Məhkəmə qərarları › İş №2-1(112)-2232/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2232/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2232/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 2007-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuş, 5 il təhsil alaraq 2012-ci ildə Universiteti müvəffəqiyyətlə bilirmişdir. Universiteti bilirdikdən sonra ona “axund-imam, islamşünas, şəriət müəllimi” istisası üzrə tam kursu bitirməyini təsdiq edən diplom aidiyyatı üzrə Bakı İslam Universiteti tərəfindən təqdim edilmişdir. Adıçəkilən Universitetin ona verdiyi diplomla hansı quruma müraciət edirsə, bu təhsil sənədi həmin qurumlar tərəfindən ciddi qəbul olunmur. O, Bakı İslam Universitetinin məzunu olaraq ayrı-seçkiliyə məruz qalır və bir vətəndaş olaraq hüquqları pozulur. İddiaçı mövcud vəziyyətlə razılaşmır. Çünki, qanunvericiliklə müəyyən olunmuş hüquqi prosedurları keçərək dövlət tərəfindən qeydiyyata alınmış Bakı İslam Universitetini bilirmişdir. Bununla bağlı Universitetin keçdiyi şərəfli tarixi inkişal yolunu məhkəmənin diqqətinə çaldırmaq istəyir: Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında X7 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyətə başlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 2 nömrəli əmrinə əsasən bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə AR Ddliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarına əsasən Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçmişdir. X8 üzrə Dövlət Komitəsinin 27 iyun 2012-ci il tarixli 163 nömrəli sərəncamına əsasən Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Yuxarıda göstərilən məlumatlardan da göründüyü kimi, Bakı İslam Universiteti qanuni əsaslarla yaradılmış və fəaliyyət göstərmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərən Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Lisenziya verilərkən Universitetdə təhsil alan bütün tələbələr, o cümlədən onun haqqında məlumat Təhsil Nazirliyinə təqdim edilmişdir. Bakı İsalm Universiteti tərəfindən orada “axund-imam, islamşünas. şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirməsi barədə ona verilmiş diplomla 2-ci ali təhsil ala və ya təhsilini davam etdirə bilmir. Hər dəfə ona verilən cavab eyni olur: “Təhsil haqqında sənəd dövlət nümunəli deyildir”. İddiaçı Bakı İslam Universitetinin tələbəsi olaraq Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Təhsil Nazirliyi 13-554/31-24 saylı 22 yanvar 2019cu il tarixli məktubla ərizəni cavablandırmışdır. Həmin məktubda qeyd olunur ki, Təhsil Nazirliyinə ünvanlanmış (xx.xx.2019-cu il tarixli B-554 nömrəli) ərizəyə cavab olaraq bildirilir ki, müraciətdə qeyd olunan məsələnin həlli Nazirliyin imkanı xaricindədir". Sonuncu dəfə Təhsil Nazirliyinə 24 iyul 2019-cu il tarixdə müraciət etmişdir. Lakin bu günədək müraciətə cavab verilməmişdir. Bakı İslam Universiteti tərəfindən yaranmış problemlə bağlı bu günədək Bakı İslam Universiteti müxtəlif dövrlərdə bitirmiş məzunların diplomlarının dövlət qurumları tərəfindən tanınması ilə bağlı üzləşdikləri problemlərin aradan qaldırılması barədə ona heç bir məlumat verilməmişdir. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, yuxarıda qeyd olunmuş problem də indiyədək həll olunmamış qalmaqdadır. “Axund-imam, islamşünas, şəriət müəllimi” ixtisası üzrə tam kurs bitirməyinə dair ona verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən qəbul olunmaması səbəbindən bir məzun olaraq hüquqları pozulur. Qeyd olunan diplomla nə təhsilini davam etdirə bilir, nə də ikinci ali təhsil ala bilir. Göstərilənlərə və İPM-in 8.1.2, 33.1, 45 – 47-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh AR Təhsil Nazirliyinə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - Hesab olunur ki, İddiaçı iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30 dekabr 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində “dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. Bu şəbəbdən də, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. Eyni zamanda, Bakı İslam Universitetinin Zaqatala Filialının fəaliyyəti barədə Təhsil Nazirliyində hər hansı məlumat mövcud deyildir. «Təhsil haqqında» AR Qanununun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin-sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında hüququ şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinin Zaqatala Filialına qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili "müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirməli, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, Bakı İslam Universitetinin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Qeyd olunan Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi, Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, Bakı İslam Universitetinin fəaliyyəti qanunsuz olduğundan, iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Göstərilənlərə və İPM-in 47, 73.3-cü maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı münasibətində (izahatında) aşağıdakılar bildirilir: - Ali dini təhsil müəssisəsi olan hazırkı Bakı İslam Universiteti keçmiş SSRİ Nazirlər Soveti yanında X7 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmrinə əsasən bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cu il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılmış və onun Nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli 738855 nömrəli qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezitentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası X8 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri həmin Komitəyə verilmişdir. Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən Bakı İslam Universiteti 135 saylı Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Bakı İslam Universiteti yarandığı gündən bütün fəaliyyəti dövründə respublikamızda dini təhsillə bağlı mövcud olan qanunvericiliyə uygun olaraq müvafiq dövlət qurumlarından qeydiyyatdan keçməklə fəaliyyət göstərmişdir. Bakı İslam Universitetinin yaranması və fəaliyyəti əsasən «Dini etiqad azadlığı haqqında» AR Qanunu (20 avqust 1992-ci il tarixdə qəbul edilmişdir) ilə nizamlanmışdır. Belə ki, həmin Qanunun dini təhsillə bağlı 10-cu maddəsində qeyd edilir: “Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris müəssisəsi yarada bilməz. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər”. Qanuna müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Universiteti yaradılmışdır. Universitetin bütün fəaliyyəti dövründə tələbə və məzunlar Qanunla onlara verilmiş hüquq və güzəştlərdən istifadə etmişlər. Lisenziya verilənədək Universitetə qəbul Bakı İslam Universitetinin Nizamnaməsinə uygun olaraq aparılmış və 2015-ci ilədək məzunlara Universitet adından diplomlar verilmişdir. 2002-ci ildə X8 üzrə Dövlət Komitəsində qeydiyyata alman həmin Nizamnamənin 4.3-cü bəndinə əsasən ’Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə apardır. Müsabiqə, iştirakçıların biliklərinin, düşüncə qabliyyətlərinin və yaradıcı təfəkkür imkanlarının müsahibə, imtahan və xüsusi metodika yolu ilə yoxlanılmasına əsaslanır. Bakı İslam Universiteti 2002-ci ildə X8 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınarkən Nizamnaməsinin təsdiqi zamanı mövcud qanunvericilikdə dini təhsilin lisenziyalaşdırılması nəzərdə tutulmadığından, Komitə tərəfindən lisenziya alınması və Universitetə qəbulun Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (hazırkı X5) tərəfindən test üsulu aparılması barədə heç bir tələb irəli sürülməmişdir. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında 2009-cu ilədək mövcud qanunvericilikdə dini təhsil müəssisələrinin lisenziyalaşdırılması nəzərdə tutulmadığından, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinin fəaliyyətinə lisenziya verilməmişdir. Ona görə Universitetin lisenziyadan əvvəlki fəaliyəti qanunsuz sayıla bilməz. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2009-cu ildə dini təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı imzalanmış bir Qanun və iki Fərmanla bu sahədə qanunvericilik bazası yaranmışdır. Belə ki, «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 08 may 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa, «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli 97 nömrəli Fərmanına və “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2009-cu il tarixli 143 nömrəli Fərmanına uyğun olaraq ali dini və dini orta ixtisas tədris müəssisələrinin lisenziyalaşdırılması zəruri hesab edilmişdir. Həmin Fərmanla xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına dini orta ixtisas tədris müəssisələri (Sıra № 17.4) və ali dini tədris müəssisələri (Sıra № 17.5) əlavə edilmiş və lisenziya alınması üçün ödənilən dövlət rüsumların məbləği müəyyən edilmişdir. Göstərilən qanunvericilik aktlarına uyğun olaraq, Bakı İslam Uinversitetinin fəaliyətinə təsisçisi Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 26 avqust 2009-cu il tarixli 031991 nömrəli lisenziya verilmişdir. 2010/2011 tədris ilindən başlayaraq Bakı İslam Universitetinə tələbə qəbulu X5 tərəfindən aparılır. Təhsil Nazirliyi 2014-cü ildən başlayaraq, yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki X2) xətti ilə qəbul olunmuş məzunlara dövlət nümunəli diplomlar vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Bakı İslam Universitetinin hüquqi statusu ilə bağlı 2005 və 2016-cı illərdə verilmiş rəyləri müqayisə edildikdə də, 2009-cu ilədək mövcud olan qanunvericiliklə dini təhsil fəaliyyətinin lisenziyalaşdırılması nəzərdə tutulmadığı görünür. Belə ki, 2005-ci ildə veriliş rəydə lisenziya barədə heç bir kəlmə olmadığı halda, 2016-cı ildəki rəyin son bəndində qeyd edilir ki, “Eyni zamanda həmin Qanuna («Dini etiqad azadlığı haqqında» AR Qanunu nəzərdə tutulur) 8 may 2009-cu il tarixdə edilmiş dəyişikliyə əsasən dini tədris müəssisələri Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada X8 üzrə Dövlət Komitəsinin rəyi nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər.”. Universitetin tələbə və məzunları Qanuna müvafiq olaraq təhsil aldıqları müddətdə hərbi xidmətdən möhlət, sosial müavinətlər almaq, məzun olduqdan sonra isə Universitet tərəfindən verilmiş diplomlarla ali təhsilli şəxslər kimi bir illik hərbi xidmət çəkmək və doktoranturada təhsillərini davam etdirmək kimi hüquq və güzəştlərdən istifadə etmişlər. Məzunlar həmin diplomlarla AMEA-nm institutlarında elmi iş ğötürərək müdafiə etmişlər, Azərbaycan Respublikası Prezidenti X4 Komissiyası tərəfindən həmin məzunlara fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adları və diplomları verilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki X5) xətti ilə daxil olmuş tələbələlə bərabər, lisenziyadan əvvəl Universitetin nizamnaməsinə uyğun olaraq qəbul edilmiş tələbələrdə Təhsil Nazirliyinin razılığı ilə başqa universitetlərə köçürülmüşlər. Nazirlik tərəfindən həmin köçürülən tələbələrə də heç bir fərq qoyulmadan dövlət nümunəli akademik arayış blankları verilmişdir. Lakin Universitetə həmin tələbələrlə eyni ildə daxil olan məzunlara dövlət nümunəli diplom blankları almaq mümkün olmamışdır. Hətta təhsilinin cox hissəsini Universitetin lisenziyalı fəaliyyəti dövründə alan məzunlara da dövlət nümunəli diplomlar verilməmişdir. Bu səbəbdən universitet məzunlarına öz diplomlarını vermək məcburiyyətində qalmışdır. Bakı İslam Universitetinin təhsildə fərqlənən tələbələri 1995-ci ildən başlayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu əsasında müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən universitetlər tərəfindən Azərbaycan Respublikasına ayrılan təqaüdlərə uyğun olaraq təhsillərini həmin ölkələrdə davam etdirmişlər. 1989-cu ildən fəaliyyət göstərən Bakı İslam Universitetinə həmişə dövlət dəstəyi göstərilmişdir. Beləki, Azərbaycan Respublikasının Prezidenti .cənab İlham Əliyevin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə QMİ-nin yerləşdiyi "Təzə Pir” məscid kompleksinin təmir-bərpası zamanı Bakı İslam Universiteti üçün dörd mərtəbəli bina tikilmiş və universitet hər cür avadanlıqlarla təhciz edilmişdir. 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki X5) sədrinin göstərişi əsasında lisenziyadan əvvəl təhsil almış məzunların (2005 – 2009-cu illər) şəxsi və diplom məlumatlarını “Tələbə-məzun” dövlət elektron məlumat sistemdə yerləşdirdikdən sonra məzunlar çox rahat şəkildə magistraturaya, doktoranturaya və dövlət qulluğuna qəbulla bağlı müsabiqələrdə iştirak edirdilər. Lakin 2016-cı ildən Təhsil Nazirliyinin müraciəti əsasında məzunların həmin sistemə girişinə qadağa qoyulmuş, bu isə məzunların, valideynlərin narazılıqlarına və onların müxtəlif dövlət qurumlarına, məhkəmələrə çox saylı müraciətlərinə səbəb olmuşdur. Beş il davam edən gərgin məhkəmə çəkişmələrindən sonra Təhsil Nazirliyi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarını icrası təmin edilmişdir. Belə ki, məzunlardan birinin Bakı İslam Universiteti tərəfindən verilən diplomu (28 yanvar 2021-ci il tarixdə) dövlət nümunəli diplom blankı ilə əvəz edilmişdir. Yüxarıda qeyd olunanları nəzərə alaraq, Bakı İslam Universitetinin məzunu İddiaçı iddiasının təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmişdir, iddiaçı və üçüncü şəxslər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının Təhsil Qanununun (bu Qanun 10 iyul 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür) 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Həmin Qanunun 13-cü maddəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. «Təhsil haqqında» Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununun 27.1-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir. «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin (08 may 2009-cu il taruxli Qanunla dəyişiklik edilənə qədər) tələblərinə görə din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris müəssisəsi yarada bilməz. Dini tədris müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir. Əyani ali və orta dini tədris müəssisələrinlə təhsil alanlar dövlət tədris müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. Həmin maddənin 08 may 2009-cu il tarixli Qanunla dəyişiklik edilmişdir. Maddənin yeni redaksiyada tələblərinə görə din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris müəssisəsi yarada bilməz. Dini tədris müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir. Dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Dini tədris müəssisələrində təhsil alanlar dövlət tədris müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə görə Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. AR Nazirlər Kabinetinin 72 nömrəli 30 mart 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin Əsasnaməsi»nin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. AR Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı" təsdiq edilmişdir. Təsnifatın “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə Nazirlər Kabinetinin 15 mart 2018-ci il tarixli qərarı ilə aşağıdakı məzmunda 36-2 hissə əlavə edilmişdir: 050217 – islamşünaslıq. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanının 1-ci bəndi ilə "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar", 2-ci bəndi ilə “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli 143 nömrəli Fərmanı ilə "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə yeni məzmunda 17.4-cü və 17.5-ci bəndlər əlavə edilmişdir: 17.4-cü bənd – fəaliyyət növü “dini orta ixtisas təhsil müəssisələri”, lisenziya verən orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, dövlət rüsumunun məbləği 4.000 manat; 17.5-ci bənd – fəaliyyət növü “ali dini təhsil müəssisələri”, lisenziya verən orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, dövlət rüsumunun məbləği 5.500 manat. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanı ilə «Lisenziyalaşdırma Qaydası» və «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı 8-ci hissəsi istisna olmaqla ləğv edilmişdir. «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»ndə 6.8-ci bənddə “ali dini təhsil müəssisələri” üçün 2.750 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qeyd edir ki, Bakı İslam Universiteti 2006-cı ildə müvafiq qaydada qeydiyyatdan keçdiyi dövrdə (yəni 2009-cu ilədək) ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmamışdır. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verilmişdir. Odur ki, lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə Bakı İslam Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməz. Lakin nəzərə alınmalıdır ki, hazırkı İddiaçı 2007-ci ildə Bakı İslam Universitetinin Zaqatala Filialında təhsil almışdır və həmin Filail müvafiq qaydada qeydiyatdan keçməmişdir (bu işin mübahisələndirilməyən halıdır). Məhkəmə qeyd olunanlara, o cümlədən «İnzibati icraat haqqında» AR Qanununun 12, 17, 24-cü maddələrinin tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə göndərilməməsi qanuna zidd sayılmamalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar