Məhkəmə qərarları › İş №2-1(112)-2228/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2228/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2228/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi publik hüquqi şəxsə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytında yerləşdirilmiş minirnum aylıq əmək haqlarının müəyyən illər üzrə artım statistikasına əsaslanaraq: 2007-2022 ci illər üçün əldən çıxmış faydalar qismində 25.000 (iyirmi beş min ) manat maddi, mənəvi təzmnat qismində isə 20.000 (iyirmi min) manat olmaqla cəmi 45.000 (qırx beş min) manat vəsaitin Azərbaycan Respublikası Təhsil Nazirliyindən mənə dəymiş maddi və mənəvi təzminat qismində ödənilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Ukraynanın Dnepropetrovsk şəhərində Dnepropetrovsk Milli universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur və 2004-cü ildə bu universiteti bitirmişdir. Diplomda aşağdakılar qeyd olunmuşdur: Bu diplom (№ 002853) verilir İddiaçı ondan ötrü ki, o 1999-cu ildə Dnepropetrovsk Dövlət Universitetinə daxil olmuş və 2004-ci ildə həmən universiteti hüquq ali peşə istiqaməti üzrə bitirmişdir. (Əyani) Nəzərə çatdırılır ki, iddiaçı universitetə qəbul olduğu 1999-cu ildə universitetin adı Dnepropetrovsk dövlət universiteti idi. 2000-2001-ci illlərdə Ukrayna hökumətinin müvafiq qurumlarının qərarı ilə universitet Dnepropetrovsk Milli Universiteti adlandırıldı və bu günə kimi də Dnepropetrovsk Milli Universiteti adlandırılır.Dövlət imtahan Komissiyasının 29 iyun 2004-cü il tarixli qərarı ilə ona Hüquq ixtisası üzrə Bakalavr dərəcəsi verilmişdir.Bu diplom yuxarıda qeyd edilən ixtisasla əlaqədar istənilən növ peşə fəaliyyətini həyata keçirməyə imkan verir. Sözü gedən diplomun özündə, həmçinin onun leqalizasiyasını təstiq edən ştamp mövcutdur. X4 işlər Nazirliyi tərəfindən 18 Oktyabr 2004-cü ildə leqalizasya olunmuşdur. Bundan başqa, Təhsil Nazirliyinə təhsil aldığı müddət ərzində keçdiyi fənlərdən və imtahanların qiymət cədvəlindən çıxarışı təqdim etmişdir. Cədvəldə tədris olunmuş fənlərin həcmi və alınmış yekun qiymətlər əks olunur. Yuxanda göstərilən sənədləri təqdim edərək, xarici dövlətlərin ali təhsil sahəsmdə ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən ona ilk dəfə xx.xx.2007-ci il tarixli ( H-2512/03-24) imtina məktubu təqdim olunmuşdu. Məktubda aşağıdakılar onun nəzərinə çatdırılmışdı: Məlumat üçün bildirilir ki, sizin sənədləriniz Nazirlər Kabinetinin xx.xx.2005-cü il tarixli, 64 saylı qərarı ilə təstiq olunmuş "xarici dövlətlərin al təhsil sahəsindəixtiasların tanınması və ekvivalentliyin müəyyən ediməsi nostrifikasiya qaydalarına uyğun gəlmədiyi daimi komissiya tərəfindən müəyyən olunmuş və sizə müvafiq şəhadətnamənin verilməsinin məqsədə uyğun sayılmaması haqqında qərar qəbul edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı qərarının 2.5-ci bəndinə əsasən Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilməlidir. Təhsil Nazirliyinə etdiyi çox saylı müraciətlərə baxmayaraq, ona daima eyni məzmunlu cavablar verilmiş, heç bir konkret səbəb göstərilmədən müraciətləri rədd edilmişdir. Lakin xx.xx.2014-cü il H-5841/0324 nömrəli məktubu ilə müraciətini cavablandıran Təhsil Nazirliyi bildirmişdir ki, təhsil aldığı universitetin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (5 il) iddiaçının buna riayət etmədiyi müəyyən edilmişdir. Lakin Təhsil Nazirliyi bunu nəyə və hansı araşdırmaya əsaslandığı baradə heç bir fikir bildirməmişdir. İddiaçı təhsilini əyani formada almış və lazım olan müddətə ciddi riayət etmişdir. Bunu onun pasportundakı ştamplar və digər dəlillər sübut edir. Lakin Təhsil Nazirliyinin iddiasına görə iddiaçı təhsil müddətində Ukraynada yox, Londonda olmuşdur. Bununla əlaqədar Təhsil Nazirliyi Daxili İşlər Nazirliyinin və Dövlət Səhəd xidmətinin adından məhkəməyə saxta (möhürsüz və imzasız) sənədlər təqdim etmişdir. Nəzərə çatdırılır ki, o, heç vaxt Londonda və ümumiyyətlə Avropada olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı qərarının 3.7-ci bəndinə əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmən sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqdan az olduqda (Məsələn onların sahiblərinin Doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşqul olmaq hüququ yoxdursa), Xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının məhkəməyə, təhsil nazirliyinə və Təhsildə keyfiyyət təminatı agentliyinə təqdim etdiyi sənədlərdən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından imtinaya səbəb olan əsaslardan sənədlərdə heç biri yoxdur. Belə olan vəziyyətdə Azərbaycan Respublikası Təhsil nazirliyi və ya Təhsildə keyfiyyət təminatı agentliyi ona şəhadətnamənin verilməsindən imtina etməsi mövcud qaydalara və qanunvericiliyə zidd addım idi.

3. Cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixdə ünvanlanmış məktubda bildirilmişdir ki, Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş Дİ 002853 saylı, xx.xx.2004-cü il tarixli ali təhsil haqqında sənədlərin (diplom və ona əlavə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların canınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və Nazirliyin xx.xx.2007-ci il tarixli, 41 saylı protokoluna əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin məqsədəmüvafıq hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Bu barədə iddiaçıya Təhsil Nazirliyinin xx.xx.2007-ci il tarixli H-2512/03-24 nömrəli məktubu ilə məlumat verilmişdir. Belə ki, araşdırma zamanı Dnepropetrovsk Milli Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (5 il) iddiaçının buna riayət etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasaların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi Ukraynanın qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qaran ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 3.7-ci bəndini rəhbər tutaraq, Dnepropetrovsk Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş Дİ № 002853 saylı, xx.xx.2004-cü il tarixli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə əsasən tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər.

5. Cavabdehin iddia tələbinə dair etirazında bildirilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixində xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Belə ki, mövcud qanunvericiliyə və inzibati praktikaya əsasən ərizəçiyə onun təhsil aldığı ölkədə olduğu qısa müddət tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması səbəbilə xx.xx.2007ci il tarixli imtina məktubu ilə ona müvafiq sənədin verilməsindən imtina edilmişdir. Təhsil Nazirliyinin qərarı ilə razılaşmayan İddiaçı ona verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(005)-2046/2008 nömrəli qətnaməsi ilə Təhsil Nazirliyinin xx.xx.2007-ci il tarixli qərarından şikayəti həmin dövrün qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini buraxmaqla təqdim edildiyindən iddia tələbi rədd edilmişdir. Adı çəkilən qətnamə xx.xx.2008-ci il tarixində qüvvəyə minmişdir. Daha sonra iddiaçı yenidən müraciət etsə də, iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından yenidən inzibati icraat aparmaq mümkün hesab edilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçı növbəti dəfə 2016-cı il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2-1(82)-2675/2016 saylı, 20 dekabr 2016-cı il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2-1(103)- 596/2017 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı növbəti dəfə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli H-398/03-TKTA nömrəli məktubu ilə iddiaçıya imtina məktubu təkrar göndərilmiş və hüquqi müdafiə vasitələri izah olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarını rəhbər tutaraq iddianı mümkün hesab etmiş və işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində yeni formalaşmış inzibati praktikanı nəzərə alaraq iddianın uğurlu olacağı ehtimalı olduğundan xx.xx.2022-ci il tarixli 2-1 (112)- 6299/2022 saylı qərardadı ilə yenidən inzibati icraatın aparılması cavabdehə həvalə edilmişdir. İnzibati icraat haqqında AR qanununun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-6299/2022 saylı qərardadı ilə iddiaçının sənədləri yeni inzibati praktika əsasında yenidən baxılmış və barəsində müsbət qərar qəbul edilmişdir. Göründüyü kimi İddiaçı müxtəlif vaxtlarda məhkəməyə müraciət edərək diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbi ilə çıxış etmiş, mümkün hüquqi vasitələrdən istifadə etsə də, bunu sona qədər tükətməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi maddi zərərə münasibətdə bildirilir ki, iddiaçıya qarşı cavabdehin hər hansı qanunsuz hərəkəti mövcud deyildir və bunu sübut edən sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.” Eyni zamanda iddiaçının irəli sürdüyü maddi zərərə münasibətdə bildirilir ki, bu sahədə formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçı yaranmış maddi zərəri təsdiq və həmçinin də sübut edən sənədləri təqdim edə bilməmişdir. Ali Məhkəmənin formalaşmış təcrübəsindən də göründüyü kimi, qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh İddiaçı Təhsildə X1rşı maddi və mənəvi təzminatın ödənilməsi barədə iddia tələbini rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmənin icraatında olmuş 2-1(112)-6299/2022 nömrəli iş üzrə 15 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı adına X2 Universiteti tərəfindən 04 iyul 2004-cü ildə verilən diplomun (Dİ 002853 №-li) ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza apararaq ekspert qrupu tərəfindən rəyin verilməsi üçün 3 (üç) ay müddət təyin edilmiş, həmin qərardadın icrası nəticəsində İddiaçı adına xx.xx.2004-cü il Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş Dİ № 002853 diplom Azərbaycan Respublikasında tanınmışdır. Diploma əsasən keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı yaranmış maddi zərəri təsdiq və həmçinin də sübut edən sənədləri təqdim edə bilməmişdir. II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, tələb inzibati orqanın qanunsuz hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.

10. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Qeyd edilən tələblə bağlı iddiaçı tərəfindən cavabdeh quruma müraciət edilmiş, cavabdeh kompensasiya tələbinin ödənilməsindən imtina etmişdir.

12. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...

14. Məhkəmə qeyd edir ki, X6 Məhkəməsinin presedent hüququna əsasən müəyyən edilir ki, təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.

15. Məhkəmə hesab edir ki, işin hallarına uyğun olaraq iddiaçı diplomunun tanınması üçün müraciət etsə də, işinə mahiyyəti üzrə faktiki olaraq baxılmamış, iddiaçı isə mümkün hüquqi müdafiə vasitələrini tükəndirməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəllər etdiyi müraciətinə diploma apostil şəhadətnaməsini əlavə etməmişdir. Belə ki, iddiaçının diplomuna əlavə edilmiş, 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın tələbinə uyğun Apostille şəhadətnaməsi xx.xx.2020-ci il tarixlidir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.1-ci bəndinin 3-cü hissəsinə əsasən, ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki Səfirliyində (Konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır.

16. Odur ki, iddiaçı tələb olunan sənədləri lazımi qaydada təqdim etmədiyindən və mümkün hüquqi müdafiə vasitələrini tükəndirmədiyindən şəxsə maddi zərər vurulması, eləcə də keçirdiyi fiziki əzab və ağrının hüquqazidd əməl nəticəsində yaranması qənaəti əsaslı deyil.

17. İddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində ona maddi zərər vurulduğunu, eləcə də mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.

18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar