Məhkəmə qərarları › İş №2-1(112)-2225/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2225/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2225/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması öhdəliynin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, buraxılış ili 2016-cı il olan, “Volkswagen Touareg” minik markalı, universal tipli, XWBZZZPZGG002565b ban nömrəli, qara metallik rəngli avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılmasının Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, buraxılış ilil 2016-cı il olan, “Volkswagen Touareg” minik markalı, universal tipli, XWBZZZPZGG002565b ban nömrəli, qara metallik rəngli avtomobil Azərbaycan Respublikasına gətirilmiş, Azərbaycan Respublikasında Gömrük qeydiyyatından keçmişdir. Göstərilən avtomobili 15 dekabr 2020-ci il tarixdə alqıatqı qaydasında almış və həmin tarixdə adına göstərilən avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobili alqı-satqı qaydasında əldə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 11 dekabr 2020-ci il tarixli məktubu təqdim edilmişdir. Göstərilən məktubdan görünür ki, buraxılış ili 2016-cı il olan, “Volkswagen Touareg” minik markalı, universal tipli, XWBZZZPZGG002565b ban nömrəli, qara metallik rəngli avtomobilin axtarışda olması barədə İNTERPOL-un Baş Katibliyinin «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Buna görə də göstəilən avtomobili hər cür mümkün iddialardan azad və arxayın surətdə əldə etmiş və avtomobili əldə edərkən avtomobilə dair onda hər hansı şübhə olmamışdır. Lakin göstərilən avtomobil onun adına X3i orqanlarında qeydiyyata alındıqdan sonra, yəni 19 aprel 2021-ci il tarixdə həmin avtomobilin axtarışda olmasına dair məlumat daxıl olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı İddiaçı vicdanlı olmağı müəyyən edilmiş və buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi və həmini avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına baxılması üçün BDYPİ Qİİ-nə göndərilməsi qərara alınmışdır. Avtomobili əldə edərkən avtomobilə dair başqa şəxslərin mümkün iddialarını bilmədiyindən, göstərilən avtomobili vicdanlı əldə edən şəxsdir. Belə ki, göründüyü kimi, Azərbaycan Respublikasının istintaq orqanları tərəfindən buraxılış ili 2016-cı il olan, “Volkswagen Touareg” minik markalı, universal tipli, XWBZZZPZGG002565b ban nömrəli, qara metalik rəngli avtomobilin əldə edilmə əsasları araşırılmış və həmin avtomobilin istər həmin avtomobilin əvvəlki sahibi və həm də hazırkı sahibi olan iddiaçı tərəfindən qanuni əsaslarla əldə edilməsi müəyyən olunmuşdur. «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir k, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Göstərilənlərə əsasən göstərilən avtomobilin dəyərini tam şəkildə ödəməklə avtomobili əvəzli və həm də vicdanlı şəkildə əldə etdiyindən, habelə həmin avtomobili alqı-satqı qaydasında əldə etdiyi zaman həmin avtomobilə dair başqa şəxslərin mümkün iddialarının və hüquqlarının olmasını bilmədiyindən, bununla da göstərilən avtomobili alqı-satqı qaydasında əldə etdiyi zaman həmin avtomobilə dair bağladığı əqd üzrə həmin əqdin legitimsizliyi barədə onda şübhə yaranmadığından, göstərilən avtomobil üzərində alqı-satqı qaydasında mülkiyyət hüququ əldə etmiş və hazırda həmin avtomobilin mülkiyyətçisidir. Buna görə də göstərilən avtomobilin qeydiyyata alınmasını tələb etməkdə haqlı olduğunu bildirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər (yaxud onların nümayəndələri) üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "Volkswagen Touareg" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi barədə müraciətinə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, "Volkswagen Touareg" markalı, ban nömrəsi: XW8ZZ27PZGG002565 olan nəqliyyat vasitəsinin Rusiya Federasiyası tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən həmin nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəyi halda mümkün ola biləcəyi bildirilmişdir. - AR DİN BDYPİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AD № 979581 nömrəli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Touareg” minik markalı, universal tipli, buraxılış ili 2016-cı il olan, XWBZZZPZGG002565 ban nömrəli, qara metallik rəngli avtomobilin sahibi İddiaçıdır. - BDYPİ-nin elektron sistemindən alınmış xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsi barədə məlumatın surətindən görünür ki, “VTB” Lizinqə məxsus “Volkswagen Touareg” minik markalı, universal tipli, XWBZZZPZGG002565 ban nömrəli, qara metallik rəngli avtomobil Rusiya Federasiyasının Cinayət Mcəlləsinin müvafiq maddəsi üzrə başlanılmış cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Sverdlovsk vilayəti, DİN Operativ Axtarış İdarəsi tərəfindən dövlərlərarası axtarışa verilmişdir. Axtarış xx.xx.2022-ci il tarixdə BDYPİ-də uçota alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubunun mətnindən görünür ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN: XW8ZZZ7PZGG002565 olan, H474CE89 qeydiyyat nişanlı, qara rəngli, “VOLKSWAGEN” markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında oğurlanmış və xx.xx.2022-ci il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırda axtarışda olan ona məxsus “Volkswagen Touareg” minik markalı, XWBZZZPZGG002565 ban nömrəli, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb edir. Avtomobilin axtarışda olması işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, mübahisəli avtomobil Rusiya Federasiyasında oğurlanan avtomobildir və həmin avtomobil oğurluq cinayətinin predmetini təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin imtinası qanunauyğun olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə görə inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə, avtomobilin qeydiyyat şəhadətnaməsinə və digər iş materiallarına əsasən XWBZZZPZGG002565 ban nömrəli olduğu müəyyən edildiyindən iddia tələbində ban nömrəsinin XWBZZZPZGG002565b kimi qeyd edilməsini texniki xəta kimi qəbul edir. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar