Məhkəmə qərarları › İş №2-1(112)-2225/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2225/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2225/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə (üçüncü şəxs Cavabdeh) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək keçmiş gəlini Cavabdeh və onun himayəsində olan nəvələri xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir.

2. Qaradağ Rayon Polis İdarəsi 069-11634B-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı şəhəri, Ələt qəsəbəsi, E.İmanov küçəsindəki 3 nömrəli evin 10-cu mənzilində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh, X12 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Buna görə də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

3. Bundan sonra iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun himayəsində saxlanılan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək cavabdeh qismində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin göstərilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarili qərardadları ilə Cavabdeh əsl cavabdeh Qaradağ Rayon Polis İdarəsi (bundan sonra – Cavabdeh) ilə əvəz edilmiş, Cavabdeh üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı X13 ilə xx.xx.1978-ci ildə ailə qurmuşdur. Bu nikahdan xx.xx.1979-cu il təvəllüdlü X15, xx.xx.1988-ci il təvəllüdlü X14 anadan olmuşdur. İddiaçı ailəsi ilə Bakı şəhəri, Ələt qəsəbəsi, 1587-ci keçid, ev 3, mənzil 10-da yaşamış, həmin mənzili xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. İddiaçının X2 08 noyabr 2013-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 anadan olmuşdur. Cavabdeh xx.xx.2015-ci ildə həmin evə qeydiyyata salınmışdır. X2 və Cavabdeh arasında nikah Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)- 849/2019 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 anasının himayəsində saxlanılmışdır. ünvan 1-da iddiaçı, uşaqları Vüqar, Mürsəl, Vüqarın həyat yoldaşı X9, Vüqarın qızı X10, Mürsəlin keçmiş həyat yoldaşı Cavabdeh, birgə nikahdan doğulmuş uşaqları X12 və X13 və mülkiyyətçi X13 qeydiyyatdadırlar. Cavabdeh boşandıqdan sonra Qaradağ Rayon Məhkəməsinə müraciət edərək qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, E.İmanov küçəsi, ev 3, mənzil 10-a istifadə hüququ tanınmaqla evə köçürülmə, istifadə qaydalarının müəyyən edilməsi haqqında iddia qaldırmış, Qaradağ Rayon Məhkəməsinin 2 (002)-2231/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmişdir. X11 31 oktyabr 2020-ci ildə vəfat etmişdir. Oğlu Mürsəlin keçmiş həyat yoldaşı Cavabdeh uşaqları ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Cavabdeh və uşaqları 10 saylı mənzildə qeydiyyatda olduqlarından mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bunun nəticəsində mənzil və kommunal xidmət haqqını artıq məbləğdə ödəməyə məcbur olur.

6. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, iddia mümkün iddiadır, Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1986-cı il tarixli 070312 saylı orderindən görünür ki, yaşayış sahəsinin dəyişdirilməsinə əsasən X13 3 nəfər ailə üzvü ilə ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilə köçürülmüşdür. X1 ilə yanaşı onun arvadı İddiaçıİ-nin, oğlu Bayramov V.Ə-nin və qızı Bayramova C.Ə-nin adı qeyd edilmişdir.

13. 03.09.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilə X5 xüsusi mülkiyyət hüququ 03/1980 saylı reyestr kitabının 103 saylı vərəqində qeydiyyata alınmışdır.

14. AZ-İİ №124453 saylı ölüm haqında şəhadətnaməyə əsasən X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

15. Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1951-ci il tarixdə anadan olmuş və xx.xx.2020-ci il tarixə ölmüş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün onun vərəsələrindən İddiaçı, X15 və X6 daxil olmuş müraciətinə əsasən 292/2021 nömrəli vərəsəlik işi açılmışdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 1157-1.2-ci maddəsinə görə mrasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.

17. Məhkəmə iddiaçının mülkiyyətçi Ə.Bayramovun vərəsəsi olmasını və onun mirasın mühafizəsi ilə bağlı tədirləri həyata keçirmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur.

18. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

20. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

21. İddia həm də əsaslıdır. Belə ki, hazırkı məhkəmə qərarının 12-ci bəndində istinad olunanlardan da müəyyən olunduğu kimi, ünvan 4 ünvanında yerləşən 10 saylı mənzil X5 xüsusi mülkiyyətində olmuş, o, xx.xx.2020-ci il tarixdə ölmüşdür.

22. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-849/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X14 ilə Cavabdeh arasında 08 noyabr 2013-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 1197 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X4 Cavabdeh himayəsində və yanında saxlanılması qət edilmişdir.

23. AZ-İ №329489 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X14 ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 167 nömrə ilə qeyd aparılmışdır.

24. Cavabdehin xx.xx.2021-ci il tarixli 069-18513-1221 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi ev 3, mənzil 10-da yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin ünvanda qeydiyyatda olan X12 xx.xx.2018-ci il və X13 xx.xx.2017-ci il tarixdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərindən birinin, anası - Cavabdeh yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlılardır.

25. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-2231/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Səfərağa qızı cavabdehlər X14 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.İmanov küçəsi, 3 saylı evin 10 saylı gəlin gəldiyi mənzilə övladları X12 və X13 ilə birlikdə istifadə hüququnun tanınması ilə köçürülməsi və orda istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Həmin qətnamə ilə Cavabdeh iddia tələbi təmin olunmamışdır. Məhkəmə qərarında göstərmişdr ki, “...iddiaçının yalnız həmin evə gəlin köçüb yaşaması, onun azyaşlı övladları ilə birlikdə qaynatası cavabdeh X8 məxus olan mənzilə istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Ona görə də iddiaçının tələbi təmin edilməməlidir. Çünki, iddianın təmin edilməsi mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olan cavabdehin mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının pozulması deməkdir. ... İş materiallarından görünür ki, iddiaçı cavabdeh X14 ilə 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, mübahisə predmeti olan mənzilə gəlin köçmüş və 2019-cu il tarixdə aralarında olan nikah pozulmuşdur. Göründüyü kimi, tərəflər arasında mübahisə predmeti olan mənzilə dair hüquq münasibətləri məhz 2013-cü il tarixdən sonra yaranmışdır. Həmçinin, məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil müvafiq sənəd əsasında cavabdeh X8 verildiyindən, onun həmin mənzilə dair hüquqları mülkiyyət hüquqları konteksində nəzərdən keçirilməli və iddiaçının onun keçmiş ailə üzvi hesab olunmadığından, hazırki iş üzrə tərəflər arasında yaranan mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin normaları əsasında həll edilməlidir. ... Məhkəmə araşdırması zamanı iddiaçı X7 ilə cavabdeh mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olan X13 arasında qanunda nəzərdə tutulmuş notarial qaydada təsdiq olunmuş razılaşmanın olması və bu hüququn dövlət qeydiyyatından keçməsi müəyyən edilməmişdir. Belə ki, iddiaçı həmin mübahisəli mənzilə istifadə hüququnun yaranmasını yalnız ora gəlin köçüb, müvəqqəti orada yaşaması, həmin mənzildə qeydiyyatda olması ilə əlaqələndirmişdir ki, bu hal qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququnun yaranmasına əsas olan mülkiyyətçi ilə notarial formada bağlanılmış razılaşmanı əvəz edə bilməz və bu fakt notarial razılaşma kimi kimi qiymətləndirilə bilməz. Bu hal qanunvericiliyin tələblərinə ziddir.” Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-2231/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmişdir.

26. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh, X4 və X5 ünvan 1 ünvanı üzərində istifadə hüququnun dövlət reyestrində qeydə alınmasına dair məlumat aşkar edilməmişdir.

27. İşdə olan 132 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 282 saylı arayışından görünür ki, Cavabdeh, X12 və X13 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi ev 3 ünvanında yerləşən 10 saylı mənzildə yaşamırlar.

28. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, Cavabdeh 08 noyabr 2013-cü il tarixdə X14 ilə nikaha daxil olmuş, xx.xx.2019-cu il tarixdə bu nikah ləğv edilmiş, Cavabdeh 10 saylı mənzilə istifadə hüququ tanınmaqla köçməsi barədə tələbi onun istifadə hüququnun olmaması əsası ilə təmin edilməmişdir.

29. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

30. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

31. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.

32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

33. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

34. Hazırkı məhkəmənin qərarının 17-24-cü bəndlərində sadalananlara əsasən üçüncü şəxs Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən mübahisəli əmlaka istifadə hüququnun olmaması və hazırda həmin mənzildə yaşamaması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh ünvan 5 ünvanında yerləşən 10 saylı mənzildən qeydiyyatdan çıxaırılması hissəsində əsaslıdır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar.

36. Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarıldığından, məhkəmə hesab edir ki, onun himayəsində olan və mübahisəli mənzildə yaşamayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 həmin mənzildə qeydiyyatda qalması üçün əsas da yoxdur. Buna görə də iddia tələbi həmin hissədə də təmin olunmalıdır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. xx.xx.1989-cü il təvəllüdlü Bayramova (Yasinova) Noğul Cəfərağa qızının, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ünvan 5 ünvanında yerləşən 10 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar