Məhkəmə qərarları › İş №2-1(112)-222/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-222/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-222/2020 10.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «pensiyanın yenidən hesablanması» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiya haqqının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx xxxx 1965 ci il tarixdə doğulmuşdur. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “qeyd” hissəsində göstərilmişdir ki, 13 iyun 1997-ci il tarixli 321-İQD saylı Qanunun İ hissəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü və 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqust ayının 1-dən başlayaraq 2000-ci il avqust ayınm 1-dək hər il 06 ay artırılır. Beləliklə, iddiaçının 17 iyul 2017-ci il tarixdə 52 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə iş stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilmişdir. Lakin bu zaman aylıq pensiya məbləği müəyyənləşdirilərkən qeyd olunan Qanunun müddəalarına deyil, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmaqla, pensiyasının məbləği süni şəkildə, kəskin azaldılmışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 17-ci maddəsinə əsasən, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faiz, “b” bəndində nəzərdə tutulan işlərdə çalşan işçilərə isə 65 faiz, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü abzasında qeyd olunmuşdur ki, yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci abzasında göstərilmişdir ki, həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta aylıq əmək haqqmın 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-cü abzasında qeyd olunmuşdur ki, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Həmin maddənin 2-ci abzasmda göstərilmişdir ki, pensiya üçün mürabiət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, iddiaçıya yaşa görə pensiya, orta aylıq əmək haqqımın 70 faizi məbləğdə təyin edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər azı 20 il iş stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Pensiya təyin olunarkən iddiaçının ümumi iş stajı 37 il 3 ay 18 gün, güzəştli işlərdə çalışdığım müddət isə 22 il 5 ay 1 gün olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü abzasında qeyd olunanlara əsasən, iddiaçıya təyin edilmiş yaşa görə pensiyanın əsas məbləği, tələb olunan iş stajından (20 il) artıq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər və tələb olunan güzəştli stajdan artıq hər il üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılmalıdır. Yəni iddiaçının ümumi iş stajı 37 il və güzəştli stajı 22 il, 1 nömrəli siyahı üzrə tələb olunan iş stajı isə 20 il və güzəştli staj 10 il olduğundan, pensiya məbləği müəyyən edilərkən 16 illik (37-20=17) artıq iş stajı və 22 illik güzəştli iş stajı nəzərə alınmalı, bu 17 illik ümumi iş stajının hər ili üçün orta aylıq əmək haqqının iki faizi miqdarında (17x2=34 faiz) və 22 illik güzəştli iş stajının hər ili üçün orta aylıq əmək haqqının bir faizi (22x1=22 faiz) miqdarında əlavə məbləğ müəyyənləşdirilməli və ümumilikdə yekun pensiya məbləği formalaşdırılmalıdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, iddiaçıya yaşa görə pensiya, orta aylıq əmək haqqının 70 faizi məbləğində təyin edildikdən sonra, ümumi iş stajının 37 il və güzəştli stajımın 22 il olması nəzərə alınmaqla (yəni tələb olunan ümumi və güzəştli iş stajları müvafiq olaraq 20 il və 10 ildir), ümumi iş stajının 20 ildən artıq hər tam ili üçün iki faiz və güzəştli iş stajının 10 ildən artıq hər tam ili üçün bir faiz olmaqla, orta aylıq əmək haqqının 56 (34+22=56) faizi miqdarında əlavə ödəniş, orta aylıq əmək haqqının 70 faizi miqdarında müəyyən edilmiş pensiya məbləğinin üzərinə gəlinməklə (yəni 70+56=126 faiz (lakin yuxarıda qeyd edildiyi kimi bu məbləğ orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz)), iddiaçıya ödəniləcək yekun pensiya məbləğinin orta aylıq əmək haqqının 100 faizi miqdarında olması təsbit edilməli idi. Lakin hal-hazırda iddiaçı hər ay bu məbləğdən dəfələrlə az pensiya alır ki, bunu da hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hesab edirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçının tələbi qanunamüvafiq deyildir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi, bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranmadığı dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyasının hesablanması tələbi qanunvericiliyə ziddir. İddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.8-ci maddəsinin tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 52 yaşında 2017ci ildə güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual orinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən ünvan ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyası 52 yaşında 2017-ci ildə təyin edilmişdir. Vətəndaşın 52 yaşı və pensiya hüququ 2017-ci ildə yarandığı üçün əmək pensiyasının məbləği qanunvericiliyə uyğun olaraq xx.xx.2006-cı il tarixə qədər (indiki qanun qüvvəyə mindiyi tarixə qədər) sığorta stajına, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən hesablanmışdır və 180,88 manat təşkil edir. Müraciətinizdə xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə istinad edərək pensiya məbləği üçün hesablamalar aparırsınız. Əmək pensiyalarının orta aylıq əmək haqqına əsasən hesablanması xx.xx.2010-cu il tarixdən Qanundan çıxarılıb. Hətta xx.xx.2010-cu il tarixə qədər əmək pensiyaları orta aylıq əmək haqqına əsasən hesablananda yalnız xx.xx.2006-cı il tarixə qədər (hazıirki qanun qüvvəyə mindiyi tarixədək) olan dövr üzrə pensiyanın məbləği 2004-2005-ci illərin (indiki Qanun qüvvəyə mindiyi tarixdən əvvəlki sonuncu 24 ay) və yaxud xx.xx.2006-cı il tarixə qədər olan dövrdə istənilən ardıcıl gələn 60 ayın orta aylıq əmək haqqından hesablanırdı. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə orta aylıq əmək haqqı anlayışı yoxdur, yalnız məcburi dövlət sosial sığorta ödəmələri əsasında pensiya məbləği hesablanır. İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə tam uyğun hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 105 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Lakin iddiaçı təkcə yaşa və staja görə deyil, ümumilikdə ona təyin edilmiş pensiyanın xx.xx.1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun tələblərinə uyğun olaraq təyin edilməli olmasını, buna görə də pensiyasının həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanmasını xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyalar təyin edilməsini yalnız iki şərtə münasibətdə müəyyən edir - yaş və staj. Bu, pensiya təyin edilərkən digər hallara şamil edilə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «pensiyanın yenidən hesablanması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar