Məhkəmə qərarları › İş №2-1(112)-2228/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2228/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2228/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçının mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 1243b saylı ümumi sahəsi 0,12 hektar olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçının mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (arayış) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X6 Bakı Şəhər İcraiyyə Komitəsinin xx xxx 1992-ci il tarixli 707 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsindən 0,12 ha torpaq sahəsi ayrılmış və onun adına Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və X5 bağlar sahəsindəki 218 nömrəli kooperativi tərəfindən 157 nömrəli order tərtib edilmişdir. Atası sağ olarkən Pirşağı bağlar sahəsində onun bağ sahəsinin olduğunu bildirsə də, həmin bağ sahəsinin yerini onlara göstərməmişdir. Atası öldükdən sonra həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina edərək bildirmişdir ki, bağ sahəsinin yerini tanımadığından və bağ sahəsinə dair arxiv cizgisi olmadığından bağ sahəsinin yerini təyin etmək mümkün olmamışdır. Həmçinin bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Bağ sahəsinin yerini tanımasalar da həmin bağ sahəsinə dair atasının adına verilmiş hüquq müəyyənedici sənəd (order) mövcuddur. Bağ sahəsinə dair arxiv cizgisi olmaması və bağ sahəsinin nömrəsinin sxematik xəritədə öz əksini tapmaması onun deyil, inzibati orqanın səhvi ucbatından olmuşdur.Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli, **********79 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 1243b saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, bağ sahəsinin yerini tanımadığından və bağ sahəsinə dair arxiv cizgisi olmadığından bağ sahəsinin yerini təyin etmək mümkün olmamışdır. Bundan əlavə bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Buna görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, S-104-112 saylı arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992ci il tarixli, 39 saylı protokolu) 707 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamdan çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1988ci il 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin x xxxx 1988-ci il 195 saylı qətnaməsinə əsasən vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılması qərar alınmışdır. Sıyahının 157-ci bəndində X6 – Pirşağı ərazisindəki 218 saylı BTK. İşdə olan Bakı şəhəri icraiyyə komitəsinin X2 və X5 bağlar sahəsindəki 218 saylı kooperativ tərəfindən verilmiş 157 saylı orderin surətindən görünür ki, X6 Bakı şəhər icraiyyə komitəsinin xx xxx 1992-ci il tarixli 707 saylı qərarına əsasən Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1243b saylı bağ sahəsi ayrılmışdır. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 1243b saylı ümumi sahəsi 0,12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum atası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını tələb edir. Həmin torpaq sahəsinin mərhum atası X6 Bakı Şəhər İcraiyyə Komitəsinin xx xxx 1992-ci il tarixli 797 saylı qərarına əsasən, Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və X5 Bağlar sahəsindəki 218 nömrəli kooperativi tərəfindən 157 nömrəli orderlə ayrıldığını göstərmişdir. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X2 və istismarı birliyinin Pirşağı bağlar sahəsindəki 218 nömrəli kooperativin üzvlərinin siyahısının qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********04 saylı məktubla 218 nömrəli BTK üzvlərinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən həmin siyahıya baxış keçirilmiş və 218 nömrəli BTK üzvlərinin siyahısında X4 adının olması müəyyən edilməmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Göründüyü kimi iddiaçı X2 və X5 Bağlar sahəsindəki 218 nömrəli kooperativi tərəfindən onun mərhum atasına bağ sahəsinin ayrıldığı iddia etsə də, mərhum atası X1 üzvlüyündə olması öz təsdiqini tapmamışdır. Digər tərəfdən qanunvericiliyin tələblərinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunda onun bağ sahəsinin yerini tanımadığı və bağ sahəsinə dair arxiv cizgisi olmadığından bağ sahəsinin yerini təyin etməyin mümkün olmadığı göstərilmişdir. İddiaçının özü iddia ərizəsində bağ sahəsinin yerini bilmədiyini qeyd etmiş, həmin torpaq sahəsinin yerləşmə cizgisini məhkəməyə təqdim etməmişdir. Hazırki iddia tələbi üzrə bağ sahəsi üzərində iddiaçının mərhum atasının hüquqlarının qeydə alınması üçün qanunla müəyyən edilmiş sənədlər mövcud olmadığından, mərhum X4 adı Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və X5 Bağlar sahəsindəki 218 nömrəli kooperativin üzvlərinin siyahısında olmadığından, həmçinin torpaq sahəsi bu günədək istifadədə olmamaqla, torpaq sahəsinə dair arxiv cizgisi olmadığından iddia tələbi təmin edilə bilməz. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar