Məhkəmə qərarları › İş №2-1(112)-2242/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2242/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2242/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehə qarşı üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC cavabdeh Bakı şəhəri Cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 356 saylı 01.10.2018-ci il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7250/2020 saylı 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7250/2020 saylı inzibati işə baxılıb qurtarana qədər cavabdeh Bakı şəhəri Cavabdehə, 3-cü şəxs "xxxx" MMC-yə və digər şəxslərə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış binaların sökülməsi, mülkiyyətçilərlə müqavilələrin bağlanması, ərazinin hasarlanması, hər hansı tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 dekabr 2020-ci il tarixli, 2-1(112)-7250/2020 saylı Qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin Məhkəmənin 16 dekabr 2020-ci il tarixli, 2-1(112)-7250/2020 saylı Qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2021-ci il tarixli 2- 1(103)-1003/2021 saylı Qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 16.12.2020-ci il tarixli, 2-1(112)-7250/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il tarixli “Bakı Şəhər Nərimanov rayonun sosialiqtisadi inkişafının sürətləndirilməsi barədə” qərarını rəhbər tutaraq, Bakı Şəhər Cavabdeh Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Yuxarıda göstərilən sərəncamdan sonra, “X4" MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti- planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiq edilmişdir. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə edilmiş, layihə-axtarış işlərinə başlanılmış, mühəndis kommunikasiya xətlərin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərlə məşğul olunmağa başlanılmışdır. 09.06.2020-ci il tarixdə Cavabdehə rəsmi ərizə ilə müraciət edərək tikintiyə icazə barədə sərəncamın, xüsusi nişanın və digər müvafiq razılıqların verilməsi zərurətini nəzərə alaraq köməklik göstərilməsini xahiş etmişlər. Bu zaman, "xxxx" MMC adlı bir şirkət ərazini hasara almağa başlandı və şifahi olaraq bildirdiyinə görə, həmin ərazi İcra Hakimiyyəti tərəfindən sərəncamı ilə onlara ayrılmışdır. Dərhal Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Cavabdehə teleqrammalar vuraraq, məsələyə aydınlıq gətirilməsini, pozulmuş hüquqların bərpa edilməsinə köməklik göstərmələrini xahiş edilmişdir. Lakin hər hansı cavab verilmədiyi üçün, təkrar həmin orqanlara müraciət edilmişdir. 29.09.2020-ci il tarixdə poçtla daxil olmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-163/2 saylı, 22.09.2020-ci il tarixli cavab məktubunda bildirilir ki, Cavabdehin 356 saylı, 01.10.2018-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə verilmiş 296 saylı, 16 iyul 2018-ci il tarixli sərəncam ləğv edilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı MMC-yə heç bir bildiriş, xəbərdarlıq edilmədən, hər hansı irad bildirilmədən, 01.10.2018-ci il tarixdə İddiaçı MMC-nin adına verilmiş sərəncam ləğv edilir və bu barədə məlumat verilmir. Cəmi 2 ay yarımdan sonra şirkətə verilmiş sərəncamı hər hansı səbəb, əsas göstərilmədən, qısa müddət ərzində ləğv edilməsi heç bir hüquqi məntiqə, anlayışa, qanuna sığmır. Halbuki göstərilən tarixdən sonrada tərəflərindən ərazidə, Cavabdeh və digər müvafiq təşkilatlarla müvafiq işlər görülmüşdür. Sərəncamın ləğv olunması barədə onlara bildirilməmiş, gizli saxlanılmışdır. Elə bu halın Cavabdehin saxtakarlığa yol verdiyini, açıq-aşkar qanunvericiliyin tələblərini pozduğunun bariz nümunəsidir. Cavabdehin 356 saylı, 01.10.2018-ci il tarixli sərəncamı əsassız və qanunsuz hesab edilərək ləğv olunmalıdır.Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası 25 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bundan əlavə məhkəmə tərəfindən göndərilmiş sərəncamı icra etməyərək, iş üzrə yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışa əsasən İddiaçı MMC 12 mart 2018ci il qeydiyyata alınaraq ********** dövlət qeydiyyat nömrəsi verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh Başçısının 296 nömrəli 16 iyul 2018-ci il tarixli Sərəncamına əsasən Nərimanov rayonunun Təbriz, Həsənoğlu və A.M. Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4.44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamın 2-ci bəndinə əsasən “X6” MMC-nin çoxmənzilli yaşayış binalarının tikintisinin başlanılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin yerində qəbul edilməsini və onun sanitar vəziyyətinə nəzarət edilməsini; ayrılmış torpaq sahəsinə İddiaçı MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırmasını; tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınmasını; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsini; Rayonun Təbriz küçəsi 83, 85; Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Həmin sərəncamın 3-5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 83,85; Həsənoğlu küçəsi 12,12a,14,14a,16,16a,83a,85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sökülməsini; sərəncamın 1-ci və 2-ci bəndlərinin tələbləri "X4" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RlH-ə müraciət edilməsini; bu sərəncamın ilkin olaraq yalnız layihələndirmə üçün əsas olduğu həvalə edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdehin Başçısı cənab A.Fərzəliyevə ünvanlanmış 09 iyun 2020-ci il tarixli 001 nömrəli məktubunda qeyd edilmişdir ki, “X5” MMC tərəfindən ərazinin layihələndirmə, planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti- planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilmişdir. Eləcə yerin geoloji xüsusiyyətləri, kommunikasiya xətlərinin yerləşmə yerlərinin təsbit edilərək xəttlərin köçürülməsi layihələri, ekoloji vəziyyətini öyrənilməsi və tikinti və şəhərsalma qaydalarının tələblərinə uyğun müvafiq addımlar atılmışdır. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə qarşılıqlı razılaşmalar əldə edilmişdir. Beləliklə 296 saylı, 16 iyul 2017-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamına uyğun olaraq memarlıq-planlaşdırma həllini layihələndinnəsinin və tikinti layihənin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması və digər müvafiq razılıqların verilməsi zəruriyyəti yaranmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı MMC-yə ünvanlanmış 7- 163/2 nömrəli 22 sentyabr 2020-ci il tarixli məktubda qeyd edilmiş ki, Cavabdeh başçısının 16.07.2018-ci il tarixli 296 saylı Sərəncamı ilə Nərimanov rayonu, Təbriz, i.Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçınə ayrılmış ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintiyə hazırlıq işlərinin başlanması barədə məktuba baxılmışdır.Bununla əlaqədar olaraq, qaldırılan məsələnin ətraflı araşdırılması məqsədilə tərəflərindən Cavabdehə müraciət edilmişdir. Aparılan araşdırma nəticəsində, rayon icra hakimiyyəti tərəfindən təqdim edilmiş və əldə olunan müvafiq sənədlərə əsasən Cavabdeh başçısının 16.07.2018-ci il tarixli 296 nömrəli Sərəncamı ilə sözügedən ünvanda mövcud qəzalı binaların sökülməsi, yerində hündürmərtəbəli çoxmənzilli binaların tikintisi məqsədilə 4.44 ha torpaq sahəsinin "X4” MMC-yə ayrıldığı bildirilmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, "X4” MMC tərəfindən müvafiq sənədləşdirmə işlərinin başa çatdırılmadığı, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, əhalinin köçürülməsi və ərazinin hasarlanaraq tikintiyə hazırlıq işlərinə başlanılmadığı, eləcə də nəzərdə tutulan tikintiyə dair layihə sənədləri mövcud şəhərsalma normalarına və prinsiplərinə uyğun hazırlanmadığından Cavabdehin 01.10.2018-ci il tarixli, 356 nömrəli Sərəncamı ilə İddiaçı MMC-yə dair Sərəncamın qüvvədən düşdüyü qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı Bakı şəhər Cavabdehə göndərilmiş sorğuya 1/685 nömrəli 01 sentyabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Nərimanov RİH başçısının 01.10.2018-ci il tarixli 356 №-li sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərlə birlikdə müvafiq araşdırmaların aparılması üçün hüquq mühafizə orqanları tərəfindən götürüldüyündən tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir. İş materiallarına Cavabdehin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Həsənoğlu və X9 küçələrinin kəsişməsində yerləşən ərazinin tikinti-planlaşdırma eskiz layihəsi tərtib edilmişdir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı 16 iyul 2018-ci il tarixli sərəncamla Nərimanov rayonun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması üçün istifadəsinə 4.44 ha torpaq sahəsi verilmiş, lakin sonra Cavabdeh Başçının 356 saylı 01.10.2018-ci il tarixli sərəncamı ilə ilkin sərəncam ləğv edilmişdir. Bundan sonra iddiaçı müvafiq olaraq məhkəməyə müraciət edərək, inzibati orqan tərəfindən qəbul edilən sərəncamın ləğv edilməsini xahiş etmişdir. Bu iddia tələbi mübahisələndirmə iddiasıdır. Mübahisələndirmə iddialarının hüquqi əsasını təşkil edən «İnzibati icraat haqqında» Qanunun 67.1 və 67.2-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbuletmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncam tikintiyə icazə ilə bağlı deyil, torpaq sahəsinin İddiaçı MMC-nın icarəsinə ayrılması, ilkin olaraq yalnız yaşayış binasının layihələndirmə üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Əsasnamənin 6.9-cu bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanına əsasən: 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. Göründüyü kimi sərəncamın icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirmək cavabdehin səlahiyyətinə daxildir. Cavabdeh tərəfindən 296 saylı 16 iyul 2018-ci il tarixli sərəncamın ləğv edilməsi səbəbi kimi göstərilmişdir ki, İddiaçı MMC sərəncamın müvafiq bəndlərinin tələblərinə əməl etməmişdir. Halbuki cavabdehin 16 iyul 2018-ci il tarixli sərəncamı üzrə sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, həmçinin müvafiq sənədlər əldə edildikdən sonra tikinti işlərinə başlanması iddiaçıya tapşırılmışdır. Lakin iddiaçı tərəfindən həmin sərəncamda göstərilən tələblərə riayət edilməmişdir. İddiaçı 16.07.2018-ci il tarixli sərəncamda göstərilənlərlə bağlı ən azından cavabdehin 01 oktyabr 2018-ci il tarixli sərəncamına qədər olan müddətdə hər hansı iş görməsi barədə məhkəməyə sübut təqdim etməmiş və 16 iyul 2018-ci il tarixli sərəncamın icrası ilə bağlı iddiaçının üzərinə qoyulan vəzifələrin və öhdəliklərin yerinə yetirilməsi işdə olan sübutlarla təsdiq olunmur. İddiaçı həmin sərəncamın icrası ilə bağlı dövlət orqanlarının və yaxud ayrı-ayrı fiziki və hüquqi şəxslərin müdaxiləsi barədə də məlumat bildirməmişdir. Buna görə də cavabdeh tərəfindən qəbul edilmiş 01.10.2018-ci il tarixli sərəncamının qəbul edilməsi əsaslı və qanuni olmuşdur. Göründüyü kimi Bakı şəhəri Cavabdeh 01.10.2018-cı il tarixli, 356 saylı sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. Həmin sərəncamın ləğv edilməsi üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-69cu maddələrində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar