Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2231/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı, Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə ali təhsil haqqında diplomun verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə ali təhsil haqqında diplomun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə daxili test imtahan vermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuşdur. 5 (beş) il təhsil alaraq 2010-cu ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “axund-imam, islamşünas, şəriət müəllimi” ixstisası üzrə tam kursu bitirməsini təsdiq edən diplom aidiyyatı üzrə Bakı İslam Universiteti tərəfindən ona təqdim edilmişdir. Adı çəkilən universitetin ona verdiyi diplomla hara müraciət edirsə bu təhsil sənədi müraciət etdiyi qurumlar tərəfindən ciddi qəbul olunmur. O, mövcud vəziyyətlə razılaşmır. Çünki, qanunvericiliklə müəyyən olunmuş hüquqi prosedurları keçərək, dövlət tərəfindən qeydiyyata alınmış Bakı İslam Universitetini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərən Bakı islam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Lisenziya verilərkən universitetdə təhsil alan bütün tələbələr o, cümlədən onun haqqında məlumat Təhsil Nazirliyinə təqdim edilmişdir. Cavabdeh inzibati orqana müraciət etsə də 31.07.2019-cu il tarixli cavabında qeyd olunmuşdur ki, “onun 31.01.2019 (daha əvvəlki müraciət) tarixli ərizəsinə Nazirliyin 08.02.2019-cu il il tarixli A-1521/1 1-24 nömrəli məktubu ilə cavab verilmişdir. Həmin məktubda isə məsələnin həllinin nazirliyin imkanları xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilərək, cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, təhsil qanunvericliyinə görə, diplom blankları ali təhsil müəssisələrinin məzunlarının sayına görə təhsil müəssisələrinə verilir. Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirməsi, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Bakı İslam Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsilalanlarla müqavilə münasibətində olmuşdur. BİU-nin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin bilavasitə funksiyasına aiddir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. BİU-nin məzunlarının dövlət nümunəli təhsil sənədinin verilməsini Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. BİU fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəlməlidir. Üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə qeyd olunmuşdur ki, Ali dini təhsil müəssisəsi olan hazırki Bakı İslam Universiteti (BİU) keçmiş SSRİ Nazirlər Soveti yanında X5 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01 mart 1994-cu il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılmış və onun nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli 738855 № li qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezitentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası X8 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri həmin Komitəyə verilmişdir. Komitənin 27 iyun 2002-ci il tarixli 163 № li Sərəncamına əsasən, Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına alınmışdır.Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı İslam Universiteti yarandığı gündən bütün fəaliyyəti dövründə respublikada dini təhsillə bağlı mövcud olan qanunvericiliyə uygun olaraq müvafiq dövlət qurumlarından qeydiyyatdan keçməklə fəaliyyət göstərmişdir. Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq verilmişdir. BİU-nun təsisçisi QMİ-nin müraciəti əsasında universitetin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. 2010/2011 tədris ilindən başlayaraq Bakı İslam Universitetinə tələbə qəbulu X3 (DİM) tərəfindən aparılır. Lisenziya verilənə qədər universitetə qəbul BİU-nin Nizamnaməsinə uygun olaraq aparılmışdır. 2002-ci ildə X8 üzrə Dövlət Komitəsində qeydiyyata alınan həmin Nizamnamənin 4.3 bəndinə əsasən ’’Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Müsabiqə, iştirakçıların biliklərinin, düşüncə qabliyyətlərinin və yaradıcı təfəkkür imkanlarının müsahibə, imtahan və xüsusi metodika yolu ilə yoxlanılmasına əsaslanır”. Bakı İslam Universiteti 2002-ci ildə X8 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınarkən nizamnaməsinin təsdiqi zamanı mövcud qanunvericilikdə dini təhsilin lisenziyalaşdırılması nəzərdə tutulmadığından, Komitə tərəfindən lisenziya alınması və Universitetə qəbulun TQDK (hazırki DİM) tərəfindən test üsulu aparılması barədə heç bir tələb irəli sürülməmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, cavabdehin imtinasının qanunsuz hesab olunmaqla, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X2 yazılı mülahizəyə uyğun izahat verərək, mübahisənin məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarına əlavə edilmiş; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası X8 üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli 163 № li Sərəncamına əsasən, Bakı İslam Universitetinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 aprel 1997-ci il tarixdə verilmiş Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin hüquqi qüvvəsi itirilmiş hesab edilərək, Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinin fəaliyyətinə 5 (beş) il müddətinə 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. Bakı İslam Universiteti tərəfindən İddiaçı verilmiş 1557 №li 25.06.2010-cu il tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, sonuncu 2005-ci ildə həmin Universitetə daxil olmuş və 2010-cu ildə adı çəkilən Universiteti bitirmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.02.2019-ci il tarixli A-15521/11-24 saylı məktubunda qeyd olunmuşdur ki, 2014-cü ilə qədər Bakı İslam Universitetinin (BİU) məzunlarına universitetin özü tərəfindən hazırlanmış diplomlar verilirdi. 2009-cu ildə “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli Fərmanına əsasən Bakı İslam Universitetinin vəsatəti əsasında universitetin lisenziyalaşdırılması məsələsinə baxılmış və fəaliyyətinə 26.08.2009-cu il tarixli 031991 nömrəli lisenziya verilmişdir. 2014cü ildən başlayaraq BİU-nun buraxılış yekun dövlət attestasiya komissiyasının sədrləri Təhsil Nazirliyinin əmri ilə təsdiq olunur və məzunlara dövlət nümunəli bakalavr diplomları verilir. Bakı İslam Universitetinə X3 tərəfindən qəbul olunmadığı üçün və 2010-cu ildə BİUda buraxılış yekun dövlət attestasiya komisiyasının sədrləri Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadığına görə ona verilən diplomun dövlət nümunlə diplomla əvəz olunması mümkün deyildir. Azərbaycan Respublikası X3nin iddiaçıya ünvanlanmış 12.11.2020-ci il tarixli 04/1288 saylı məktubunda qeyd olunmuşdur ki, xx xxxxxx 1988-ci il təvəllüdlü İddiaçı 2005/2006-cı tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 308.072 bal toplayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" ixtisasına müsabiqədən keçmiş, lakin qeydiyyatdan keçmədiyi üçün onun qəbul əmri X3 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən təhsil müəssisəsinə göndərilməmişdir. İddiaçı 2015/2016-cı tədris ilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 150 ballıq şkala üzrə 32 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X3 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İddiaçı 2016/2017-ci tədris illərində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keirilmiş qəbul imtahanına iştirak etmək üçün ərizə vermiş, lakin imtahanda iştirak etməmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan: “Təhsil Qanunu”nun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. 20.08.1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 07.06.1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçü dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamə) müvafiq surətdə fəaliyyət göstərirlər. Həmin maddənin 08.05.2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş ikinci hissəsinə görə, dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 07.06.1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına uyğun olaraq dini idarələr, mərkəzlər, dini qardaşlıqlar, din tədris müəssisələri qeydə alınmaq üçün Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsinə nizamnamə (əsasnamə) təqdim edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (hazırda qüvvədən düşmüşdür) “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndində göstərilmişdir ki, Bu Qaydalara əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) 1.1 bəndində qeyd olunan fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Hazırki iş üzrə iddiaçının Bakı İslam Universitetinə qəbul olunduğu və təhsil aldığı 2005-2009 -cu illərdə adıçəkilən Universitetin yuxarıda qeyd olunan Qaydalara əsasən müvafiq lisenziya olmadan lisenziyada göstərilən fəaliyyət növü ilə məşğul olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı sayıla bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2231/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2231/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver