Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2223/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X9) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı “çıxarış verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 69 saylı bağ sahəninin adına Daşınmaz qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “169” saylı bağ sahəsi mövcuddur. Bu barədə 16 dekabr 2003-cü il tarixli, 9-2003 saylı Protokoldan çıxarış da vardır. Həmin Çıxarış “NORD" Bağçılıq Yoldaşlığı sədri tərəfindən verilmişdir. İddiaçı eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Ərazi İdarəsinin Hövsan qəsəbəsində yerləşən “NORD” Bağçılıq Yoldaşlığı üzvlərinin siyasi haqqında məlumatdan da aydın görmək olar. Ona görə də iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “169” saylı bağ sahəsini özəlləşdirmək istəyir. İddiaçı həmin bağ sahəsini özəlləşdirmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ordan imtina cavabı almışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “170” saylı bağ sahəsinə uyğun gəlir. Bundan əlavə, tərəfinizdən iddia olunan “170” saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssislərin ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin hasarın sökülərək qərb hissəsinə tərəf çəkilməsi nəticəsində qonşu bağ sahəsinin (168) azaldıldığı müəyyən edilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “169” saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və İddiaçı çıxarışın verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********79 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “170” saylı bağ sahəsinə uyğun gəlir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin hasarının sökülərək qərb hissəsinə tərəf çəkilməsi nəticəsində qonşu torpaq sahəsinin (168 nömrəli) ölçüsünün azaldığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 16/358 nömrəli Qərarına əsasən “Nord” Bağçılıq Yoldaşlığının 200 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır.
6. 16/358 saylı qərara əsasən Hövsan qəs., “NORD” bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsinin bölgü sxemi iş materiallarına əlavə edilmişdir.
7. “NORD” Bağçılıq Yoldaşlığın xx.xx.2003-cü il tarixli 9-2003 saylı Protokolundan Çıxarışa əsasən X7 “Nord” bağçılıq yoldaşlığa üzv qəbul edilmişdir və 169 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir.
8. Hövsan qəsəbəsində yerləşən “NORD” bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin siyahısı haqqında məlumata əsasən Bakı şəhəri X8 İcraiyə Komitəsinin 16/358 saylı 12 oktyabr 1985-ci il tarixli qərarına əsasən Hövsan qəsəbəsində yerləşən “Nord” bağçılıq-yoldaşlıq kollektivi üzvlərinə verilmiş torpaq sahələrinin siyahısı: ...74. Acıyev S.Ə – 169,170
9. İş materiallarına əlavə olunmuş üzvlük kitabçasının surətindən görünür ki, “NORD” Bağçılıq Yoldaşlığın xx.xx.2003-cü il tarixli 9-2003 nömrəli Protokoluna əsasən İddiaçı 500 kv.m torpaq sahəsi ayrılmışdır.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Nord” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 169 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq “Nord” bağçılıq yoldaşlıq birliyinin bölgü sxeminin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Nord” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 168 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, “Nord” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında 168 saylı bağ sahəsi Əliyeva A.İ (siyahıda olduğu kimi) adına göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 168 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X9 ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin müraciət daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********23 nömrəli xx.xx.2018-ci il tarixli bildirişlə cavablandırılmışdır.
12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X9 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) Aktına əsasən göstərilən bağ sahəsi 170 saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhəddi şərtidir. Tikili yoxdur. Hər iki bağ sahəsi ərizəçinin adınadır.
14. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) Aktına əsasən sahəyə xx.xx.2021-ci il tarixdə vətəndaşın iştirakı ilə yenidən baxış keçirilmişdir. Vətəndaş əvvəl göstərdiyi ərazini yenidən göstərmişdir və ona bağçılıq yoldaşlığı tərəfindən bu ərazinin ayrıldığını, ümumi ərazidə 169 və 170 saylı bağların yerləşdiyini bildirmişdir. Qərb hissədəki sahənin ona aid olmadığını və digər vətəndaşlara aid olduğunu demişdir. Məlumat üçün bildirilir ki, elektron baza məlumatlarına əsasən həmin ərazini digər bir vətəndaş 168 saylı bağ sahəsi kimi göstərib. Təkrar baxış zamanı məlum olmuşdur ki, vətəndaş əvvəl mövcud olan hasarı sökərək 2 metr qərb hissəyə 168 saylı bağ kimi göstərilən sahəyə tərəf yenidən hasar çəkib. Buna səbəb kimi ona aid olan 169 sayın bağın sahəsinin az olmasını bildirmişdir. Əvvəl keçirilən yerli baxışda 169 və 170 saylar kimi göstərilən ərazinin ümumi sahəsi 945 kv.m idi, faktiki isə 996 kv.metrdir. 169 saylı bağ sahəsinin faktiki sahəsi 496 kv.m təşkil edir. Belə olan halda 168 saylı bağ sahəsi kimi göstərilən sahəyə 385.0 kv.m qalır. Digər tərəfdən məlumat üçün bildirilir ki, elektron baza məlumatlarında 169 və 170 kimi göstərilən ümumi sahənin şərq hissəsi 171 saylı bağ sahəsi kimi qeydiyyatdan keçib. Ümumi ərazidə elektron baza məlumatlarında 79/775a s/b sahəsi qeydiyyatdan keçərkən idarəyə yeni bölgü sxemi və izahat təqdim edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
27. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
28. X15 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
29. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
30. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən B-61 saylı torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmişdir.
31. Məhkəmə iş materiallarını araşdıraraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 169 saylı bağ sahəsinə münasibətdə müəyyən edir ki: - “NORD” Bağçılıq Yoldaşlığın xx.xx.2003-cü il tarixli 9-2003 saylı Protokolundan Çıxarışa əsasən X7 “Nord” bağçılıq yoldaşlığa üzv qəbul edilmişdir və 169 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. - İş materiallarına əlavə olunmuş üzvlük kitabçasının surətindən görünür ki, “NORD” Bağçılıq Yoldaşlığın xx.xx.2003-cü il tarixli 9-2003 nömrəli Protokoluna əsasən İddiaçı 500 kv.m torpaq sahəsi ayrılmışdır. - Hövsan qəsəbəsində yerləşən “NORD” bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin siyahısı haqqında məlumata əsasən Bakı şəhəri X8 İcraiyə Komitəsinin 16/358 saylı 12 oktyabr 1985-ci il tarixli qərarına əsasən Hövsan qəsəbəsində yerləşən “Nord” bağçılıq-yoldaşlıq kollektivi üzvlərinə verilmiş torpaq sahələrinin siyahısında X3 adı qeyd olunmuşdur (74. Acıyev S.Ə – 169,170).
32. Məhkəmə hesab edir ki, Bakı şəhəri Tikinti Mexanizasiya Trestinin 204 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin “Mübarək” Bağçılıq kollektivinin 27 noyabr 1998ci il tarixli 3 nömrəli protokolundan X6 üzvünün 22 nömrəli kitabçası ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X15 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
33. Cavabdeh orqan imtinanın əsası kimi torpaq sahəsinin hasarının sökülərək qərb hissəsinə tərəf çəkilməsi nəticəsində qonşu 168 nömrəli torpaq sahəsinin (bağların bölgü sxeminə əsasən X5 ayrılmış) ölçüsünün azaldığını bildirmiş və müayinə aktında qeyd etmişdir ki, vətəndaş əvvəl mövcud olan hasarı sökərək 2 metr qərb hissəyə 168 saylı bağ kimi göstərilən sahəyə tərəf yenidən hasar çəkib, əvvəl keçirilən yerli baxışda 169 və 170 saylar kimi göstərilən ərazinin ümumi sahəsi 945 kv.m idi, faktiki isə 996 kv.metrdir. 169 saylı bağ sahəsinin faktiki sahəsi 496 kv.m təşkil edir, belə olan halda 168 saylı bağ sahəsi kimi göstərilən sahəyə 385.0 kv.m qalır.
34. Məhkəmə ilk növbədə qeyd edir ki, Hövsan qəsəbəsində yerləşən “NORD” bağçılıqyoldaşlıq kollektivi üzvlərinin siyahısı haqqında məlumata əsasən Bakı şəhəri X8 İcraiyə Komitəsinin 16/358 saylı 12 oktyabr 1985-ci il tarixli Qərarına əsasən Hövsan qəsəbəsində yerləşən “Nord” bağçılıq-yoldaşlıq kollektivi üzvlərinə verilmiş torpaq sahələrinin siyahısında X3 adına 169 saylı və 170 saylı bağ sahələri ayrılmışdır və İddiaçı Əlizan qızı hazırda 169 nömrəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. İş materiallarına əlavə olunmuş üzvlük kitabçasının surətindən isə görünür ki, “NORD” Bağçılıq Yoldaşlığın xx.xx.2003-cü il tarixli 9-2003 nömrəli Protokoluna əsasən İddiaçı ayrılmış torpaq sahəsinin sahəsi 500 kv.m təşkil edir. Eyni zamanda 169 saylı torpaq sahəsinin bölgü sxemindəki yeri və hazırki yerləşmə mövqeyi üst-üstə düşür. Odur ki, iddiaçı X1 qanuni istifadəsində olan 169 saylı torpaq sahəsinin faktiki ölçüsü və yeri hüquqmüəyyənedicisi sənədlərlə uyğunluq təşkil edir.
35. Digər tərəfdən məhkəmə nəzərə alır ki, cavabdeh orqan məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda “Nord” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında 168 saylı bağ sahəsinin Əliyeva A.İ (siyahıda olduğu kimi) adına göstərildiyini qeyd etsə də, eyni zamanda X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 168 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir (daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********23 nömrəli xx.xx.2018-ci il tarixli bildirişlə cavablandırılmışdır).
36. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
37. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı ray, Hövsan qəsəbəsində yerləşən sahəsi “NORD” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 169 saylı bağ (torpaq) sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva