Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2237/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi" iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli NA00014470 nömrəli qərarın ləğv edilməsini, X6 Yol Nəqliyyatı Universiteti tərəfindən verilmiş B21 seriyalı 109315 nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə 39 nömrəli tam orta məktəbin rus bölməsində oxumuşdur. xx.xx.2016-cı ildə X6 Yol Nəqliyyatı Universitetinə qəbul olub, xx.xx.2022-ci il tarixinədək daşınma proseslərinin idarə edilməsi fakültəsinin “Daşınmaların təşkili və nəqliyyatda idarəetmə” tədris proqramı üzrə qiyabi tədris forması ilə təhsil alıb, B 21 № 109315 saylı bakalavr diplomu ilə məzun olmuşdur. İddiaçı diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə rəsmi şəkildə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə qeyri-ciddi yanaşılmış, təhsil aldığı universitetin və fakültənin adı belə imtinada düzgün qeyd olunmamışdır. Bu, onu göstərir ki, imtina barədə qərar verilərkən işə formal baxılmışdır. Cavabdehin 28 iyul 2023-cü il tarixli NA00014470 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İddiaçı hesab edir ki, “Xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilərək, diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentlilik haqqında şəhadətnamənin verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, iddiaçı bütün semestrləri kəsirsiz başa vurmuş, təhsil aldığı zaman proqram fənlərindən kafi, yaxşı, əla və məqbul qiymətlər almış, tədris təcrübəsini keçmiş, kurs işlərini yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Rus və ukrayna dillərində səlist yaza, danışa, oxuya bilir. Nənəsi əslən ukraynalıdır, habelə xeyli yaxınları, qohumları da oradadır. Buna görə də, Ukraynada ali təhsil almağa üstünlük vermişdir. COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada təhsil verən universitetlər pandemiya davam etdiyi vaxtda distant (məsafədən) təhsilə keçmiş, dərslərin online formada təşkilinə keçirilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtina məktubunda hesablanan müddət pandemiya dönəminə təsadüf etməsinə baxmayaraq, bu mühüm nüans göz ardı edilmişdir. X6 Yol Nəqliyyatı Universiteti tərəfindən verilən arayışın tərcüməsindən aydın görünür ki, təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmişdir. Pandemiya ilə bağlı sərhədlər bağlanana qədər təhsil illərində müntəzəm olaraq Ukrayna Respublikasında olmağı barədə X5 Limanına məxsus möhürlü, ad və soyadla qeydli baqaj etiketi də mövcuddur. Hər bir semestr üçün ödədiyi təhsil haqqlarını təsdiqləyən imzalı qəbzləri də vardır. Diplomu vermiş Universitet rəsmi saytda ölkəmizin tanıdığı təhsil müəssisələrindəndir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi obyektiv və ədalətli araşdırma aparmadan, təqdim etdiyi bütün zəruri sənədləri nəzərə almadan, diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir. Bu isə, onun indiki halda öz karyera qurmağına, təhsil aldığı sahədə mütəxəssis kimi formalaşmağına ciddi maneələr yaradır. X6 Yol Nəqliyyatı Universiteti tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli B21 №109315 nömrəli diploma əlavədən görünür ki, həmin sənəddə onun təhsil aldığı ixtisasının səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar göstərilmişdir. Ukrayna Təhsil Nazirliyi tərəfindən apostildən də məlum olur ki, onun adına olan xx.xx.2021-cı il tarixli B21 №109315 nömrəli diplomla bağlı verilmişdir. Bununla yanaşı, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları"nın 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Cavabdehin istinad etdiyi hal isə həmin bənddə nəzərdə tutulmamışdır. Digər tərəfdən, "2000-ci il martın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ukrayna Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 919 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ukrayna Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in 8-ci maddəsində deyilir ki, Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2016/2017-cü tədris ili üzrə - 6 gün, 2017/2018ci tədris ili üzrə -13 gün, 2018/2019-cı tədris ili üzrə -12 gün, 2019/2020-ci tədris ili üzrə - 11 gün + pandemiya dövrü, 2020/2021- ci tədris ili üzrə - getməyib ( pandemiya dövrü). Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Vətəndaş transkriptin əsli hissəsində - başqa vətəndaşın transkriptini, transkriptin tərcüməsi bölməsinə isə öz transkriptinin tərcümə olunmuş versiyasını əlavə etmişdir. İmtina aktında X2 Nəqliyyatı Akademiyası yerinə X3 Nəqliyyatı Akademiyası yazılmağının səbəbi bundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarına əsasən iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - X6 Yolu Nəqliyyatı Universiteti tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş 109315 nömrəli (qeydiyyat nömrəsi B21) bakalavr diplomunun və ona əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin Universiteti nəqliyyat texnologiyaları ixtisası üzrə qiyabi təhsil formasında oxuyub bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli NA00014470 saylı qərarından görünür ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - İddiaçıya aid sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 1-ci kursda 6 gün, 2-ci kursda 13 gün, 3-cü kursda 12 gün, 4-cü kursda 11 gün+pandemiya dövrü Ukrayna Respublikasının ərazisində olmuş, 5-ci kursda getməmişdir (pandemiya dövrü).
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya X6 Yolu Nəqliyyatı Universiteti tərəfindən qiyabi təhsil formasında bakalavriat proqramını bitirdiyindən 30 iyun 2021-ci il tarixdə verilmiş 109315 nömrəli (qeydiyyat nömrəsi B21) hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu verilmiş, həmin diplom səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət edərək, aldıgı diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina edilmişdir. İmtina isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmuş və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Məhkəmə hesab edir ki, hazırki işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyinə və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair cavabdehin imtinası əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı 1-ci kursda 6 gün, 2-ci kursda 13 gün, 3-cü kursda 12 gün, 4-cü kursda 11 gün(+pandemiya dövrü) təhsil aldığı ölkədə olmuşdur. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o, dörd il ərzində təhsil almış, mənimsəmə üzrə imtahanları yerinə yetirmiş, mütəmadi olaraq Ukrayna Respublikasına gedib-gəlmiş, ona görə də iddiaçının dərs və imtahanlarda iştirakı yetərli hesab edilməlidir. Göstərilənlərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçı 1-ci kursda 6 gün, 2-ci kursda 13 gün, 3-cü kursda 12 gün, 4-cü kursda 11 gün+pandemiya dövrü təhsil aldığı ölkədə olmuşdur. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində demək olar ki, iştirak etməmişdir. Məhkəmə iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı həmçinin qeyd edir ki, onun diplomu və diploma əlavə apostil möhürü ilə təsdiq edilmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə bildirir ki, iddiaçının diplomunun apostil möhürü ilə təsdiq edilməsi yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qismdə çıxış etdiyini təsdiq edir və bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, iş üzrə bu şərtə də əməl olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva