Məhkəmə qərarları › İş №2-1(112)-223/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-223/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-223/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində 15 saylı Şəhər poliklinikası cəlb edilməklə) «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya İ qrup əlillik dərəcəsinin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ikinci dərəcəli əlillik təyin edilmişdir. Ona 2016-cı ildə həmin diaqnozla 2-ci qrup əlillik dərəcəsi 5 il müddətinə uzadılmışdır. Həmin müddət başa çatdıqdan sonra, 2021-ci ildə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir əsas olmadan iddiaçının məlum diaqnozunu özünəməxsus şəkildə qiymətləndirərək onu əlillikdən məhrum etmişdir. Bu müddət ərzində dəfələrlə stasionar müayinə və müalicələrə baxmayaraq xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkün olmamışdır. Cavabdeh ona cavab olaraq bildirmişdir ki, göndəriş natamam doldurulması səbəbindən geri qaytarılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, əsassızdır. Cavabdehin belə qanunazidd mövqeyi öz konservativ maraqlarını təmin etmək, imkanları məhdud olan şəxslərin imtiyazlardan, onlara dərman preparatlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsindən məhrum etməkdir. Göründüyü kimi, komissiya öz səlahiyyətlərindən kənar, funksional təyinatlı vəzifələrinə aidiyyəti olmayan tövsiyə xarakteri daşıyan fəaliyyət növü ilə məşğul olur. Halbuki, komissiya təqdim olunan məlum arayışda göstərilən diaqnoz üzrə ona əlillik dərəcəsinin düşüb-düşmədiyini qiymətləndirməli idi. Lakin məlum olduğu kimi, komissiya tamam fərqli mövqe sərgiləyərək, konkret münasibət bildirmək yox, mücərrəd və deklorativ xarakter daşıyan məsləhət verməklə kifayətlənmişdir. İddiaçı onsuz da həm əlilliyi, həm də hazırkı ağır xəstəliyi ilə əlaqədar olaraq qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan, habelə ildə iki dəfə olaraq stasionar qaydada müalicə almaq hüquqlarının olmasından məlumatlıdır. Bu barədə komissiyanın məlumatı olmasına baxmayaraq iddiaçıya yenidən müalicə almağı məsləhət görməsi, məsələyə qeyri-ciddi yanaşma, mahiyyətdən yayınma, yersiz və əsassız bəhanə gətirərək diqqəti yayındırmaq, həmçinin əlilliyin qiymətləndirilməməsi üçün heç bir əsas olmadığını bilərək düşünülmüş və məqsədli şəkildə bu addımı atılmaqla onu bir əlil olaraq ələ salmaq deməkdir. Əlillərin həssaslığı onların həyatında müəyyən risklərin olmasıdır. Bu risklər aşağıdakılarla əlaqələndirilir: təhsil ala bilməmək, əmək fəaliyyətində işə qəbul olunmamaq, mənzil, tibbi, sosial xidmətlər, müavinət və kompensasiyaların verilməsi, maliyyələşdirmə və pensiya müavinətləri. Cəmiyyətin infrastrukturunun əlillərin ehtiyaclarına uyğun olmaması səbəbindən onlar həyat üçün daha çox mübarizə aparnaq məcburiyyətində qalırlar. Eyni zamanda, dövlətin fəaliyyəti əsasən əlillərin həyatını yaxşılaşdırmaq üçün konkret işlərlə deyil, bəzi nəzəri proqramlar yazmaqla azalır. Əlillər xarici mühitin xüsusi ehtiyaclarına cavab verə bilməməsi, həmçinin cəmiyyətin özləri ilə əlaqəli qərəzli münasibətləri səbəbiylə xəstəlik, inkişaf, sağlamlıq vəziyyəti, xarici görünüşdəki sapmalar və ya çatışmazlıqlar nəticəsində funksional çətinlik çəkirlər. Bu cür məhdudiyyətlərin təsirini azaltmaq üçün əlillərin sosial müdafiəsi üçün dövlət zəmanətləri sistemi hazırlanmışdır. Əlillərin xüsusi əlaməti onun fiziki və ya zehni vəziyyətidir – "əlillik", əksər hallarda sosial imkansızlıq kimi başa düşülür. Bəzi ciddi xəstəlikləri və ya inkişaf qüsurları olan bir insanın özünü lazımi yaşayış şəraiti ilə təmin edə bilməməsi və üstəlik, cəmiyyətin tam hüquqlu üzvü olmağı düşüncəsinə əsaslanır. Göstərilənlərə və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun, Azərbaycan Respublikası Prezidentinin «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında» 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə əsaslanaraq, cavabdehin iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının əsassız hesab olunması, İddiaçı birinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının 6 mart 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.0 - Beyinönü arteriyanın trombozu nəticəsində törənən beyin infarktı; Diaqnozun mətni: Beyin infarktının qalıq əlamətləri.hipertoniya xəst llld.OU- angiopatiya.şüşəvari cismin bulanması.koordinator pozğunluqlar; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: serebrovaskulyar xəstəlik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 15 nömrəli Şəhər Poliklinikasının 13 aprel 2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Tebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3- Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri.Dissirkulyatorensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 13 aprel 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60- İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri.Dissirkulyator ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3 Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyliiliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 15 nömrəli Şəhər Poliklinikasının 13 dekabr 2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ67 - Digər serebrovaskulyar xəstəliklər => İ67.2 - Serebral ateroskleroz; Diaqnozun mətni: Serebral ateroskleroz, Serebral ateroskleroz Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİİ mərhələ ÜİX Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistemdə qan dövranı xroniki pozulması. Presbiopiya Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar, OU-Tor gişa angiopatiyası. Stenokardiyanın digər formaları, ÜİX- Stenokardiyanın digər növləri; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təcdiq edəcək müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydas»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən erilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri’’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron mza ilə imzalanır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə 15 saylı Şəhər Poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Tərərflər və üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci maddəsinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olub-olmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. Belə ki, iş materiallarında göndərişdən görünür ki, iddiaçıda mövcud olan əsas diaqnoz və ağırlaşma xarakterli xəstəliklər müxfəlif kodlarda (İ67.2, İ10, G45.0, H52.4, H35.8, İ20.8) göstərilmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə də bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də mövcud olub-olmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, adıçəkilən iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyininin məqsədləri baxımından yuxarıda adıçəkilən qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi aktlarla təsdiq edilmiş siyahıda öz təsbitini tapmamış istənilən xəstəlik əlilliyin təyinatından imtina üçün əsasdır. Belə ki, qeyd olunan məqsədlər baxımından göndərişdə olan xəstəliklərlə, X2 tərəfindən təsdiq edilmiş X1nda elmə məlum olan insan orqanizmində əlilliyin təyinatına əsas verməyən bütün xəstəliklər ağırlıq dərəcəsindən asılı olmayaraq bərabərdir. İddiaçıda olan əsas diaqnoz və ağırlaşma xarakterli xəstəliklə bağlı kodlarda olan xəstəliklərin isə hər hansı biri yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsdiq edilmiş əlilliyin təyinatına əsas verən xəstəliklərdən hər hansı birinə uyğun olmadığından iddianın təmin edilməməsi üçün əsas yaranmışdır. Məhkəmə xüsusi ilə bir məqamıda diqqətə çatdırmağı zəruri hesab edir ki, göndəriş ilə iddiaçıda müəyyən olunan “serebral iflic” xəstəliyi həm «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də müəyyən olunmuşdur. Lakin hər iki normativ hüquqi aktda nəzərdə tutulan həmin xəstəliyin yalnız USİ – uşaq serebral iflici olduğu halda birinci dərəcəli əlilliyin təyininə əsas verdiyi göstərilmişdir. Bununla bağlı qeyd olunur ki, USİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Yəni, göründüyü kimi ümumiyyətlə “serebral iflic” xəstəliyi məhz uşaq vaxtından davamlı pozuntular nəticəsində meydana gəldiyi təqdirdə birinci dərəcəli əlilliyin təyininə əsas verir. Hazırki işdən və müvafiq göndərişlərdən görünür ki, iddiaçının aşkar olunan serebral iflic əvvəlki xəstəlik olan beyin infarktının patoloji dəyişikliyi nəticəsində meydana gəlmişdir ki, bu xəstəliyin məhz uşaqlıqdan davam edən bir xəstəliyin nəticəsi olmadığını və normativ hüquqi aktlarda nəzərdə tutulan xəstəliklərə uyğun olmadığını göstərir. Həmçinin qeyd edilməlidir ki, «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-441/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da iddiaçıda mövcud olan diaqnozlar yuxarıda adıçəkilən normativ hüquqi aktlarla təsdiq edilmiş əlilliyin təyininə əsas verən xəstəliklər siyahısında olmaması səbəbindən oxşar mövqedən çıxış edilərək əlilliyin təyinindən imtina edilmişdir. Analoji mövqe həmin Məhkəmənin 2-1(102)-1215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-441/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarında da nümayiş etdirilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən yuxarıda qeyd olunan səbəblə imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində 15 saylı şəhər poliklinikası cəlb edilməklə) «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində 15 saylı şəhər poliklinikası cəlb edilməklə) «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar