Məhkəmə qərarları › İş №2-1(112)-2228/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2228/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2228/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 16 nömrəli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsinin X1 qərara alınmışdır. Torpaqların alğı-satqısına dair akta əsasən X7 tərəfindən Əzizbəyov rayon Kapital bankının **********0 saylı hesabına torpağın dəyəri olaraq 1904 manat pul ödənilmişdir. X14 orqanının nümayəndəsi X10, torpaq alan X7 və Şəhər Torpaq Şöbəsinin müdiri Məlikov Natiq tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Akt Bakı şəhər Torpaq Şöbəsində 30 oktyabr 2007-ci il tarixdə, 4459 nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbsəində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 21.07.2020-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət olunmuş, lakin, cavabdeh 01 oktyabr 2020-ci il tarixli, **********28 nömrəli imtina məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Mərkədan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı, bank tərəfindən verilmiş qəbzin təqdim edilmədiyi və adına uyğunsuzluğun olduğunun müəyyən edildiyi də, qeyd olunmuşdur. Cavabdehin imtinasından görünür ki, imtinanın əsasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində göstərilən sənədlərinin olmamasıdır. Beləliklə, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 21.07.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı, bank tərəfindən verilmiş qəbzin təqdim edilmədiyi və ərizəçinin adında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********28 saylı, 01.10.2020-ci il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 16 nömrəli qərarının surətindən görünür ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 16.3-cü bəndinə uyğun olaraq torpaq sahəsinin satılması haqqında qərar qəbul edilərək, Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində alğı-satqı predmeti olan torpaq sahəsi Bakı şəhər sakin X4 700 kv.m torapq sahəsinin satılması barədə ərizəsi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 23 iyul 1998-ci il, 158 nömrəli Qərarına müvafiq olaraq 700 kv.m artıq torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə verilmiş arayışa uyğun Bakı şəhər sakini X1 barədə qərar qəbul edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən X4 tapşırılmışdır ki, 700 kv.m torpaq sahəsinin hər kv.m-i üçün 2.72 manat, cəmi 1904.00 manat olmaqla Şağan Bələdiyyəsinin “Kapital” Bankın Əzizbəyov rayon şöbəsində olan **********0 nömrəli hesabına ödənilməsi, bu barədə qəbzi şəhər Torpaq Şöbəsinə təqdim etməsi, 5-ci bəndinə əsasən isə X4 aldığı torpaq sahəsinin mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsi Şəhər Torpaq Şöbəsindən xahiş edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Torpaqların Alğı-satğısına dair aktın surətindən görünür ki, həmin akta əsasən ünvan 1 ünvanında yaşayan X7 şəhər bələdiyyə orqanına 10 yanvar 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərazidə Bələdiyyə orqanının iclasında baxılmış və Şağan bələdiyyə ərazisində 700 kv.m torpaq sahəsinin satılması barədə 18.09.2007-ci il tarixli, 16 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən Əzizbəyov rayon Kapital bankının **********0 saylı hesabına əvvəlcədən 1904 manat haqq ödənilmişdir. Bu akt Şağan Bələdiyyə orqanının nümayədnəsi X11, X7 və Şəhər Torpaq Şöbəsinin müdirinin iştirakları ilə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Akt Bakı şəhər Torpaq Şöbəsində 30.10.2007-ci il tarixdə, 4459 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş X12 kitabında 26.10.2007-ci il tarixdə, 3514 nömrə ilə uçota alınmış A seriyalı, 020970 nömrəli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 18.09.2007-ci il tarixli, 16 saylı qərarı ilə Əzizbəyov rayonu, Şağan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 700 kv.m torpaq sahəsi ilə bağlı plan-ölçü tərtib edilmişdir. Torpaq sahəsinin kadastr göstəricilərində əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********28 nömrəli, 01.10.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüuqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 21.07.2020-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı, bank tərəfindən verilmiş qəbzin təqdim edilmədiyi və adında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. “Daşınmaz əmmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğuu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşdə olan məhkəmənin “Əzizbəyov rayon Şağan Bələdiyyəsinin 18.09.2007-ci il tarixli, 16 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmış 700 kv.m ölçüdə torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olub-olmaması barədə məlumatın təqdim edilməsinə dair” 09.03.2021-ci il tarixli sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 14 aprel 2021-ci il tarixli, **********73 nömrəli məktubla təqdim edilmiş arayışdan görünür ki, iş üzrə müraciətə əlavə edilmiş kadastr planında (**********0053 nömrəli) qeyd edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 837 nömrəli sərəncamı ilə Xəzər rayonu Mərdəkan bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Beləliklə, iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 16 nömrəli, 18 sentyabr 2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi yaşayış məntəqəsinin hüdudları daxilində 700 kv.m torpaq sahəsi alğı-satqı qaydasında X4 ayrılmış və buna dair torpaqların alğısatqısına dair akt tərtib edilmişdir. Akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilərək, Şöbədə 30.10.2007-ci il tarixdə, 4459 nömrə ilə qeydiyyata alınmışdır. Bununla da, İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqarı yaranmışdır. Cavabdeh isə imtina cavabında və iddiaya qarşı öz mülahizəsində torpaq sahəsinin elektron kadastr məlumatına əsasən Mərdəkan bağlarının yerinin olmasına, ərazidə hasarlanma işlərinin sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirməyin mümkün olmadığına, həmçinin ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığına, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığına, bank tərəfindən qəbzin təqdim edilmədiyinə və ərizəçinin adında uyğunsuzluğun olduğuna istinad etmişdir ki, bu hallarla bağlı məhkəmə araşdırması aparılmış və araşdırma nəticəsində (mütəxəssis rəyinə əsasən) müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin kadastr planında qeyd edilmiş koordinatlara əsasən, həmin koordinatlarda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 837 nömrəli sərəncamı ilə Xəzər rayonu Mərdəkan Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu hal isə, cavabdehin torpaq sahəsinin Mərdəkan bağlarının yerində olması,hasarlanma işlərinin sxematik xəritəyə uyğun aparılmaması, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunması ilə bağlı dəlillərini əsassız edir. Eləcə də, cavabdeh bank tərəfindən verilmiş qəbzin təqdim edilməməsi və ərizəçinin adında uyğunsuzluğun olmasına istinad edərək, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ki, cavabdehin gətirdiyi həmin dəlillər imtina üçün əsas ola bilməz, formal xarakterlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X12 kitabında 26.10.2007-ci il tarixdə, 3514 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan-ölçüsü də, mövcuddur ki, həmin plan-ölçü də, mübahisəli sahənin dövlət torpaq reyestrinin aparıldığını təsdiq edir. Belə ki, həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamənin 9.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq Komitənin vəzifəsi olmuşdur. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X6 vərəsəsi X8 bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar