Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2219/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs “X4 Kompani S.A.” şirkətinə qarşı «əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması, müqavilənin ləğvi barədə məktubun etibarsız sayılması» barədə iddia tələbinə dair iş materiallarına Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İicra Hakimiyyətinə və üçüncü şəxs “X4 Kompani S.A.” şirkətinə qarşı «əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması, müqavilənin ləğvi barədə məktubun etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı ŞİH-ə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazıı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, “X4 Kompani S.A.” Şirkəti hazırkı İddiaçı qarşı tələb irəli sürərək iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tam əsassızdır, bu məsələ üzrə artıq məhkəmənin qanuni qüvvədə olan qətnaməsi vardır və eyni məsələ ilə məhkəməyə müraciət edilməsi qeyri-qanunidir. Hazırda iddia ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılır. Bu məhkəmə icraatında “X4 Kompani S.A.” Şirkəti məhkəməyə bildirmişdir ki, Bakı ŞİH tərəfindən məktubla onunla (hazırkı iddiaçı ilə) bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Bu barədə cavabdeh tərəfindən heç bir rəsmi məlumat verilməmişdir. İcarə müqaviləsinin hansı əsaslarla və nə vaxt ləğv edilməsi məlum deyil. Məktub iddiaçıya (İddiaçı) göndərilməmiş və verilməmişdir. Məhkəmə iclasında Bakı ŞİH tərəfindən “X4 Kompani S.A.” Şirkətinə ünvanlanmış 12 dekabr 2019-cu il tarixli 7-4555/17 saylı məktubun surəti təqdim edilmişdir. Həmin məktubda göstərilmişdir ki, Bakı ŞİH ilə İddiaçı arasında 30 aprel 2018-ci il tarixdə bağlanmış 1474 saylı torpaq icarə müqaviləsi 30 iyul 2018-ci il tarixdə ləğv edilmişdir. Bakı ŞİH-in birtərəfli qaydada – məktubla icarə müqaviləsini ləğv etmək səlahiyyəti yoxdur və bu, qeyri-qanunidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153, 156, 1099, 1100cü maddələrinə, Torpaq Məcəlləsinin 5, 8, 59, 66, 84-cü maddələrinə, İPM-in 2, 13, 14, 33 – 35, 38, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, iddiaçının cavabdeh Bakı ŞİH tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və hüquq və azadlıqlarını pozan müdaxilədən müdafiə edilməsi və əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması, 30 aprel 2018-ci il tarixli müqavilənin ləğvi barədə 30 iyul 2018-ci il tarixli məktubun etibarsız sayılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İPM-in 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı işin hallarına görə İddiaçı ilə cavabdeh Bakı ŞİH arasında 30 aprel 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış və sonradan cavabdehin 12 dekabr 2019-cu il tarixli məktubu ilə həmin müqavilənin 30 iyul 2018-ci il tarixdə ləğv edildiyi bildirilmişdir. Cavabdeh inzibati orqanın müqavilənin bağlanması barədə hər hansı inzibati akt qəbul etməsi müəyyən olunmur. Hazırda iddiaçı mahiyyətcə cavabdehin hərəkətlərini mübahisələndirir. Məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqan Bakı ŞİH müvafiq müqavilənin bağlanması barədə, eləcə də onun ləğvi ilə bağlı ayrıca inzibati akt qəbul etmədiyindən, cavabdehin hərəkətlərinin mübahisələndirilməsi üzrə mübahisə publik deyil, mülki xarakterlidir. Belə olan halda, cavabdehin “müqavilənin ləğvi ilə bağlı hərəkətləri”nə qiymət verilməsi inzibati məhkəmə icraatında mübahisənin predmetini təşkil edə bilməz. Odur ki, iddia mükünsüzdür. AR Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2219/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2219/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver