Məhkəmə qərarları › İş №2-1(112)-223/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-223/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-223/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı-nin Cavabdehnə qarşı nişanlanma xəttinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 10 ünvanında yerləşən İddiaçı-yə məxsus yanacaq doldurma qarşısında və sol tərəfində parklanma yerinin müəyyən edilməsi və həmin ərazidə quraşdırılmış “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5 saylı əlavəsində müəyyənləşdirilmiş 1.11 nişanlanma xəttinin qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı-yə məxsus 157 saylı X8, avtomobillər üçün ehtiyat hissələri satan mağaza və digər sahibkarlıq faəliyyətini həyata keçirmək üçün tikilmiş qeyri-yaşayış sahələri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 10 ünvanında fəaliyyət göstərir. 2018-ci ilin son aylarına kimi X8nin girişi və çıxışında “Yol hərəkəti haqqında” Qanununun 5 saylı əlavəsində müəyyənləşdirilmiş 1.11 nişanlanma xətləri mövcud olmuşdur. Lakin 2018-ci ilin sonundan İddiaçı X8nin qarşısındakı 1.11 nişanlanma xətləri ləğv edilmiş, bununla da X8nə giriş yalnız yolun hərəkət bir hissəsindən icazə verilmişdir. 1.11 nişanlanma xətlərinin Cavabdeh tərəfindən ləğv edilməsi İddiaçı-yə külli miqdarda ziyan vurmuşdur. Belə ki, yolun əks hərəkət istiqamətindən yanacaq doldurmaq üçün keçməsi üçün icazənin nəzərdə tutulması onların məntəqəyə girməməsi ilə, bu isə öz növbəsində yanacaq satışının baş tutmaması ilə nəticələnir. Bundan başqa İddiaçı-yə məxsus X8nə neft məhsullarının satış üçün gətirilməsi də çətinləşmişdir. 2001-cı ildən bəri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada fəaliyyət göstərən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin əsas istiqamətlərini “neft və neft məhsullarının alqı-satqısı” və “avtonəqliyyat xidmətlərinin göstərilməsi, texniki xidmətin göstərilməsi” təşkil edir. Beləliklə Binəqədi rayonu, Binəqədi şossesi 10 ünvanında yerləşən X8nin qarşısındakı yolda “Yol hərəkəti haqqında” Qanununun 5 saylı əlavəsində müəyyənləşdirilmiş 1.11 nişanlanma xətləri ləğv olunması ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb olur. Həmin ərazidə yerləşən digər sahibkarlıq fəaliyyəti məşğul olan qeyri-yaşayış sahələri üçün 1.11 nişanlanma xətləri vacib olmasa da orada qoyulmuş, lakin İddiaçı-nin qarşısında qoyulmamışdır. Bu isə publik hüquqi şəxs olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiyasında müəyyənləşdirilmiş bərabərlik hüququnun pozulması, haqsız rəqabətin yaranması deməkdir. Bununla əlaqədar olaraq tərəflərindən Cavabdehnə müraciət edilmiş və İddiaçı X8nin qarşısında sola və geriya dönmə əməliyyatı etmək üçün 1.11 nişanlanma xəttinin çəkilməsi xahiş edilmişdir. Cavabdeh xx xxxx 2019-cu il tarixli, 08xx-xx-1093 saylı məktubu ilə 1.11 nişanlanma xəttinin çəkilməsi məqsədə müvafiq hesab edilməmişdir. Buna səbəb kimi sürücülərin həmin ərazidə sürət həddinə riayət etməməsi, iri qabaritli avtomobillərin saatlıq intensivliyinin çox olması göstərilmişdir. Cavabdeh müraciətlərini qanunsuz və əsassız olaraq təmin etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi İddiaçı X8nin qarşısında həm piyada keçidi, həm də işıqfor mövcuddur ki, bu isə Cavabdeh tərəfindən həmin ərazidə sürücülərin tərəfindən sürət həddinə riayət edilməməsi səhv məlumat olmasını təsdiq edir. Belə ki, piyada keçidinin və işıqforun olması sürücüləri həmin ərazidə sürəti azaltmasına məcbur edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Nizamnaməsinin 3.1.10-cu bəndinə əsasən Agentliyin üzərinə avtomobil yollarında nişanlanma xətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsinə dair qərarlar qəbul edilməsi və nişanlanma xətlərinin həmin normalara müvafiq olaraq çəkilməsinə nəzarət edilməsi vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Agentlik tərəfindən Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarında nişanlanma xətlərinin vəziyyəti araşdırılmış və təhlükəli yol sahələri aşkar edildiyindən həmin təhlükələrin aradan qaldırılması üçün dəyişikliklər edilmişdir. Qeyd olunan yol sahəsi təhlil edilərkən müəyyən olunmuşdur ki, orada sola və geriyə dönmə yerinin mövcud olması hərəkət təhlükəsizliyi səviyyəsinin aşağı düşməsinə, həmçinin sıxlıq və tıxac yaratmaqla nəqliyyat axınlarının fasiləsizliyinin pozulmasına gətirib çıxarır. Belə ki, həmin yerdə geriyə və sola dönən nəqliyyat vasitələri dayanaraq qarşıdan gələn nəqliyyat vasitələrini buraxmalıdır, bu isə həmin nəqliyyat vasitələrinin arxasında olan digər sürücülərin dayanmasına, yaxud qəflətən manevr edərək yanaşı zolaqlara keçməsinə səbəb olurdu. Nəticədə həmin yerdə həm yerdəyişmələr edən, həm də dayanan nəqliyyat vasitələri ciddi qəza şəraiti və tıxac yaranmasına şərait yaradırdı. Eyni zamanda həmin yol sahəsinə sutkanın əksər saatlarında, hətta bəzən gecə saatlarına belə intensiv hərəkət olur, özü də Bakı şəhərinin şimal istiqamətində əsas giriş çıxış yollarından biri olduğuna görə yük avtomobillərinin də kifayət qədər sıx hərəkəti mövcuddur. Ərazidə 60 km/s sürət müəyyən edilmişdir ki, bu da qeyd olunan mürəkkəb hərəkət şəraitində kifayət qədər təhlükəlidir. Bundan əlavə yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yolun qarşı tərəfində yerləşən avtobus dayanacağının olması şimal istiqamətda sola dönmə yerinin təşkil edilməsinə təhlükəsizlik baxımından imkan vermir. Çünki dayanacaq məntəqəsində dayanan, habelə dayandığı yerdən hərəkətə başlayan avtobuslar da həmin yol sahəsində arxadan gələn nəqliyyat axınlarına təsir edir. “Avtomobil nəqliyyatı haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən avtomobil nəqliyyatının infrastrukturu sərnişin və yük daşımalarının yerinə yetirilməsinə, yol hərəkətinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər tələblərə cavab verməlidir. “Yol hərəkəti haqqında” Qanunun 2-ci maddəsinə yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azadılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır. Beləliklə qeyd olunan yol sahəsində 1.11 nişanlama xəttinin çəkilməsi ilə sola və geriyə dönməyə icazə verilməsi həmin yoldan nəqliyyat vasitələrinin hərəkətində ani dayanmaların və qəza şəraitinin yaranmasına gətirib çıxaracaqdır. Odur ki, iddiaçının sahibkarlıq fəaliyyəti ictimaiətin maraqlarından üstün tutulmamalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 10 ünvanında yerləşən İddiaçı-yə məxsus yanacaq doldurma qarşısındakı ərazidə quraşdırılmış “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5 saylı əlavəsində müəyyənləşdirilmiş 1.11 nişanlanma xəttinin qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X6r. - 000255 №-li, xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Mülkiyyət Hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən 157 saylı Yanacaq Doldurma X1 xüsusi mülkiyyətindədir. - Cavabdeh 08-902/H-299 №-li, xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanladığı məktubdan görünür ki, Cavabdeh mütəxəssisləri tərəfindən müvafiq təhlillər apararılaraq, mövcud vəziyyət üzrə hərəkət iştirakçılarının intensivliyi və yol şəraiti öyrənilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan yol sahəsində 1.11 nişanlama xətlərinin çəkilməsi hərəkət hissələrinin xidməti səviyyəsinin aşağı düşməsinə, nəqliyyat vasitələrinin hərəkətində ani dayanmaların və qəza şəraitinin yaranmasına səbəb ola bilər. Buna səbəb ərazi üzrə sürət həddinin 60 km/saat olmasına baxmayaraq nəqliyyat vasitələrinin daha yüksək sürətlə hərəkət etməsi, qeyd olunan yol sahəsindən keçən iri qabaritti yük avtomobillərinin saatlıq intensivliyinin çox olması və geriyə dönmə və ya sola dönmə üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi üçün əlverişli şəraitin olmamasıdır. - Cavabdeh 08-xx-xx/1093 №-li, xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanladığı məktubdan görünür ki, 08-942/H-299 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda da bildirildiyi kimi, sözügedən yol sahəsində iri qabaritli yük avtomobillərinin saatlıq intensivliyinin çox olması və yol infrastrukturunun geriyə dönmə və ya sola dönmə üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə imkan verməməsi səbəbindən həmin ərazidə 1.11 nişanlama xəttinin çəkilməsi məqsədəmüvafıq hesab edilmir. Sürücülərin həmin ərazidə sürət həddinə riayət etməməsi isə əlavə fakt kimi göstərilmişdir ki, bu da təklifləri icra ediləcəyi təqdirdə yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin daha da aşağı düşməsinə gətirib çıxaracaqdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 09-11-04/914 №-li, xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə olunmuş arayışdan görünür ki, Agentliyin mütəxəssisləri tərəfindən həmin yol sahəsi müayinə edilərək hərəkət iştirakçılarının saatlıq və sutkalıq intensivliyi, mövcud yol infrastrukturu, nəqliyyatın hərəkət xarakteristikasıöyrənilmiş, əldə edilən məlumatlar əsas götürülərək təhlükəsizlik nöqteyinəzərindən qəzalılıq səviyyəsini xarakterizə edən qrafik hazırlanmışdır. Belə ki, yol boyunca təhlükəli və ya təhlükəsiz sahələrin aşkarlanması məqsədilə qəzalılıq və ya təhlükəsizlik əmsalları qrafiklərindən istifadə etmək olar. Qəzalıq əmsalları üsulu V.F.Babkov tərəfindən yol-nəqliyyat hadisələrinin MDB və bəzi xarici dövlətlərin statistik məlumatlarının təhlilinə əsasən verilmişdir. Bu üsul yol sahələrinin təhlükəsizlik dərəcəsini yekun qəzalılıq əmsalı ilə xarakterizə edir. Yolun hər bir həndəsi elementi (planda va profildə) və hərəkət intensivliyinin sayının təsiri də nəzərə alınaraq əmsalların bir-birinə olan hasili yekun qəzalıq əmsalını verir. Mütəxəssisləri tərəfindən Binəqədi şosesininin “Emil Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısından keçən hissəsinin yekun qəzalıq qrafiki hazırlanmışdır. Qrafikdə yalnız yolun trassasının həndəsi elementləri deyil, həm də yolun həndəsi elementlərinin öz aralarındakı qarşılıqlı əlaqəsi də əks olunmuşdur. Qrafik hazırlanarkən hərəkət təhlükəsizliyinə birbaşa təsir edən 17 fərdi qəzalıq əmsalından sxemdə göstərilən A və B məntəqələri arasında mövcud olan 7 fərdi qəzalıq əmsalı hesablamalara daxil edilmişdir (sxemdə göstərilmişdir). Binəqədi şosesində hərəkət intensivliyinin yüksək olması (28000 avt/gün), həmçinin 4 zolaqlı yolun ayırıcı zolaq olmadan istiqamətlər üzrə qoşa xətt vasitəsilə bölünməsi yekun qəzalıq qrafikində bilavasitə özünü göstərmişdir. Bundan əlavə yekun qəzalıq əmsalı qrafikinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, A-B məntəqələri arasında yerləşən ən təhlükəli yerlər məhz eyni səviyyəli kəsişmələrin olduğu və yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən piyada keçidi ilə avtobus dayanacağının yerləşdiyi yol sahələridir. Eyni səviyyədə kəsişən avtomobil yollarında və plandakı əyrilərdə görünmə məsafəsi təmin olunduqda, təsir zonası kəsişməni və əyrinin hər iki tərəfindən 50 muzaqlıqda qonşu sahələrə təsir göstərir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/9xx-xx/1371 №-li, xx.xx.2020ci il tarixli ekspert rəyindən görünür ki, yolun nişanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Binəqədi şossesi 10 ünvanda yerləşən İddiaçı-yə məxsus X8nin qarşısından keçən Binəqədi şossesinin hərəkət hissəsi ortadan üfüqi nişanlama xətti (qoşa bütöv ağ xətt) ilə əks istiqamətli hərəkət axınlarına və əks istiqamətli hərəkət axınları da 1.5 üfüqi nişanlama xətti (qırıq ağ xətt) ilə iki hərəkət zolağına ayrımışdır. Binəqədi şossesinin hərəkət hissəsi dörd hərəkət zolağından ibarətdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 3-cü bəndinin tələblərinə əsasən 1.3 üfüqi nişanlama xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli hərəkət axınlarını ayırır. 1.3 üfüqi nişanlama xətinin 1.11 üfüqi nişanlama xəti ilə əvəz edildiyi şəraitdə sağdan 2-ci zolaqla hərəkətdə olan nəqliyyat vasitəsinin sola, geriyə dönmə əməliyyatı apardığı vəziyyətdə hərəkət intensivliyindən asılı olaraq arxadan həmin zolaqla hərəkətdə olan nəqliyyat vasitələrinin sürətinin azaldılmasına və dayanmalarına səbəb ola bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması əsasında təşkil edilməlidir. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır. Yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün iştirakçıları üçün məcburidir. - 9-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 9-cu maddəsinin 3-cü hissəsinə əsasən avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların spesifik ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır. - 9-cu maddəsinin 9-cu hissəsinə əsasən avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunur. - 61-ci maddəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. - 69-cu maddəsinin 6-cı hissəsinin 3-cü və 11-ci bəndlərinin tələblərinə görə 1.3 üfüqi nişanlanma xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır. 1.11 üfüqi nişanlanma xətti yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Nizamnaməsinin 3.1.10-cu bəndinə əsasən avtomobil yollarında nişanlanma xətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsinə dair qərarlar qəbul edilməsi və nişanlanma xətlərinin həmin normalara müvafiq olaraq çəkilməsinə nəzarət edilməsi Agentliyin vəzifəsidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Binəqədi rayonu, Binəqədi şossesi 10 ünvanında yerləşən İddiaçı-yə məxsus X8nin qarşısındakı yolda əvvəllər mövcud olmuş “Yol hərəkəti haqqında” Qanununun 5 saylı əlavəsində müəyyənləşdirilmiş 1.11 nişanlanma xətləri cavabdeh inzibati orqan tərəfindən 1.3 nişanlanma xətlərinə dəyişdirilmişdir. İddiaçı həmin nişanın dəyişdirilməsi nəticəsində ona külli miqdarda ziyan vurulduğunu iddia edərək X8nin qarşısında sola və geriyə dönmə əməliyyatları etmək üçün 1.11 nişanlanma xəttinin çəkilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan isə sözügedən yol sahəsində iri qabaritli yük avtomobillərinin saatlıq intensivliyinin çox olması və yol infrastrukturunun geriyə dönmə və ya sola dönmə üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə imkan verməməsini əsas gətirərək həmin ərazidə 1.11 nişanlama xəttinin çəkilməsini məqsədəmüvafıq hesab etməmişdir. Məhkəmə hesab edir ki, Binəqədi rayonu, Binəqədi şossesi 10 ünvanında yerləşən İddiaçı-yə məxsus X8nin qarşısındakı yolda 1.3 üfüqi nişanlama xətinin 1.11 üfüqi nişanlama xəti ilə əvəz edildiyi şəraitdə sağdan 2-ci zolaqla hərəkətdə olan nəqliyyat vasitəsinin sola, geriyə dönmə əməliyyatı apardığı vəziyyətdə hərəkət intensivliyindən asılı olaraq arxadan həmin zolaqla hərəkətdə olan nəqliyyat vasitələrinin sürətinin azaldılmasına və dayanmalarına səbəb ola biləcəyindən (digər hərəkət iştirakçılarının təhlükəsizliyi ilə əlaqədar) iddiaçının müraciətinin təmin edilməməsi barədə cavabdeh inzibati orqanın mövqeyi qanuni və əsaslı olmuş, bu hal müvafiq səlahiyyətli qurumdan alınmış və hazırkı məhkəmə icraatında tədqiq edilmiş ekspert rəyi ilə də təsdiqini tapmışdır. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olmadığından iş üzrə ekspert xərci iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməli, iş üzrə 200 manat təşkil edən ekspert xərci iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat İddiaçı-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar