Məhkəmə qərarları › İş №2-1(112)-2220/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2220/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2220/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X7 və X5 arasında xx.xx.2023-cü il tarixində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə artıq ödənilmiş 19706,63 manat sadələşdirilmiş verginin ona qaytarılması ilə əlaqədar cavabdeh üzərinə düşən (qaydalara əsasən) öhdəliklərin icra olunması ilə əlaqədar onun üzərinə öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, notariat fəaliyyəti ilə məşğul olur. X7 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06534 torpaq sahəsinin istifadəsində olan 583,9 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi məqsədilə alıcı "xxxx" MMC arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 4 a bəndinə əsasən satıcı Emin Qarayevdən daşınmaz əmlakın təqdim edilməsinə görə ümumilikdə 19706,63 manat sadələşdirilmiş əmlak vergisi tutularaq büdcəyə ödənilmişdir. Müqaviləyə əsasən ümumilikdə əmlakın qiyməti 900000 manat məbləğində müəyyənləşdirilmiş və ilk hissəsi 150000 manat alqısatqı zamanı, qalan hissəsi isə xx.xx.2020-ci ilə qədər ödənilməli idi. Lakin sonradan, yəni xx.xx.2023-cü il tarixində həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərin qarşılıqlı razılığa əsasən ləğv olunmuş və bu haqda tərəflər arasında müvafiq xx.xx.2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Daha sonra bir neçə müddət keçdikdə xx.xx.2023-cü ildə əmlakın mülkiyyətçisi Emin Qarayev alıcı X5 ilə alqı-satqı müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən yuxarıda qeyd edilmiş daşınmaz əmlakı ümumilikdə 880000 manata satmışdır. Həmin Müqavilənin 4 a bəndinə əsasən ümümlikdə 19706,63 manat sadələşdirilmiş əmlak vergisi tutularaq büdcəyə ödənilmişdir. Lakin qeyd edir ki, bu vergi düzgün tutulmamış və müqavilə bağlandığı zaman əmlak vergisi tutulmalı deyildir. Çünki, 2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı zaman əmlak vergisi ödənilmiş və həmin müqavilə 2023-cü ildə ləğv olunmasına baxmayaraq, yenidən bir əmlak üzrə təkrarən vergi tutularaq dövlət büdcəsinə ödənilmişdir. Yaranmış vəziyyətin bərpa olunması məqsədilə iddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ilk dəfə hələ 2023-cü ildə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinad edərək artıq (düzgün tutulmamış) ödənilmiş vergidən 3 il müddətin keçdiyini bildirmişdir. Daha sonra isə məktubda Qaydalarda nəzərdə tutulmuş ərizə forma ilə müraciət olunduqdan sonra münasibət bildirəcəklərini məktubda qeyd olunmuşdur. Bundan sonra ona yenə də təkrarən müraciət etsə də, müraciətləri təmin olunmamışdır. Cavabdeh üzərinə düşən vəzifələri yerinə yetirməkdən dolayı yolla boyun qaçırır. Ona görə də, həmin öhdəliklərin məcburi şəkildə cavabdeh tərəfindən yerinə yetirilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq qərar çıxarılmalıdır. Hesab edir ki, iddiası əsaslıdır və cavabdehin qərəzli və qanunsuz hərəkətlərinə görə artıq ödənilmiş vergi pulunun qaytarıması bu günə qədər öz müsbət həllini tapamamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********048200 saylı ərizə ilə artıq ödəmə ilə bağlı cavabdehə müraciət ünvanlanmış, xx.xx.2024-cü il tarixli **********302900 saylı məktubla müraciət cavablandırılaraq bildirilmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın mülkiyyət sənədlərinin (alqı-satqı,ləğv müqaviləsi, şəxsiyyət vəsiqələri, çıxarış və s) əlavə edilmədiyi üçün müraciətə baxılması mümkün olmamışdır. Həmçinin qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət ediləcəyi təqdirdə artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, **********904800 nömrəli məktubla cavabdehə müraciət etmiş, 19706,63 manat sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması üçün 3 ildən çox müddət keçdiyindən həmin dövr üzrə müvafiq bəyannaməyə dəqiqləşdirilmiş hesabat verməyin mümkün olmadığını, şəxsi hesab vərəqəsində artıq ödəmənin yaradılmasına və artıq ödəmənin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İşin faktiki hallarından və vergi ödəyicisi ilə vergi orqanı arasında aparılan yazışmalardan da göründüyü kimi vergi orqanı tərəfindən dəqiqləşdirilmiş bəyannamə verməyə münasibətdə müddət axımının başa çatdığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddaya yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı həmin vergi borcunun qaytarılması üçün həmin dövrlə bağlı şəxsi hesab vərəqəsinə dəyişiklik etməlidir. Lakin, bunun iddiaçı tərəfindən həyata keçirilməs mümkün olmadığı üçün tələb təmin edilməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AN-İ seriyalı ******* nömrəli 27 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X7 ünvan 2 ünvanında yerləşən, 0.06534 ha torpaq sahəsinin istifadəsində olan, ü/s 583.9 kv.m.-dən ibarət qeyri-yaşayış binasını (ictimai-iaşə obyektini) "xxxx" MMC-yə satmışdır. 27 fevral 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 19707 manat məbləğində pul vəsaitini Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin hesabına ödəmişdir. 31 may 2023-cü il tarixli Müqaviləninn ləğvinə dair müqaviləyə əsasən AN-İ seriyalı ******* nömrəli 27 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə xitam verilmişdir. AN-İ seriyalı ******* nömrəli 06 iyun 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X7 ünvan 2 ünvanında yerləşən, 0.06534 ha torpaq sahəsinin istifadəsində olan, ü/s 583.9 kv.m.-dən ibarət qeyri-yaşayış binasını X1. 06 oktyabr 2023-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 19707 manat məbləğində pul vəsaitini Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin hesabına ödəmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşayış sahəsinin alqı-satqı müqaviləsinə görə artıq ödənilmiş sadələşdirilmiş verginin ona qaytarılması barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (218.1.). Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir (19.1.). Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır (221.1.). Sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır (221.1-1.). Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür (221.2.). Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər (221.3.). İşin müəyyən edilmiş hallarından görünür ki, 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını "xxxx" MMCyə satmışdır. Alqı satqı müqaviləsi iddiaçı tərəfindən təsdiq edilmiş və müqaviləyə əsasən ödənilmiş vəsaitdən 19707 manat sadələşdirilmiş vergi iddiaçı tərəfindən ödənilmişdir. Sonradan 31 may 2023-cü il tarixli müqaviləyə əsasən 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi xitam verilmişdir. X7 ilə X5 arasında bağlanmış 06 iyun 2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Emin qarayev həmin daşınmaz əmlakı Gülxar Məmmdovaya satmışdır. Bununla bağlı da 19707 manat sadələşdirilmiş vergi məbləği iddiaçı tərəfindən ödınilmişdir. Hazırda 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edildiyindən, iddiaçı həmin müqaviləyə əsasən ödənilmiş sadələşdirilmiş verginin dövlət büdcəsindən geri qaytarılmasını xahiş edir. Vergi Məcəlləsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur (15.1.4.). Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanının vəzifəsidir (24.1.10.). Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir (85.5.). Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır (87.3.). Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (87.4.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 48 saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda göstərilmişdir ki, vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir (2.1.). Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir (3.1.). Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər (4.1.3.). Yuxarıda qeyd edilən normalardan görünür ki, vergi ödəyiciləri ödəmə dövründən sonra 5 il müddətinə artq ödənilmiş vergilərin dövlət büdcəsindən geri qaytarılmasını tələb edə bilərlər. Göründüyü kimi X7 ilə Gülxar Məmmədova arasında müqavilə xx.xx.2023-cü ildə bağlanmış, iddiaçı isə bundan 5 il müddət keçməmiş həmin müqaviləyə əssən ödənilmiş sadələşdirilmiş verginin geri qaytarılması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. İPM-in 52-ci maddəsində göstərilmişdir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmənin iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmaması nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən artıq ödənilmiş 19706,63 manat sadələşdirilmiş verginin iddiaçıya qaytarılması ilə bağlı öhdəliyin icra edilməsi (müvafiq rəyin tərtib edilməsi) öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X7 və X5 arasında xx.xx.2023-cü il tarixində bağlanmış AN-İ ******* nömrəli alqısatqı müqaviləsinə əsasən dövlət büdcəsinə artıq ödənilmiş 19706 (on doqquz min yeddi yüz altı) manat 63 (altmış üç) qəpik sadələşdirilmiş verginin dövlət büdcəsindən İddiaçı qaytarılması ilə bağlı öhdəliklərin icrası (bununla bağlı rəy tərtib edilməsi) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar