Məhkəmə qərarları › İş №2-1(112)-2223/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2223/2023

04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2223/2023 04.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət edərək, ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müqabilində bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçının müraciətləri aidiyyəti üzrə baxılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilmişdir.

3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ********* nömrəli, xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda göstərmişdir ki, müraciətdə qeyd olunan əmlaka həmin ərazidə həyata keçirilmiş yol-infrastruktur layihələri çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinə yalnız həmin əmlak üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması barədə çıxarışın notarial qaydada təsdiq edilmiş surəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edildikdən sonra baxıla bilər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmlak üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə olunan hüquqların dövlət qeydiyyatına alınması məcburidir və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

4. Bu imtina ilə razılaşmayan iddiaçı cavadehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Bələdiyyəsinin 1002 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamına əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müqabilində bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin 04 avqust 2023-cü il tarixli, 2-1(112)-2223/2023 saylı qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. II. Tərəflərin əsaslandırması

6. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhəri Səbail Bələdiyyəsinin 1002 nömrəli 30 dekabr 2004-cü il tarixli, bələdiyyə ərazisində olan 1200 kv.metr torpaq sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi barədə sərəncamına əsasən, uzun müddət əvvəl abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Bununla bağlı Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında iddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir. Sərəncamın icrasına nəzarət Ərazi-inkişaf idarəsinin rəisi Q.Abbasova həvalə edilmişdir. İddiaçı adına sənədləşdirilmiş 1200 kv.metr torpaq sahəsinin plansxemindən görünür ki, Səbail Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi Salyan Şossesi, 32 ünvanında “1001 Gecə” restoranı ilə üzbəüz ərazidə yerləşir. X2 təsərrüfat Şöbəsinin möhürü ilə 1002 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamın və planın əsli ilə düz olması təsdiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən reyestr nömrəsi **********57 olan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 32, ЗА küçəsi, 2D saylı 745.8 kv.metr sahə İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan xüsusi mülkiyyətdə olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmış iddiaçıya məxsus Səbail Bələdiyyəsinin sərəncamı ilə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə qonşudur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş bölgü sxemindən aydın olur ki, iddiaçının xüsusi mülkiyyətində olan **********57 reyestr nömrəli 745.8 kv.metr torpaq sahəsinin sərhədi Salyan Şossesi “1001 Gecə” restoranı ilə üzbəüz, magistral yolun 6.50 metr aralı məsafədə yerləşir. Əldə edilmiş məlumata görə, Salyan şossesi magistral yolun çəkilməsi üçün torpaqların dövlət ehtiyacları üçün ayrılması ilə əlaqədar Nazirlər Kabineti müvafiq qərar qəbul etmişdir. İddiaçıya məxsus torpaq sahəsi magistral yolun çəkilməsi nəticəsində dövlət ehtiyacları üçün istifadə edilmişdir. Lakin İddiaçı məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün ayrılmasına və istifadə edilməsinə baxmayaraq ona kompensasiya məbləği ödənilməmişdir. İnternet resurslarında aparılmış araşdırmalardan məlum olur ki, Salyan Şossesi 32 ünvanında yerləşən magistral yolun çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyala keçirilmişdir. Torpaq sahəsinin hasara alındığı divar da sökülmüş və bununla da iddiaçı qanuni sahibliyində olan əmlakdan məhrum edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müqabilində bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya məbləğinin ödənilməsinə dair ərizələr ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmiş, ərizələr həmin qurumlara çatdırılmışdır.

7. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi 10.Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. 11.Belə ki, işdə olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1002 nömrəli Sərəncamının təsdiq edilmiş surətinə əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 1200 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş İddiaçı adına sənədləşdirilməsi, tərəflər arasında alqı-satqı aktının tərtib edilməsi, İddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsaitin Səbail bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. 12.Həmin sərəncama sahənin planı əlavə edilmişdir. 13.İddiaçı hazırda bu sərəncama istinad edərək ona ayrılmış torpaq sahəsinin Salyan şossesi magistral yolunun çəkilməsi zamanı dövlət ehtiyacları üçün alınmasını iddia edərək, bu alınmaya görə bazar qiymətinə uyğun kompensasiya ödənilməsini xahiş edir. 14.Cavabdehin xx.xx.2023-cü il tarixli 11-1/2-30xx-xx/2023 saylı məktubundan isə görünür ki, 2006-2008-ci illər ərzində “Bakı-Ələt- Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 4-14-cü kilometr hissəsinin genişləndirilməsi” layihəsi keçmiş Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilmişdir. Sorğuda qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında İddiaçı ödənilən kompensasiya və sənədlər barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində hec bir məlumat aşkar edilmədi. Bununla əlaqədar sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surətlərinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilməsi xahiş olunmuş, lakin buna baxmayaraq, vətəndaş Agentliyə heç bir sənəd təqdim etməmişdir. 15.Məhkəmə işin bu hallarını nəzərə alaraq qeyd edir ki, mübahisəli avtomobil yolu 2006-2008-ci illərdə çəkildiyindən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qiymət verilməlidir. 16.Belə ki, xx.xx.2010-cu il tarixdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilənədək torpaqların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XV fəsli ilə tənzimlənirdi. 17.Həmin Məcəllənin 70-ci maddəsinə əsasən: - 1. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. - 2. Torpaq sahələri mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına (satın alına) bilər. - 3. Mülkiyyətdə və icarədə olan torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir. Əvəzsiz istifadədə olan torpaqların məcburi geri alınması müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. - 4. Xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. - 5. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacları üçün qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirildikdə, onun dəyəri qabaqcadan xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və ya təşkilatın, yaxud müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənilir. - 6. İstifadədə və icarədə olan dövlət torpaqlarının dövlət ehtiyacları üçün geri alınması zərurəti yarandıqda, bələdiyyələr bu barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırırlar. - 7. Torpağın geri alınması barədə qərarlardan məhkəmə qaydasında şikayət vermək olar. - 8. Torpaq sahəsi dövlət ehtiyacları üçün geri alındıqda, qarşılıqlı razılıq əsasında onun əvəzində mülkiyyətçiyə və ya istifadəçiyə (icarəçiyə) eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsi də verilə bilər. - 9. Torpaq sahələrinin geri alınması, dövlət ehtiyacları üçün alınması barədə vəsatətlərin qaldırılması və onlara baxılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

18. Topraq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 67-ci maddəsinə əsasən: -1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. -3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. -4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

19. İstinad olunan normalardan görünür ki, müvafiq alınma həyata keçirilən dövrdə qüvvədə olan qanunvericilik yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasını və bu zaman kompensasiya ödənilməsini nəzərdə tuturdu.

20. Lakin işdən görünür ki, həmin dövrdə mübahisəli torpaq sahəsinə dair nəinki iddiaçının qeydiyyatdan keçmiş hüququ mövcud olmamış, həmçinin həmin torpağı iddiaçıya ayıran qurumun belə bir səlahiyyəti də mövcud olmamışdır.

21. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı iddia edilən 2004-cü ildə qüvvədə olan "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

22. Həmçinin həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”yə əsasən: - maddə 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - maddə 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) göndərir. - maddə 18. Müvafiq icra hakimiyyəti orqanı (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - maddə 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 23.İddiaçı hazırda Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1002 nömrəli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 1200 kv.metr torpaq sahəsinin ona ayrıldığını iddia etsə də, iş materiallarından görünür ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə tərəfindən kollegial qərar qəbul edilməmiş, torpağın alqı-satqısına dair tərəflər arasında müqavilə bağlanmamış, həmin dövrdə fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən torpaq sahəsinin planı (cizgisi) hazırlanmamışdır. Həmçinin iş materialları ilə mübahisəli torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi, həmin sahənin sərhədlərinin yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməsi də görünmür. 24.O da qeyd edilməlidir ki, iş materialları ilə göstərilən sahənin, ümumiyyətlə, bələdiyyə torpaqlarına aid olmadığı müəyyən edilir. 25.Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə 1195,0 kv.metr təşkil etməklə avtomobil şossesi və şosse kənarı yaşıllıq sahəsidir (səkini əhatə etməklə şərti sərhədlidir). Torpaq sahəsinin 162,0 kv.metr hissəsi **********57 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Sözügedən ərazi dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş cizginin şərti olaraq göstərilən sahəyə aidiyyəti yoxdur. 26.Göründüyü kimi, torpaqların kadastr uçot məlumatlarının saxlayıcısı olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsi iddiaçının naturada göstərdiyi sahənin bələdiyyə deyil, dövlət mülkiyyəti torpağı olmasını təsdiqləməklə yanaşı xx.xx.2004-cü il tarixli qərarla iddiaçıya ayrılan sahənin həmin ərazi olmadığını təsbit etmiş, bu zaman bələdiyyə qərarına əsasən ayrılmış torpaq sahəsinin planı kimi təqdim edilən cizginin iddiaçının naturada göstərdiyi əraziyə aid olmadığına istinad etmişdir. 27.Belə olan halda, aydın olur ki, nəinki iddiaçının ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin bələdiyyə torpağı olması, habelə ona ayırlan sahənin magistral yolun çəkilməsi üçün alınan torpaqlara aid olması da müəyyən edilmir. 28.Bundan əlavə, məhkəmə qeyd edir ki, işdə olan 004363 qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 336,7 kv.metr qeyriyaşayış sahəsinin mülkiyyətçisi olmuşdur.

29. xx.xx.2013-cü il tarixli, 4490 nömrəli Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2005-ci il tarixli, 004363 saylı “Mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32, 3A küçəsi, 2 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 4005,5 kv.metr torpaq sahəsini alıcı İddiaçı satmışdır.

30. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32, 3A küçəsi, 2 ünvanında yerləşən ümumi sahəsi 336,7 kv.metr olan qeyri-yaşayış sahəsi və ölçüsü 0,40055 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 31.Həmçinin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,0746 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 32.İstinad olunan sənədlərdən görünür ki, iddiaçı Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaqların dövlət mülkiyyətində olduğundan xəbərdar olmuş, 2005-ci ilin yanvar ayından istifadəsində olan 0,40 ha torpaq sahəsini 2013-cü ildə dövlət torpağı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqı-satqı müqaviləsi bağlayaraq özəlləşdirmişdir. 33.Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsi dövlət torpağı olduğundan həmin sahənin ona ayrılmasına dair xx.xx.2004-cü il tarixli Səbail Bələdiyyəsinin sərəncamı qanuni olmamışdır. Həmçinin həmin sərəncamdan sonra iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması, əmlakın dəyərinin iddiaçı tərəfindən ödənilməsi, həmin torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi, ümumiyyətlə sərəncamda göstərilən sahənin iddiaçının hazırda iddia etdiyi magistral yolun çəkilməsi üçün alınan sahə olması müəyyən edilmir. 34.Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün əsas mövcud deyildir. 35.Bundan başqa, mübahisəli magistral yolun 2006-2008-ci illərdə çəkildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 84.5-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxsə istifadəyə verilmiş torpaq sahəsi dövlət ehtiyacları üçün yalnız o şərtlə geri alına bilər ki, torpağı geri alan müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin şəxsin arzusu ilə ona eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi ayırsın, habelə xeyrinə torpaq sahəsi geri alınan hüquqi və ya fiziki şəxs torpaqla birlikdə əldə edilmiş yaşayış, istehsal və başqa tikililərin əvəzinə yeni yerdə təzələrini tiksin və bu Məcəlləyə uyğun olaraq, bütün qalan zərəri tam həcmdə ödəsin. Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi şərtləri və hallan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 36.Mülki Məcəllənin həmin məsələni tənzimləyən aşağıdakı müddəalarına əsasən (2012-ci il tarixədək qüvvədə olan redaksiya): - maddə 157.9. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. - maddə 246.1. Bu məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. -- maddə 246.3. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. - maddə 246.4. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. -246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. -- maddə 247.2. Satınalma qiyməti müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən, əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir. - maddə 247.3. Mülkiyyətçi ilə razılaşmaya əsasən ona dövlət ehtiyacları üçün alınan sahənin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə bilər. - maddə 248.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarı ilə və ya satınalma qiyməti ilə razı olmadıqda bu barədə məhkəməyə müraciət edə bilər. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarından məhkəməyə şikayət verildikdə, bu Məcəllənin 246.4-cü maddəsində nəzərdə tutulan müddətlərin axımı dayandırılır. - maddə 248.2. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddia bu Məcəllənin 246.3-cü maddəsində göstərilmiş bildirişin sahənin mülkiyyətçisinə göndərildiyi gündən, satınalma qiymətindən iddia isə bu Məcəllənin 247.1-ci maddəsində göstərilən ödəmənin həyata keçirildiyi gündən bir il ərzində verilə bilər.

37. Göründüyü kimi, iddiaçının ona məxsus torpaq sahəsinin alındığını iddia etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən satınalma qiyməti ilə bağlı iddianın məhkəmədə irəli sürülməsi üçün 1 illik iddia müddəti müəyyən edilmiş, iddiaçı isə bu müddəti ötürməklə, 12 ildən çox müddət keçdikdən sonra kompensasiya tələbi ilə məhkəməyə müraciət etmişdir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 39.Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbinin təmin olunması üçün əsas olmadığından iddia tələbi təmin olunmamalıdır.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar