Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2240/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehin müdaxiləsinə son qoyulması və cavabdehin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməkdən çəkinməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı «iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehin müdaxiləsinə son qoyulması və torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 2017-ci ildə ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini tam qanuni əsaslarla, yəni daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında 140.000 manata X1 almışdır. Həmin torpaq sahəsi ilə bağlı alqı-satqı sənədləşmələri 4 saylı “ASAN xidmət” mərkəzində aparılmışdır. 26 oktyabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən onun adına “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la (seriya RX, nömrə 1155912) qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahəsi iddiaçının ailəsinin yaşayış sahəsinə olan ehtiyaclarını qarşılamaq məqsədi ilə uzun illərdən bəri toplanılan vəsait hesabına alınmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan və mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı sənədləşmə işlərini apardıqdan sonra 2017-ci ilin oktyabr ayının son günlərində ona məxsus torpaq sahəsində qanuna müvafiq qaydada gələcəkdə təyinatına uyğun tikinti işlərini aparmaq məqsədilə həmin sahəyə taxta, dəmir, şifer, armatur, sement və s. tikinti materialları gətirilmişdir. Həmin günlərdə torpaq sahəsinə baxış keçirərkən tikinti materiallarının yerində olmadığı aşkar olunmuşdur. Tikinti materiallarının həmin ərazidən yoxa çıxması faktı, eyni zamanda sahəyə zibil atılması, habelə torpaq sahəsinin digər kənar müdaxilələrdən mühafizəsinin vacibliyi sözügedən torpaq sahəsinin hasarlanmasını qaçılmaz zərurətə çevirmişdir. Buna görə də mülki qanunvericiliyə əsaslanaraq (Mülki Məcəllənin 176-cı maddəsi) iddiaçı onun torpaq sahəsi üzərində hüququna daxil olduğundan həmin sahəni hasarlamaq qərarına gəlmişdir. Lakin hazırki iş üzrə cavabdeh onun hüquqlarından istifadə istəyinə qarşı çıxmış və bu işləri görməkdə ona maneələr yaratmağa başlamışdır. Cavabdehin bu hərəkətləri yeni deyil, belə ki, yuxanda qeyd edildiyi kimi, 2017-ci ildə tikinti materiallarının iddiaçı ona məxsus torpaq sahəsindən naməlum şəkildə götürülməsi ilə bağlı insident baş verərkən əldə edilən məlumatlara əsaslanıb cavabdehə məktubla müracət edərək qeyri-qanuni müdaxilələrə son qoyulmasını tələb etmişdir. Həmin vaxt cavabdeh özünəməxsus əsassız mülahizələrlə torpaq sahəsində tikinti işlərinin aparılmasına qarşı olan mövqeyinə haqq qazandırmağa çalışmışdır. Beləliklə, cavabdehin qanunsuz müdaxilələri, xüsusilə tarpaq sahəsinin hasarlanmasına yaratdığı maneələr davam etdirdiyindən, 30 aprel 2021-ci il tarixdə yenidən müraciət edərək yaranmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. Cavabdehin 21 iyun 2021-ci il tarixli F20-151 saylı cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlərin surəti RİH-ə təqdim olunduqdan sonra müraciətə yenidən baxılacaqdır. İddiaçı bu cavabdan sonra 6 iyul 2021-ci il tarixdə tələb olunan sənədləri əlavə etməklə yenidən cavabdehə müraciət etmişdir. Lakin cavabdehdən hər hansı cavab daxil olmamışdır. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə müdaxilələrə son qoyulması və maneələrin aradan qaldırılması tələbi üzrə cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir (2(010)- 2611/2022 saylı iş). Məhkəmədən bildirilmişdir ki, işə həmin məhkəmədə baxılmayacaq, mübahisə inzibati xarakterli olduğu üçün inzibati məhkəməyə müraciət olunmalıdır. Buna görə də, torpaq sahəsinin hasarlanması ilə bağlı müdaxilələrə son qoyulması tələbi ilə yenidən 17 iyul 2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət olunmuşdur. Cavabdeh Bakı şəhəri Suraxanı RİH-om 1 avqust 2022-ci il tarixli F-26/2-151/2 saylı cavab məktubunda ərizəyə baxıldığı qeyd edilir və bildirilir ki, torpaq sahəsinə dair surətini təqdim edilmiş reyestrdən çıxarışa (27 oktyabr 2017-ci il tarixli) çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə (26 oktyabr 2017-ci il tarixli, A 190683 nömrəli) əsasən göstərilən torpaq sahəsindən kommunikasya xətləri keçdiyindən müraciətin müsbət həlli məqsədəuyğun hesab edilimir. İddiaçı cavabdehin imtinasını əsassız və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Onun torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən qeydiyyatdan keçmişdir. Başqa sözlə, hüquqları tam təminat altındadır. Torpaq sahəsinin hasarlanması da onun mülkiyyət hüququnun elementlərindən biridir. Bu hüquqa qarşı çıxmaq birmənalı şəkildə əsassız və qanunsuz müdaxilədir. Digər tərəfdən, əgər belə bir hal mövcud idisə, hansı səbəbdən onun icra hakimiyyətinə torpaq sahəsinin hasara alınması ilə bağlı ünvanladığı müraciətlərə verilən cavablarda bu hal göstərilmirdi. Yəni, cavabdehin mövqeyi açıq-aşkar qanunsuz, subyektiv mülahizələrdən ibarətdir. Buna görə də, iddiaçı cavabdehin müdaxiləsini qeyri-qanuni hesab edilərək, həmin müdaxilələrə son qoyulması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, cavabdeh Suraxanı RİHin ona məxsus ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə bu və ya digər şəkildə müdaxiləsi (hərəkət və hərəkətsizliklə) məhkəmə qaydasında qanunsuz sayılaraq, cavabdehin üzərinə mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasarlanmasına yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Əks təqdirdə, baş verənlər iddiaçının mülkiyyət hüququ kimi mühüm konstitusion hüququnun pozulması ilə nəticələnir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş hüquq müəyyənedici sənədlər və aşağıda istinad edilən qanunvericilik normaları da təsdiq edir ki, torpaq sahəsi ilə bağlı pozulmuş hüquqları bərpa olunmalı, başqa sözlə, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hasarlanmasına yaradılmış maneələr qanunsuz və əsassız olduğundan aradan qaldırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152, 157, 176, 240-cı maddəsinə, İPM-in 2.2.4, 34.2-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə, Torpaq Məcəlləsini 80, 83, 84-cü maddələrinə əsaslanaraq, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən reyestrdən çıxarışla (RX seriyalı, ******* saylı) mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə cavabdeh Bakı şəhəri Suraxanı RİH tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və cavabdehin üzərinə həmin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Suraxanı RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 24 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı mübahisələndirdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 19E saylı sahədə yerləşən 600,0 kv.m torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən göstərilən torpaq sahəsindən kommunikasiya xətləri keçdiyindən, Suraxanı RİH-ə qarşı “qanunsuz müdaxilələrə son qoyulması və torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi” tələbinə dair iddianın əsassız hesab olunmqla təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsinə müdaxiləsinə son qoyulması və cavabdehin iddiaçı tərəfindən həmin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməkdən çəkinməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkili) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1 – 2-ci bəndlərinə əsasın torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndiskommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: - (79.1.3) hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla). Göründüyü kimi, mövcud qanunvericilik normaları mülkiyyətdə olan torpaq sahəsi üzərində hüquqlarının yaranmasını sahənin sərhədlərinin yerdə müəyyən edilməklə plan və ölçüsü sənədinin tərtib edilməsi, torpaq sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanması və həmin sahəyə hüququnun dövlət qeydiyyatından keçirilməsi ilə şərtləndirir və mülkiyyətçi olan şəxslərə hətta qabaqcadan icazə almadan mülkiyyətd\ki torpaq sahəsinə müvafiq həddə hasar çəkilmək hüququ verir (Mülki Məcəllənin 176-cı maddəsinə görə öz hesabına). İPM-in 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Hazırkı işin hallarına görə ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə torpaq sahəsinə dair İddiaçı adına 26 oktyabr 2017-ci il taruxdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuş, həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 27 oktyabr 2017-ci il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı apardığı işlərə yalnız səlahiyyətli qurum tərəfindən onun hündürlüyü baxımından məhdudiyyət qoyula bilər. Hansı ki, hazırkı tərəflər arasındakı mübahisə hasarın hündürlüyü ilə deyil, onun çəkilişi ilə bağlıdır. Hazırkı mübahisə üzrə iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RİH iddiaçının mülkiyyətində olan torpaq sahəsində hasarlama işlərini aparmasına öz müdaxiləsini həmin torpaq sahəsindən kommunikasiya xətlərinin keçməsi ilə əsaslandırır. Lakin məhkəmənin qənaətinə görə mülkiyyətdə olan torpaq sahəsinin altından və ya kənarından hər hansı kommunikasiya xəttinin keçməsi (hətta bu barədə yetərli sübut olsa belə) mülkiyyətçinin müvafiq hündürlükdə hasarlama işlərini aparmasına maneə yaratmır. Həmin kommunikasiya xətlərinin torpaq sahəsindən keçməsi orada tikinti işlərinin aparılması zamanı nəzərə alına bilən amildir. Məhkəmə həmçinin aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinon İ – İV və Vİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə məhkəmə sadalanan normaları işin faktiki hallarına tətbiq edərək bu nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinin ətrafna hasar çəkməsi (və ya çəkdirməsi) mülkiyyətçi hüquqlarınından irəli gəldiyindən, habelə onun bu hüququnu məhdudlaşdıran qanunla müəyyənləşdirilmiş hər hansı xüsusi hal müəyyən edilmədiyindən, cavabdeh Bakı şəhəri Suraxanı RİH-in bu məsələdə ona müdaxiləsi qanunsuz və mülkiyyət hüquqlarını pozan hal qismində qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Suraxanı RİH-in Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışla mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə müdaxiləsinə son qoyulmalı və cavabdeh Bakı şəhəri Suraxanı RİH İddiaçı tərəfindən həmin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməkdən çəkinməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Suraxanı RİH-in Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışla mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə müdaxiləsinə son qoyulsun və cavabdeh Bakı şəhəri Suraxanı RİH İddiaçı tərəfindən həmin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməkdən çəkinsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2240/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2240/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver