Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2233/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin 03 saylı xx.xx.1999-cu il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş 1200 kv. m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə dövlət reystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin 03 saylı xx.xx.1999-cu il tarixli sərəncamına əsasən ona fərdi yaşayış evi üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda 56 saylı torpaq ayrılmışdır. Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş yerləşmə sxemindən görünür ki, ona sahəsi 1200 kv. metr olan torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmamış və bu barədə çıxarış əldə olunmamışdır. O, cavabdehə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət etsə də, müraciəti təmin ediləmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxs - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən xx.xx.1999-cu il tarixli, 03 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022ci il tarixli, 1655 nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Əlavə olaraq qeyd edirik ki, elektron baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi bütövlükdə Abşeron rayon inzibati ərazi sərhədləri daxilində yerləşir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (bundan sonra - DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra - İdarə) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra – dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra – dövlət kadastrı), dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı, cavabdeh və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR: İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 03 №-li qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmasının nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 03 №-li sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 1200 kv.metr olan 55A saylı torpaq sahəsinin yerləşmə sxemi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyi tərəfindən tərtib olunmuş və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********01 saylı cavab məktubunda göstərilmişdir ki, “... təqdim edilən xx.xx.1999-cu il tarixli 03 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Məhkəmənin müvafiq sorğusuna əsasən: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-18/2- 2140/2024 №-li cavab məktubunda göstərilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin 03 saylı xx.xx.1999-cu il tarixli sərəncamın verildiyi dövrdə torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətinin olub-olmaması barədə məlumat bağlı Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 10.1. hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. ... Maddə 10.2.1. qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. .... Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. .... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;
MƏHKƏMƏNİN MÖVQEYİ
Göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır. Bəhs edilən qanunvericiliyin tələblərindən də aşkar şəkildə də müəyyən edildiyi kimi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı torpaq sahəsinə hüquqmüəyyənedici sənədin mövcudluğu zəruri şərt kimi müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı torpaq sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlər içərisində torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Halbuki, yuxarıda qeyd olunan qanunvericilik aktları ilə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməli olması və həmin təqdim edilməli sənədin nə olması konkret olaraq sadalanmışdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən həmin sənədin təqdim edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin “Vətəndaşlara fərdi ev yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 03 №-li qərarına istinad edərək, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 3-cü kvartalda ayrılmış 1200 kv.metr olan 55A saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaq niyyətindədir. İşin faktiki hallarından məlum olduğu kimi tərəflərin mübahisələndirdiyi əsas məsələ Sabunçu İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin iddiaçıya torpaq sahəsi ayırmaq səlahiyyətinin olub-olmamasıdır. Bu konteksdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin (qüvvədən düşmüş): Maddə 19. Rayonun, şəhərin İcra Hakimiyyətinin başçısı müvafiq rayonun, şəhərin ərazisində yerləşən rayon tabeli şəhərlərdə, kəndlərdə və qəsəbələrdə öz nümayəndələrini təyin edir. Maddə 22. Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: - rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; - vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; - İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir. Yuxarıda göstərilən normativ hüquqi aktların tələblərindən də görünür ki, Rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə fəaliyyət göstərən icra nümayəndəlikləri rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsində bilavasitə iştirak edən struktur vahidi olmuşdur. Lakin istinad olunmuş qanunvericiliyinin müvafiq maddələrində vətəndaşlara torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq səlahiyyətinin olması öz əksini tapmamışdır. Eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-18/2-2140/2024 №-li cavab məktubunda göstərilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin 03 saylı xx.xx.1999-cu il tarixli sərəncamın verildiyi dövrdə torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətinin olub-olmaması barədə məlumat bağlı Sabunçu Rayon İcra Hakimiyyətində məlumat mövcud deyil. Odur ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətinin olması barədə təsdiq edən məlumat və ya sənəd müəyyən olunmadığından iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd müəyyən olunmur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1693/2021 saylı qərarında olan məhkəmənin mövqeyi ilə eynilik təşkil edir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhz Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə üzrə Nümayəndəliyinin “Vətəndaşlara fərdi ev yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 03 №-li qərarında istinad olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarının mövcudluğu əsası ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının realizə etmək istəyir. Həmin qərarlara nəzər yetirdikdə müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə sadəcə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin torpaq sahələri ayrılmış, lakin torpaq sahəsinin ayrılması barədə səlahiyyətinin Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinə verilməsi barədə müvafiq müddəalar öz əksini tapmamışdır. Yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Belə ki, icra hakimiyyəti nümayəndəliyinin qərarı Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında əks olunmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab olunmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat isə, artıq qeyd edildiyi kimi, həmin bəndlərdə sadalanan sənədlərə əsasən aparılır. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri olmadığından, həmçinin cavabdeh yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, öhdəliyin icrası haqqında iddialar üzrə də öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev