Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-222/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə (üçüncü şəxslər: X4 və X7) qarşı "hərəkətlərin qanunsuz hesab edilməsi və qanunsuz hərəkətlərin qadağan olunması" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab olunmasına və mülkiyyətində olan fərdi yaşayış evinə qanunsuz hərəkətlərin qadağan olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 və X7 hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən 0,02 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 70.2 kv. metr olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin İcra məmuru Şəhram Şəmmədli bir neçə nəfər şəxs ilə evinə gələrək X3 onun mülkiyyətində olan evə köçürülməsinə dair məhkəmə qətnaməsini icra etmək istəmişdir. O, mülkiyyət hüququnu təsdiq edən Çıxarışı icraçıya təqdim etmişdir. Buna baxmayaraq Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin İcra məmuru Şəhram Şəmmədli onunla mübahisə edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini ona göstərmiş və məcburi şəkildə tanımadığı bir qadını evinə köçürəcəyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X5 qarşı iddiası təmin edilmiş, onun ünvan 2 ünvana köçürülməsi qət edilmişdir. Onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evi isə ünvan 1 ünvanda yerləşir. Göründüyü kimi, X2 mənzilə köçürülməsinin onun evinə heç bir aidiyyəti yoxdur.
4. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
6. Məhkəmə, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış Bakı şhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 615 ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsini İddiaçı satmışdır.
8. 1120029201 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 70.2 kv.metr fərdi yaşayış evi və onun yerləşdiyi 0,2 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
9. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X2 ünvan 2 ünvanına köçürülməsi qət edilmişdir.
10. Həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini aldığından xx.xx.2019cu il tarixdə icraya yönəldilmişdir.
11. İşdə olan Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 192632/26 saylı məktubundan görünür ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən tələbkar X4 ünvan 2 üvanına köçürülməlidir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixində şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra vərəqəsində göstərilən ünvanına göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixinə məcburi icra təyin olunsa da, evdə başqa şəxslərin yaşaması və evin mülkiyyətçisinin başqası olması ilə bağlı çıxarışın təqdim olunması səbəbilə icra sənədinin icrası mümkün olmamışdır. İcra sənədində tələbkar V.Cəfərovanın köçürülməli olduğu mübahisəli ev Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, ev 1, mənzil 19B qeyd olunsa da, tələbkarın göstərdiyi evin həmin ev olmadığı müəyyən olunmuşdur. Qeyd olunan mübahisəli evin dəqiq ünvanını müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və mütəxəssisin iştirakı ilə xx.xx.2021-ci il tarixində əmlaka yenidən baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan evin mülkiyyətçi İddiaçı məxsus olması və həmin ünvanın Bakı şəhəri ünvan 5 olması müəyyən edilərək bu barədə eyni tarixli akt tərtib edilmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4981/2019 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin ərizəsi təmin edilməmişdir.
13. Beləliklə, işin istinad edilən halları ilə müəyyən olunur ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuş, cavabdeh tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən tələbkar X2 ünvan 2 üvanına köçürülməsi həyata keçirilərkən tələbkarın göstərdiyi evin iddiaçıya məxsus 615 saylı fərdi yaşayış evi olduğu müəyyən edilmiş, buna görə də iddiaçı cavabdehin digər şəxsi ona məxsus yaşayış sahəsinə köçürməsindən ibarət həmin hərəkətlərini hazırkı iddia vasitəsilə mübahisələndirmişdir.
14. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
15. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
16. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1338/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı X2 cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3-6/2-5985/2023 nömrəli məktubundan görünür ki, iddiaçı X4 cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1338/2022 nömrəli, 07 sentyabr 2022ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1338/2022 nömrəli mülki iş baxıldıqdan sonra 09 dekabr 2022-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
18. Beləliklə, işin istinad edilən halları ilə müəyyən olunur ki, cavabdehin icra hərəkətlərinin əsasında duran Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi artıq ləğv edilmişdir.
19. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə görə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə.
20. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1338/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019-008 saylı, 20 sentyabr 2019-cu il tarixli icra sənədinə xitam verilmişdir.
21. Göründüyü kimi, iş üzrə mübahisələndirilən hallar aradan qalxmış, iddiaçının mübahisələndirdiyi icra məmurunun hərəkətlərinin əsasında duran icra sənədi ləğv edilmiş, bununla da iddiaçının hüquqlarının məhkəmə müdafiəsinə olan zərurət aradan qalxmışdır. Belə olan halda aydındır ki, hazırkı halda cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan hər hansı bir hal, buna əsasən iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcud deyildir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
23. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova