Məhkəmə qərarları › İş №2-1(112)-2231/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2231/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2231/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlaka hüququn X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “ünvan 2 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin mərhum atası X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehim mümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirdi.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin mərhum X7 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 (iddiaçının atası) ünvan 1 ünvanında yerləşən 1966-1967-cı illərdə inşa etdiyi fərdi yaşayış evi və 1200.0 kv.m. torpaq sahəsi olmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1976-cı ildə tərtib edilmiş "X3 və Qiymətləndirilməsinə aid Pasport"unda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi öz əksini tapmışdır. İddiaçı "Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı Bakı şəhəri, 17 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə adına 889 saylı vərəsəlik işi açılmışdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adma rəsmiləşdirilir. Qeyd olunan normaların tələbinə görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi qeydiyyat orqanının qanunla müəyyən edilmiş bir vəzifəsidir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1976-cı ildə tərtib etdiyi "X3 və Qiymətləndirilməsinə aid Pasport”da qeyd olunmuş ünvan 1 ünvanında yerləşən əmlaka hüququn mərhum X7 məxsus olması barədə arayışın verilməsi üçün İddiaçı 15 aprel 2023- cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********94 saylı məktubunda Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 36 saylı fərdi yaşayış evinin mərhum X6 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi bildirilmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 8ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin "X4 və Qiymətləndirilməsinə aid Pasport”ları əsas hüquqmüəyyənedici sənəd hesab olunur. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixli, **********94 saylı məktubu ilə mahiyəti üzrə cavab verməmişdir. Belə ki, 1966-cı ildə inşa edilmiş fərdi yaşayış evinə 1976-cı ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən "X3 və Qiymətləndirilməsinə aid Pasport" tərtib edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Texniki Pasportda torpaq sahəsinin ölçüsü 1200.0 kv.metr qeyd olunmuşdur. İddiaçı eyni zamanda qeyd edir ki, həmin ünvanda yerləşən torpaq sahəsi heç bir dövlət qurumlarına aid mühafizə zolağına düşmür. Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən əmlaka hüququn mərhum X7 məxsus olması barədə arayışın verilməməsi tamamilə qanunsuz və əsassızdır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubda” qeyd olunmuşdur ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, mütəxəssislər tərəfindən ünvana texniki baxış keçirilən zaman texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü aşkar edilmiş, bu səbəbdən göstərilən sahənin texniki pasportda nəzərdə tutulan sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

6. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “qeyd olunan ünvana dair müvafiq məlumatların verilməsi haqqında” məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 36 saylı fərdi yaşayış evinin mərhum X6 adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka hüququn X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********31 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, tərəfinizdən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, mütəxəssislər tərəfindən ünvana texniki baxış keçirilən zaman texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü aşkar edilmiş, bu səbəbdən göstərilən sahənin texniki pasportda nəzərdə tutulan sahəyə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1 -ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdimedilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 36 ünvanına dair X6 adına tərtib edilmiş 1976-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid” Pasport iş materiallarına əlavə olunmuşdur. Texniki pasporta əsasən X7 ayrılmış torpaq sahəsinin ölçüsü 1200 kv.metr (60x20)müəyyən edilmişdir.

9. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X5 qalmış miras əmlaka (ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X6 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməyi xahiş edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin ölçüləri, konfiqurasiyası arxiv texniki pasportun perimetrik ölçüləri və konfiqurasiyası ilə uyğun gəlmir. Belə ki, arxiv texniki pasportunda sahə 60x20, faktiki isə 30x35.80 (əlavə olaraq cənubdan çıxıntılı) olmaqla fərqlilik təşkil edir.

11. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə (texniki pasporta əsasən) 0,12 ha, faktiki 0,12 ha təşkil edir. Ərazi bir tərəfdən yol üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Ərazidəki fərdi yaşayış evi tamamilə sökülmüşdür. Ərazidə sonradan bir ədəd fərdi yaşayış evi və müxtəlif ölçülü həyət tikililəri inşa edilmişdir. Torpaq sahəsinin konfiqurasiyası və perimetrik ölçüləri təqdim edilmiş arxiv sənədlərinin göstəriciləri ilə uyğunsuzdur.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

17. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

21. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

26. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin mərhum atası X7 məxsus olması haqqında arayışın verilməsini tələb etmişdir.

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən 1976-cı il tarixdə Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 36 ünvanına dair X6 adına “Şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir (Texniki pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən texniki pasportun əslinə baxış keçirilmişdir).

28. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən verilmiş 1976-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə X6 (iddiaçının mərhum atası) hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

29. Cavabdeh imtinanın dəlili olaraq göstərmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin ölçüləri, konfiqurasiyası arxiv texniki pasportun perimetrik ölçüləri və konfiqurasiyası ilə uyğun gəlmir. Belə ki, arxiv texniki pasportunda sahə 60x20, faktiki isə 30x35,80 (əlavə olaraq cənubdan çıxıntılı) olmaqla fərqlilik təşkil edir.

30. Məhkəmə qeyd edir ki, cavabdeh orqana texniki pasportla faktiki vəziyyət arasındakı perimetrik ölçü və konfiqurasiya fərqini əsaslandıran sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, cavabdeh növbəti məhkəmə iclasında iştirak etməmiş və texniki pasportla faktiki vəziyyət arasındakı perimetrik ölçü və konfiqurasiya fərqini əsaslandıran hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

31. Məhkəmə eyni zamanda nəzərə alır ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd (texniki pasport) üzrə və faktiki olaraq eynidir. Belə ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 1976-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid” Pasportda qeyd olunduğu kimi faktiki olaraq 0,12 ha təşkil edir.

32. Odur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

36. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin mərhum X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar