətinı X4 icarə qaydasında ayrılması qərara alınmış, həmin sahə ilə bağlı X4 ilə cavabdeh icarə müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X4 ona ayrılmış ərazidən 0,06 hektar torpaq sahəsi üzərində icarə hüququnu iddiaçıya satmışdır. İddiaçı hazırda həmin sahə üzərində olan icarə hüququnu digər şəxsə satmaq istəyir. Lakin, cavabdeh buna razılıq verməkdən imtina etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (706.1.). Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər (706.2.). İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin (712.1.). Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır (712.2.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 51-ci maddəsində göstərilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, icarəyə verilmiş torpaq sahələri icarəyə götürən tərəfindən yalnız onu icarəyə verənin razılığı ilə üçüncü şəxsə icarəyə verilə bilər. Hazırkı halda torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün icarəyə verən qismində cavabdeh çıxış edir. Belə olan halda torpaq sahəsi üzərində icarə hüququnun satılması (torpaq sahəsinin ikinci əldən icarəyə verilməsi) üçün icarəyə verənin, yəni cavabdehin razılığı tələb edilir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir (2.0.7.). İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur (14.1.). Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2.). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3.). İPM-də göstərilmişdir ki, Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (73.3.). Göründüyü kimi cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsinin balanssaxlayıcısı olmaqla həmin torpa sahəsi ilə bağlı sərəncam verməkdə sərbəstdir. Yəni, torpaq sahəsinin icarəyə verilməsinə razılıq verilib-verilməməsi məsələsi cavabdehin diskresion səlahiyyətlərinə aid olan məsələdir. Bu səbəbdən məhkəmə həmin torpaq sahəsi ilə bağlı hər hansı qərar qəbul edilməsi öhdəliyini cavabdehə həvalə edə bilməz. Bu səbəbdən hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair icarə hüququnun alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2218/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2218/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver