Məhkəmə qərarları › İş №2-1(112)-2231/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2231/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2231/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı, tərcüməçi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 avqust 2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsini və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 26 aprel 1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1 azərbaycanlı olub. “Əhmədli” qəsəbəsində yerləşən 17 saylı orta məktəbi bitirmişdir. Doğulduğu vaxtdan qeydiyyatda olduğu Bakı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 69 satıldığı üçün 16 sentyabr 1998-ci il tarixdə həmin mənzildən qeydiyyatdan çıxarılmış və heç bir ünvana qeydiyyata düşməmişdir. Qeydiyyatda olmamağına baxmayaraq 2000-ci ilə qədər Azərbaycanda daimi olaraq yaşamışdır. 2003cü il tarixdə Rusiyaya köçərək, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. 23 iyul 2021-ci il tarixdə Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 avqust 2021-ci il tarixli, ******* saylı qərarı ilə, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Həmin qərarda qeyd edilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 avqust 2021-ci il tarixli, ******* saylı qərarı ilə razı deyildir. Çünki o, 16 sentyabr 1998-ci il tarixdə qeydiyyatda olduğu Bakı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 69-dan qeydiyyatdan çıxarılmağına baxmayaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 07.10.1998-ci il tarixdən də artıq müddətədək, yəni 2000-ci ilə qədər Bakı şəhərində daimi olaraq yaşamışdır. Bundan əlavə onun atası azərbaycanlıdır. Anası isə rus əsilli Azərbaycan vətəndaşı olmuş, Bakıda yaşamışdır. O, da Azərbaycanda doğulub təhsil alıb yaşamışdır. O, azərbaycanlıdır və hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi C.Rəhimov məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı 04.08.2021-ci il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 -ci və 4.1 -ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə 11.08.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1968-ci ildə Bakı şəhərində anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş, həmçinin həmin ölkənin vətəndaşıdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Lakin şəxs Azərbaycan Respublikasının ərazisində anadan olduğundan o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 11 avqust 2021-ci il tarixli qərarına əsasən İddiaçı 04 avqust 2021-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir və qeyd edilən qərarla İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır; АЗ ******* nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı 26.04.1968-ci ildə Bakı şəhərində doğulmuşdur, atası kimi X3, anası kimi X4 qeydə alınmışlar, atasının milliyyəti azərbaycanlı kimi, anasının milliyəti rus kimi qeyd edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya 27.09.2021-ci il tarixli, 018-15078-1221 nömrəli cavab məktubuna əsasən iddiaçının Azərbaycan Respubikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni 07.10.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin “Qaydalar”ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. İnzibati orqanın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina ilə bağlı qərarından görünür ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-cı il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 27.09.2021-ci il tarixli, 018-15078-1221 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasında qeydiyyatda olmasına dair Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 75 saylı MKİS-nin 27.08.2021-ci il tarixli arayışına münasibət bildirərək, qeyd edir ki, həmin arayış mötəbər sübut kimi qəbul olunduğu halda belə həmin arayışda iddiaçının 12.06.1984-cü ildən 09.09.1998-ci ilə kimi qeydiyyatda olması göstərilmiş, 09.09.1998-ci il tarixdən 07.10.1998-cı il tarixədək yaşayış yeri üzrə Azərbaycan Respublikasında qeydiyyatda olması öz əksini tapmamışdır. Başqa sözlə, hazırkı arayış da iş üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Məhkəmə onu da qeyd edir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 2.0.7-ci mаddəsinə əsаsən, diskrеsiоn səlаhiyyətlər qаnunlа inzibаti оrqаnа və yа vəzifəli şəхsə mümkün qаnunа uyğun qərаrlаrdаn birini sеçmək hüququnun vеrilməsidir. İPM-in 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması tələbi barədə iddia tələbi təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar