Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2223/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanındakı 0.04542 ha torpq sahəsi üzərindəki mövcud qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 0.04542 ha torpaq sahəsi üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı müvafiq çıxarış verilmişdir. Mülkiyyətində olan qeyd olunan torpaq sahəsi üzərində Binəqədi rayon İcra Hakimiyyətinin 24 avqust 2016-cı il tarixli, 01/12-10-11/Ə-177151 nömrəli icazə məktubu ilə tikintiyə başlamış və qeyd olunan ünvanda tərəfindən 2 girişli, 5 mərtəbəli ümumi sahəsi 2309.5 kv.m tikili inşa edilmişdir. Tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin qeydiyyata alınaraq, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.07.2021-ci il tarixli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətinin təmin edilməsindən imtina etməsi barədə gəliyi qənaət tamamilə əsassızdır və bu onun Azərbaycan Respublikası Kontitusiyası və qanunları ilə qorunan mükiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, 05.07.2021ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəcitəsində məlum olmuşdur ki, təqdim etdiyi layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə fərdi yaşayış evinin tikintisinə icazə barədə qərar və obyektin istismarına icazə ərizəsinə əlavə edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********27 saylı, 15.07.2021-ci il tarixli məktub ünvanlanmışdır. Həmçinin təqdim edilən layihədə daşınmaz əmlak fərdi yaşayış kimi qeyd edilsə də, yerində baxış keçirilən zaman qeyd olunan daşınmaz əmlakın qeyri-yaşayış binası kimi inşa olunduğu məlum olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 13.07.2016cı il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədov küçəsi, 443 saylı sahədə yerləşən 0.04542 nömrəli torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 43 saylı sahədə yerləşən, 0.04542 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 01/12-10-11/Ə- 177-151 nömrəli, 24.08.2016-cı il tarixli məktubunun surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin sökülərək təqdim edilən layihə əsasında yenidən tikintisinə məlumatlandırma icraatının tətbiq edilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı 02.08.2016-cı il tarixli, Ə-177-151 saylı müraciətinə baxılaraq bildirilmişdir ki, müraciətdə qed edilən məsələ ilə əlaqədar təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 43 ünvanında Azərbaycan Respublikası Əmlak X4 yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən 13.07.2016-cı il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX seriyalı, 08999915 saylı çıxarışa əsasən mülkiyyətində olan 454.2 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən 26.01.2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsində tikintisi nəzərdə tutulmuş 3 (üç) mərtəbəli fərdi yaşayış evinin layihəsi fiziki şəxs “X6” tərəfindən işlənilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır – tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılmalıdır, - tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normaları və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsiplərə riayət edilməlidir. Mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı təqdirdə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir. İşdə olan X3 layihələndirdiyi Bakı şəhəri, X8 qəsəbəsi, Svetlana Məmmədova küçəsi, ev 43 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin 2016-cı ildə tərtib olunmuş eskiz layihəsinin surətindən görünür ki, təqdim olunmuş memarlıq-planlaşdırılmasının həlli layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3519 nömrəli, 18.12.2017-ci il tarixli məktubu ilə razılaşdırılmışdır. İşdə olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi Bəxtiyar Tağıyev, sifarişçi İddiaçı, podratçı Rafis Məmmədov və layihəçinin nümayəndəsi Elçin Quliyev tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 18.12.2017-ci il tarixli, 18/03-8/3519 nömrəli məktubu əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Ö/004583 saylı istismara hazırlıq aktı təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının “fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı” müraciətinə cavab olaraq **********7 nömrəli, 15.07.2021-ci il tarixli məktubla verilmiş imtinadan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, təqdim edilmiş layihə ilə fatiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə fərdi yaşayış evinin tikintisinə icazə barədə qərar və obyektin istismarına icazəsi ərizəsinə əlavə edilməmişdir. Həmçinin təqdim etdiyi layihədə daşınmaz əmlak fərdi yaşayış kimi qeyd edilsə də, yerində baxış keçirilən zaman qeyd olunan daşınmaz əmlakın qeyri-yaşayış binası kimi inşa olunduğu məlum olmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 15 iyul 2021-ci il tarixli, **********27 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, cavabdeh imtina məktubunda təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olmasına, əlavə olaraq fərdi yaşayış evinin tikintisinə icazə barədə qərar və obyektin istismarına icazəsi ərizəsinin əlavə olunmamasına, daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeyd edilməsinə baxmayaraq, qeyri-yaşayış binası kimi inşa olunduğuna istinad etmişdir. Sözügedən hallar məhkəmə araşdırması zamanı araşdırılmış və müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 0.04542 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin inşası ilə əlaqədar məlumatlandırma icraatı qaydasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısı 01/12- 10-11/Ə-177-151 nömrəli, 24.08.2016-cı il tarixli məktubu ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikintisi nəzərdə tutulmuş 3 (üç) mərtəbəli fərdi yaşayış evinin tikintisi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilmiş şərtlər daxilində razılaşdırılmış, tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında aparılması, tikinti işlər aparılarkən ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsiplərinə riayət edilməsi, mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı təqdirdə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəyi bildirilmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3519 nömrəli, 18.12.2017-ci il tarixli məktubu ilə X3 layihələndirdiyi Bakı şəhəri, X8 qəsəbəsi, Svetlana Məmmədova küçəsi, ev 43 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin 2016-cı ildə tərtib olunmuş memarlıqplanlaşdırılmasının həlli layihəsi razılaşdırılmışdır. Həmin məktub əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi Bəxtiyar Tağıyev, sifarişçi İddiaçı, podratçı Rafis Məmmədov və layihəçinin nümayəndəsi Elçin Quliyev tərəfindən sözügedən fərdi yaşayış evinin Ö/004583 saylı istismara hazırlıq aktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı əsas hesab edilir. Beləliklə, işin hallarından göründüyü kimi, hazırki iş üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən fərdi yaşayış evinə münasibətdə məlumatlandırma icraatı qaydası tətbiq edildiyindən, ona münasibətdə fərdi yaşayış evinin tikintisinə icazə sənədi tələb olunmur. Əlavə olaraq, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin hər biri mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsasını təşkil edən dəlillər əsassızdır və iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün əsas kimi götürülə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2223/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2223/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver