Məhkəmə qərarları › İş №2-1(112)-2226/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2226/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2226/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli, İHO-3214 seriyalı diplom üzrə ali təhsil sahəsində İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü il tarixdə Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4”-nin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 2018-ci il tarixdə təhsilini başa vurmuşdur. Rusiya Federasiyasının Dövlət İmtahan Mərkəzinin qərarı ilə bakalavr dərəcəsi almış və 09 iyul 2018-ci il tarixli, İHO-3214 qeydiyyat nömrəli bakalavr diplomu vermişdir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün sənədləri cavabdeh orqana təqdim etmişdir. Onun diplomun təsdiqi barəsində ərizəsinə cavab olaraq cavabdeh tərəfindən 28 iyul 2023-cü il tarixli xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərarın hüququ əsası kimi qeyd edilmişdir ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamış və bu da kvalifikasiyanın tanınmasından imtina edilməsinə səbəb olmuşdur. Bununla bağlı qeyd edir ki, iddiaçı X1 qiyabi təhsil almış və qeyd edilən hüquq əsas qiyabi təhsil alanlara şamil edilmir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: -1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. -1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. -1.4-cü bəndinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaşçıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. -3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinəəsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. -3.4-cü bəndinə əsasən, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. -3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. -3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspeıt rəyi; Azərbaycan Respublikasının müvafiq sahəüzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə də, Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən verilmiş diplom üzrə ali təhsil sahəsində mənim İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməlidir. “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinəəsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X7 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası Moskva Beynəlxalq Universiteti tərəfindən ona verilmiş xx.xx.2018-ci il tarixli, № 137705 ******* nömrəli diplom üzrə əldə etdiyi “İqtisadiyyat" ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmişdir. Qeyd etmək istərdik ki, qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra-Qaydarlar) təsdiq edilmişdir. Bununla bağlı bildirirlər ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (bundan sonra - Milli Kvalifıkasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.3cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının X3 vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il- getməyib, İİ il- getməyib, İİİ il- getməyib, İV il- 4 gün.

2. Baxmayaraq ki, iddiaçının əldə etdiyi diplom əlavəsində onun təhsilalma forması qiyabdir, o, qiyabi ilə birliktə distant təhsil aldığını da bildirir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur:

1. əyani;

2. qiyabi;

3. distant (məsafədən);

4. sərbəst (eksternat);

5. Sözügedən Qanunda bizə məlum olur ki, təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında təlim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativhüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auiditoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir. Yekun olaraq qeyd etmək istərdik ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qərarlar çıxarırlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - notarial qaydada tərcümə və təsdiq edilmiş Rusiya Federasiyası Muxtar Qeyri- Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli, İHO-3214 seriyalı diplomundan görünür ki, İddiaçı həmin universitetin iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. - Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli, İHO-3214 seriyalı diploma əlavədən görünür ki, əyani təhsil formasında bakalavr proqramına yiyələnmə müddəti 4 il olduğu qeyd edilmişdir. Təhsil proqramının həcmi 240 z.v. kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Təhsildə X5 xx.xx.2023-cü il tarixl NA00014486 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar ilə, müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. - Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli Arayışda iddiaçının aldığı təhsil forması - qiyabi distant təhsil texnologiyalarından istifadə olunmaqla göstərilmişdir. - Sərhədkeçmə məlumatlarının sorğulanması məlumatlarından görünür ki, İddiaçı sərhəd keçməsi aşağıdakı kimi olmuşdur: Müddə Tarix Nəzarət məntəqəsi Təyinat üzrə Giriş/çıxış xx.xx.2014 09:12 X9 Aeroportunda DSBM ANTALYA Çıxış 9 gün xx.xx.2014 18:17 X9 Aeroportunda DSBM ANTALYA Giriş 9 gün xx.xx.2015 10:13 X9 Aeroportunda DSBM ANTALYA Çıxış xx.xx.2015 18:05 X9 Aeroportunda DSBM ANTALYA Giriş 3 gün xx.xx.2018 08:52 X9 Aeroportunda DSBM MOSKVA Çıxış xx.xx.2018 04:18 X9 Aeroportunda DSBM MOSKVA Giriş xx.xx.2021 06:22 X9 Aeroportunda DSBM BODRUM Çıxış 6 gün xx.xx.2021 16:00 X9 Aeroportunda DSBM BODRUM Giriş

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra iddia qaldırmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassızdır. Göstərilənlrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə desək Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli, İHO-3214 seriyalı diplomun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli, İHO-3214 seriyalı bakalavr diplomundan görünür ki, iddiaçıya həmin universitetin iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. İddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikası Təhsildə X8 müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixl NA00014486 nömrəli qərar ilə, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində (İ il- getməyib, İİ il- getməyib, İİİ il- getməyib, İV il- 4 gün.) olmuşdur. Baxmayaraq ki, iddiaçının əldə etdiyi diplom əlavəsində onun təhsilalma forması qiyabdir, o, qiyabi ilə birliktə distant təhsil aldığını da bildirir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: 1.əyani; 2. qiyabi; 3.distant (məsafədən); 4. sərbəst (eksternat); Sözügedən Qanunda məlum olur ki, təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Göründüyü kimi, cavabdehin imtinada göstərilən dəlili ondan ibarətdir ki, sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün hesab olunur. Məhkəmə qeyd edir ki, şəxsin tədris prosesində qısa müddət ərzində tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir. Həmin diplom tanındığı təqdirdə belə, iddiaçının təhsil aldığı dövrü ərzində tələb olunan müddətdən az zəruri dərs saatlarında iştirak etməməsi, onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə tələb olunan müddətdən az olmasına görə təhsilinin səviyyəsinin qənaətbəxş hesab etməyərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun: - 1.0.7-ci maddəsinə görə, bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşəixtisas dərəcəsidir. - 1.0.8-ci maddəsinə görə, bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. - 13.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). - 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasıvətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın: -5.5-ci bəndinə əsasən Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7.1-ci yarımbəndinə əsasən Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadan kənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. -8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180- 240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. -8.7.5-ci yarımbəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarına əsasən: 1.“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilsin (əlavə olunur). 2.1. Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. 2.2. Tanınmaya dair müraciətlər elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyultarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 8.3. Ərizəçi Nazirliyin Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də tanınma ilə bağlı qərarlarından inzibati və (vəya) məhkəmə qaydasında şikayət verə bilər. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Məhkəmə hesab edir ki, hazırki işin xüsusi halları baxımından məhkəmələrin gəldiyi iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyinə və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair nəticə əsaslı hesab edilə bilər. Belə ki, iddiaçı İ, İİ, İİİ tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmiş, İV tədris ili üzrə yalnız 4 gün müddətində həmin ölkədə olmuşdur. İddiaçının dəlili ondan ibarətdir ki, o, ilk dörd il ərzində qiyabi təhsil almış, mənimsəmə üzrə imtahanları internet üzərindən yerinə yetirmiş, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurət olmamışdır. İddiaçının təhsil aldığı universitet tərəfindən verilmiş məktubda da göstərilmişdir ki, universitet təhsilin həyata keçirilməsi üçün müxtəlif təhsil texnologiyalarından, o cümlədən distant təhsil texnologiyalarından və elektron təhsil proqramlarından istifadə edib. Göstərilənlərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçı İ, İİ, İİİ tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur. Məhkəmə, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Məhkəmə, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, analoji mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin “diplomun tanıması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” ilə bağlı mübahisələrə dair 2-1(102)-2762/2023 və s. qərarlarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olaraq göstərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz yən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X2rşı Rusiya Federasiyası Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatı “X4” tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli, İHO-3214 seriyalı diplom üzrə ali təhsil sahəsində İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar