Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2222/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ″Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 33 saylı evin iddiaçıya məxsus 3 saylı mənzilinin mənzil fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 33 saylı evin iddiaçıya məxsus 3 saylı mənzilinin mənzil fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci il tarixli 18/03-8/1360 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsi və Nizami Rayon İcra Hakimiyətinin M- 62 saylı, xx.xx.2012-ci il tarixli məktubu ilə X4 Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin ona məxsus 3 saylı mənzilinin yenidən qurulmasına razılıq verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 14 avqust 2014-cü il tarixli Aktı ilə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin 3 saylı mənzili istismara qəbul edilmiş, eskiz layihəyə uyğun aparılmış yenidən qurma işləri nəzərə alınaraq mənzilin qeyri- yaşayış sahəsinə keçirə biləcəyi qərara alınmışdır. 4Ə-330 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X1 rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin ona məxsus 3 saylı mənzilini iddiaıya bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərən 3 saylı mənzili hal-hazırda iddiaçının mülkiyyətindədir. Mənzilin qonşu yaşayış sahələrindən müstəqil, təcrid olunmuş girişləri mövcuddur və yenidənqurulmasına dair razılıq verildiyi tarixdən qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərir. Lakin, sözügedən mənzil yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilmədiyindən qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İddiaçı ona məxsus mənzilin yaşayış sahəsindən çxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh 5-16/1-M-138-162/24 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciətinə imtina verərək bildirdi ki, təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığından xahişinin təmin edilməsi imkan xaricindədir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Təqdim edilmiş sənədlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin qeyri- yaşayış sahəsinə keçirilməsinə əngəl olan hər hansı məqam yoxdur. Cavab tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-16/1-M-138- 162/24 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığından xahişinin təmin edilməsi imkan xaricindədir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci i ltarixli 18/03-8/1360 nömrəli məktubuda qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixli M-62 saylı razılıq məktubu nəzərə alınaraq X5 məxsus (BŞİHB Aparatının özəlləşdirmə və Bələdiyyə MİTİ Bürosunun xx.xx.1992-ci il tarixli, 30/2343 saylı qeydiyyat vəsiqəsi) Nizami rayonu, Q.Qarayev prospekti, 33 saylı evin 3-cü mənzilininyenidənqurulmasma dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə baxıb, ("xxxx" MMC-nin işi, icraçı E.Kazımov) onu razılaşdırırlar. Aparılan işlər tikinti norma və qaydalarına uyğun görülməli, Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsi ilə razılaşdırılmalı və Cavabdeh nəzarəti altında aparılmalıdır. Tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır. Cavabdeh tərəfindən X4 ünvnalanmış xx.xx.2012-c il tarixli M-62 nömrəli məktubda qeyd edilmişdir ki, Nizami rayonu, Q.Qarayev prospekti, 33 saylı evin 3-cü mənzilinin yenidənqurulmasına dair təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci il tarixli 18/03-8/1360 №-li məktubu ilə razılaşdırılmışdır. X3 Nazirliyinin müvafiq idarəsi ilə razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun başa çatdırıldıqdan sonra işlər tikinti norma və qaydalarına uyğun rayon İcra Hakimiyyətinin nəzarəti altında aparılmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli L-11-037 qeydiyyat nömrəli lisenziya 5 il müddətinə verilmişdir. xx.xx.2014-cü il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 33, X4 məxsus 3 №-li mənzilin istismara qəbul edilməsi və eskiz layihəsinə uyğun aparılmış yenidənqurma işləri nəzərə alınaraq mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.8 kv.metr olan mənzili İddiaçı bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanı üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 dekabr 2024-cü il tairlxi 3-21-3-30/2- 50115/2024 nömrəli məktubu ilə ünvan 1 ünvanı, o cümlədən həmin binada dövlət qeydiyyatına alınmış qeyri-yaşayış sahələrinin siyahısını və bir neçə ədəd daşınmaz əmlaka dair arxiv sənədlərinin surətləri təqdim edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun xüsusi mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsidir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən, iddiaçının təqdim etdiyi sənədlərin Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin tələblərinə uyğun olmadığını əsas gətirmişdir. Məhkəmə, cavabdehin imtina səbəbinə münasibətdə qeyd edir ki, cavabdeh imtina məktubunu heç bir konkret hal göstərmədən formal əsaslara istinad edərək vermişdir. Belə ki, xx.xx.2014-cü il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktının surətindən göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 33, X4 (mənzilin əvvəlki mülkiyyətçisi) məxsus 3 №-li mənzilin istismara qəbul edilərək eskiz layihəsinə uyğun aparılmış yenidənqurma işləri nəzərə alınaraq mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Bundan əlavə, məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 dekabr 2024-cü il tairlxi 3-21- 3-30/2-50115/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən sabit olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 33, X4 məxsus 3 №-li mənzilin xx.xx.2014-cü il də istismara qəbul edilmiş, sözügdən mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda həmin daşınmaz əmlaka münasibətdə mövcud olan və əvvəlki mülkiyyətçi tərəfindən istifadə edilməmiş hüquqlar da iddiaçıya keçmişdir. Odur ki, artıq daşınmaz əmlaka münasibətdə mövcud olan icazə və sənədlərin, həmçinin inzibati aktların addan ada keçirilməsi zərurəti yoxdur. Eyni zamanda, cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etməmiş, imtina məktubunda göstərilən imtina səbəbini əsaslandıra bilməmişdir. Odur ki, məhkəmə, ümumilikdə cavabdehin iddiaçının müraciətini təmin edilməməsinin heç bir hüquqi əsasının olmadığını və iddiaçının tələbinin qanuni və texniki baxımdan məqbul olduğunu müəyyən etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 33 saylı evin, 3 saylı mənzilinin mənzil fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(112)-2222/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2222/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver