Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2233/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı dövlət nümunəli diplom blankının universitetə göndərilməsi barədə iddia tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı ona müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə daxili test imtahan vermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuş, 5 (beş) il təhsil alaraq, 2012-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “axund-imam, islamşünas, şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirməsini təsdiq edən diplom aidiyyəti üzrə Bakı İslam Universiteti tərəfindən ona təqdim edilmişdir. Adı çəkilən universitetin ona verdiyi diplomla hara müraciət edirsə, bu təhsil sənədi müraciət etdiyi qurumlar tərəfindən ciddi qəbul olunmur. O, Bakı İslam Universitetinin məzunu olaraq ayrı-seçkiliyə məruz qalır və bir vətəndaş olaraq hüquqları pozulur. O, iddiaçı olaraq mövcud vəziyyətlə razılaşmır. Çünki, qanunvericiliklə müəyyən olunmuş hüquqi prosedurları keçərək dövlət tərəfindən qeydiyyata alınmış Bakı İslam Universitetini bitirmişdir. Bununla bağlı, Universitetin keçdiyi şərəfli tarixi inkişaf yolunu məhkəmənin diqqətinə çatdırır: Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında X6 17.01.1989-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. QMİ-nin 14.01.1991-ci il tarixli, 2 nömrəli əmrinə əsasən bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnsitututu yayradılmışdır. QMİ-nin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01.03.1994-cü il tarixli qərarına əsasən, Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.03.1997-ci il tarixli qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçmişdir. X7 üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli, 163 nömrəli sərəncamına əsasən Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Yuxarıda göstərilən məlumatlardan da, göründüyü kimi, Bakı İslam Universiteti qanuni olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Məlumat üçün bildirir ki, 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərən Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Lisenziya verilərkən universitetdə təhsil alan bütün tələbələr, o cümlədən onun haqqında məlumat Təhsil Nazirliyinə təqdim edilmişdir. Bakı İslam Universiteti tərəfindən orada “axund-imam, islamşünas, şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirməsi barədə ona verilmiş diplomla 2-ci ali təhsil ala və ya təhsilini davam etdirə bilər. Hər dəfə onlara verilən cavab eyni olur: Təhsil haqqında sənədi dövlət nümunəli deyildir. O, Bakı İslam Universitetinin tələbəsi olaraq Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Təhsil Nazirliyi 13-554/31-24 saylı, 22 yanvar 2019-cu il tarixli məktubla ərizəsini cavablandırmışdır. Həmin məktubda qeyd olunur ki, “Təhsil nazirliyinə ünvanladığı (11.01.2019, B-554) ərizəsinə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələnin həlli Nazirliyin imkanı xaricindədir.” Sonuncu dəfə Təhsil nazirliyinə 24.07.2019-cu ildə müraciət etmişdir. Lakin, bugünə kimi müraciətinə cavab verilməmişdir. Bakı İslam Universiteti tərəfindən yaranmış problemlərlə bağlı bu günə kimi BİU-nu müxtəlif dövrlərdə bitirmiş məzunlarıın diplomlarının dövlət qurumları tərəfindən tanınması ilə bağlı üzləşdikləri problemlərin aradan qaldırılması barədə heç bir məlumat verilməmişdir. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, yuxarıda qeyd olunmuş problem də, indiyə qədər həll olunmamış qalmaqdadır. Bir daha vurğulayır ki, “axund-imam, islamşünas, şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirməsinə dair ona verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən qəbul olunmaması səbəbindən bir məzun olaraq hüquqları pozulur. Qeyd olunan diplomla nə təhsilini davam etdirə bilir, nə də, ikinci ali təhsil ala bilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli 1226 saylı Əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. Bu şəbədən də, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə, Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədininsertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə Azərbaycan Respublikasında hüququ şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da, səbəb iddiaçının 2007-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda nəzərə çatdırırlar ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirməli, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin, təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Qeyd olunan Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Bununla əlaqədar bildirirlər ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi, Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Eyni zamanda bildirirlər ki, həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanun”-nun 24-cü maddəsinə əsasən, ali məktəblər dünya standartlarına tam müvafiq olan və Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçirilən tədris planlarını müstəqil surətdə yerinə yetirirlər. Lakin, həmin dövrdə BİU-nun tədris planları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmamış və bu tədris planları Universitetin özü tərəfindən təsdiq edilmişdir. Bu Qanununun 30-cu maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti peşə-ixtisas təhsili müəssisələri üçün ixtisasların siyahısını təsdiq edir; sosial sifarişdən asılı olaraq belə ixtisaslar açır və bağlayır. Lakin, BİU-nə 2010-cu ilə qədər tədris olunan ixtisasların Universitetə verilməsi barədə hər-hansı bir qərar mövcud olmamışdır. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİU-nun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 24.01.2019-cu il tarixli, İ-556/31-24 nömrəli imtina məktubunun surətindən görünür ki, Təhsil Nazirliyinə ünvanladığı (11.01.2019, İ-556) ərizəsinə cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd olunan məsələnin həlli Nazirliyin imkanı xaricindədir. İşdə olan notarial qaydada təsdiq edilmiş Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universiteti tərəfindən verilmiş 2189 nömrəli, 25.06.2012-ci il tarixli fərqlənmə diplomunun surətindən görünür ki, İddiaçı 2007-ci ildə Bakı İslam Universitetinə daxil olmuş və 2012-ci ildə orada axund-imam, islamşünas, şəriət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarından görünür ki, İddiaçı Bakı İslam Universiteti tərəfindən 14 nömrəli, 06 fevral 2015-ci il tarixli diploma əlavə verilmişdir. İşdə olan Bakı İslam Universitetinə məxsus 135 saylı “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası X7 üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli, 163 nömrəli Sərncamına əsasən, Bakı İslam Universitetinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 aprel 1997-ci il tarixdə verilmiş Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin hüquqi qüvvəsi itirilmiş hesab edilərək, Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarından 02.03.1994-cü il tarixli çıxarışdan görünür ki, Kollegiya Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Qanununa əsasən Qafqaz İslam Universitetinin nizamnaməsinə baxaraq qeyd etmişdir ki, nizamnamə yuxarıda göstərilən qərarın tələblərinə uyğundur. Kollegiya qərara almışdır ki, Qafqaz İslam Universitetinin nizamnaməsi qeydə alınsın və onun rəsmi fəaliyyətinə icazə verilsin. İşdə olan Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetini Nizamnaməsindən görünür ki, Nizamnamə 17.03.1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İşdə olan Bakı İslam Universitetinin 2002-ci il tarixli Nizamnaməsinin surətindən görünür ki, X2 İş üzrə Dövlət Komitəsinin 135 nömrəli, 27 iyun 2002-ci il tarixli şəhadətnaməsinə əsasən qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası X7 üzrə Dövlət Komitəsinin 163 nömrəli, 27 iyun 2002-ci il tarixli “Bakı İslam Universitetinin yenidən dövlət qeydiyyatına alınması haqqında” sərəncamından görünür ki, Bakı İslam Universitetinin Azərbaycan Respublikası X7 üzrə Dövlət Komitəsinə yenidən dövlət qeydiyyatına alınmaq məqsədi ilə təqdim edilmiş sənədlərinə baxılmışdır. Bakı İslam Universitetinin təsis sənədləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun hazırlanmışdır. Bunları nəzərə alaraq, Bakı İslam Universiteti yenidən dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Bakı İslam Universitetinə Ədliyyə Nazirliyi tərəfindən 08 aprel 1997-ci il tarixdə verilmiş Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə hüquqi qüvvəsini itirmiş hesab edilmiş, X3 Reyestrində 135 qeydiyyat nömrəsi ilə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş X3 Reyestrindən 05.12.2007-ci il tarixli Çıxarışdan görünür ki, Bakı İslam Universiteti 27.06.2002-ci il tarixdə, 135 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinin fəaliyyətinə 5 (beş) il müddətinə 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X4 tərəfindən 09.06.2021-ci il tarixli, 09/4-09/1439 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, 7 oktyabr 1988-ci il təvəllüdlü İddiaçı 2006 və 2007-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X4 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2007-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq orada 5 (beş) il təhsil alandan sonra 2012-ci ildə Universiteti bitirmişdir. Bu barədə BİU tərəfindən “axund-imam, islamşünas, şəriət müəllimi” ixtisasını bitirməyi barədə 25 iyun 2012-ci il tarixli 2189 №-li diplom verilmişdir. İddiaçı diplom blankının verilməsi üçün Təhsil Nazirliyinə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edildikdən sonra cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) müvafiq iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş, 10 iyul 2009-cu il tarixli Qanunla qüvvədən düşmüş 1992-ci il Azərbaycan Respublikasının Təhsil Qanunun tələbləri baxımından Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Həmin Qanunun 8-ci maddəsinə müvafq olaraq təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsil Nazirliyi verir. Eləcə də, 2009-cu il tarixdən qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Halbuki hazırki işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya məxsus diplom blankı Təhsil Nazirliyi tərəfindən verilən diplom blankı deyil, Bakı İslam Universitetinin özü tərəfindən təsdiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ali və orta ixtisas müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərə (bundan sonra ərizəçilər) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Həmin Qaydaların 1.3-cü bəndinə görə Ərizəçilər yalnız Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına əsasən və Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində “Dinşünaslıq” ixtisası, magistr pilləsi üzrə “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. Halbuki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 16.4-cü maddəsinə görə, təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Bakı İslam Universiteti tərəfindən 2014-cü ilədək məzunlara verilmiş diplomlar dövlət nümunəli sənədlər olmamışdır. Belə ki, həmin dövrədək Bakı İslam Universitetinin fəaliyyəti qanuni olmadığından Təhsil Nazirliyi tərəfindən Universitetə dövlət nümunəli diplom blankları verilməmişdir. Yalnız, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, iddiaçı 2007-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuşdur. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21-ci maddəsinin tələblərinə müvafiq olaraq ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan cox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd hesab edilə bilməz. Buna səbəb iddiaçının 2007-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmaması və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, eləcə də, iddiaçıya verilmiş diplom blankının hüquqi əsasının olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə, təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2233/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2233/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver