Məhkəmə qərarları › İş №2-1(112)-2230/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2230/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2230/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhaalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının“ artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 09 iyun 2021-ci il tarixli **********5 saylı və “Pul tələbinin icraya yönəldilməsi haqqında” 29 iyul 2021-ci il tarixli **********3 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. 1984-cü ilin aprel ayından əmək fəaliyyətinə başlamışdır. 1984-cü ilin dekabr ayından 1986-cı ilin dekabr ayı ərzində həqiqi hərbi xidmətdə olaqla, 1987-ci ilin yanvar ayından Dəniz qazma idarəsində xüsusilə zərərəli işdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 01.01.2006-cı ilədək 10 ildən artıq zərərli və 20 ildən artıq ümumi iş stajının olması nəzərə alınaraq, ona 52 yaşının tamam olduğu vaxtdan DSMF-nin Xətai rayon Şöbəsi tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilmiş, ilk əvvəl ona aylıq 950 manat, sonra isə 1250 manat pensiya təyin edilmiş, lakin 2021-ci ilin əvvəllərində onun pensiyası əsassız olaraq dayandırılmışdır. Dəfələrlə pensiya fonduna getsə də, hər dəfə “ərizə araşdırlır, Sizə cavab veriləcək” deyə yola salınmışdır. Sonuncu dəfə ona icra və probasiya şöbəsindən zəng edilmiş, şöbəyə getdikdə isə məlum olmuşdur ki, cavabdeh inzibati orqan 09 iyun 2021-ci il tarixli **********5 saylı qərarla artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul etmiş, eləcə də 29.07.2021 -ci il tarixli ********** saylı qərarla pul tələbinin icraya yönəltmişdir. Halbuki, cavabdeh inzibati orqanın belə bir qərarlar qəbul etmək səlahiyyəti yoxdur və ən azından bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Sonuncu dəfə inzibati orqana getdikdə isə ona 10.09.2021-ci ildə ərizəsinə rəsmi cavab veriləcəyini bildirdikləri halda, ondan qanunsuz olaraq pul tələb etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunan sənədlərdə 04.10.1995-22.07.1998-ci il tarixləri arasındakı dövr ərzində “X1” LTD-də painter, 23.07.1998-03.02.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik vəzifəsində işlədiyinin qeyd olunduğu müəyyən edilmişdir. Onun işlədiyi painter və elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı ’nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq iddaçıya 08.06.2018-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona 08.06.2018-31.01.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 30935,55 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı 19.04.2022-ci il tarixdə iş üzrə icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan 2-1(112)-2230/2022 nömrəli inzibati iş üzrə İddiaçı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında" 09 iyun 2021 -ci il tarixli **********5 nömrəli və "pul tələbinin icraya yönəldilməsi haqqında” 29 iyul 2021 -ci il tarixli **********3 nömrəli qərarların ləğv edilməsinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, A.A.X2 rayon şöbəsi tərəfindən 08.06.2018-ci il tarixdə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandığından, əmək pensiyasının təyin edilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildiyindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən 01.01.2021-ci il tarixdən dayandırılmış, həmçinin adıçəkilən şəxsə “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 09 iyun 2021-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı Filiala 01.07.2021-ci il tarixli müraciət ərizəsinə əlavə edilmiş sənədlərin araşdırılması nəticəsində təyin olunmuş əmək pensiyası dayandırıldığı tarixdən (01.01.2021-ci il tarixdən) bərpa edilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı hər hansı artıq ödənilmiş pensiya məbləğinin olmadığını nəzərə alaraq, pul tələbinin icraya yönəldilməsi haqqında 28 iyul 2021-ci il tarixli **********3 nömrəli Qərarın icra olunmadan Filiala qaytarılması barədə 11 yanvar 2022-ci il tarixli **********2 nömrəli məktubla Xətai rayon icra şöbəsinə müraciət edilmişdir. Nəticə etibarilə Filial tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 09 iyun 2021-ci il tarixli **********5 nömrəli və “pul tələbinin icraya yönəldilməsi haqqında” 29 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarları qüvvədən düşmüş hesab edilmişdir. Məhz bu səbəbdən isin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından is üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında caavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdikləri ərizədə qeyd olunanları müdafiə edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında 09.06.2021-ci il tarixli **********5 №-li qərarı ilə 08.06.2018-31.01.2021-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı 30935,55 manat məbləğində artıq əmək pensiyasının ödənilməsinə dair sənədləri nəzərədən keçirərək xx.xx.1966-cı il tarixində doğulmuş, ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 08.06.2018-31.01.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 30935,55 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış 11.01.2022-ci il tarixli **********22 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması nəticəsində ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası İdarə tərəfindən dayandırılmış, həmçinin adıçəkilən şəxsə artıq ödənilmiş pensiya məbləğinin büdcəyə bərpası məqsədilə pul tələbinin icraya yönəldilməsi haqqında 28 iyul 2021-ci il tarixli **********3 nömrəli Qərar icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı Mərkəzi Filiala 01.07.2021-ci il tarixli müraciətinə əlavə edilmiş sənədlərin araşdırılması nəticəsində onun əmək pensiyasının ödənişi dayandırıldığı tarixdən bərpa edilmişdir. Göstərilənlərə əsasən İddiaçı hər hansı artıq ödənilmiş pensiya məbləğinin olmadığını nəzərə alaraq, pul tələbinin icraya yönəldilməsi haqqında 28 iyul 2021-ci il tarixli **********3 nömrəli Qərarın icra olunmadan Mərkəzi Filiala qaytarılmasını xahiş etmişdirlər. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar