Məhkəmə qərarları › İş №2-1(112)-2243/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2243/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2243/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi ilə Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adındakı mexaniki səhvin düzəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1990-ci ildən DİN-nin əməkdaşı olaraq baş çavuş rütbəsində Səbail rayon PPX-də çalışmışdır. O vaxt 1991-ci ilə qədər Dağlıq Qarabağda gedən döyüşlərə ezam olunmuşdur. Bakı Baş Polis İdarəsinin 03.05.1994-cü il tarixli 160 saylı əmri ilə 24.04.1994-cü il tarixdən 04.05.1994-cü il tarixə qədər Füzuli rayon döyüş bölgəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Füzulidə döyüşlərdə iştirakı barədə o vaxt aldığı arayışı da var. Lakin indi arxivdə olan həmin 160 saylı əmrdə mexaniki səhv olaraq onun adı X1 göstərilib. Buna görə o, DİN-ə müraciət etmiş, ona bildiriblər ki, adındakı səhvi düzəltmək üçün məhkəməyə müraciət edilməli və məhkəmə qaydasında təsdiqlənməlidir. Belə ki, hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsdiqlənməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 20.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində ona müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14.05.2021-ci il tarixli 024-1407-1221 nömrəli münasibət məktubunda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22.04.2019-cu il tarixli 012-11355-1219 nömrəli məktubunda İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin 03.04.1994-cü il tarixli 160 nömrəli əmri ilə onun Füzuli rayonuna ezam olunması qeyd edilmiş, həmin əmrdə adının “Cavid” deyil “Cahid” kimi yazılması sonuncunun döyüşlərdə iştirakı faktının məhkəmə qaydasında təsdiqlənməsi zərurətini yaratmışdır. Qeyd olunan xüsusatların nəzərə alınması xahiş edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin 03.04.1994-cü il tarixli 160 nömrəli əmri ilə onun Füzuli rayonuna ezam olunması qeyd edilmiş, həmin əmrdə adı “Cavid” deyil, “Cahid” kimi yazılmışdır. Belə olan halda isə iddiaçının döyüşlərdə iştirakı faktı məhkəmə qaydasında təsdiqlənməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı əvvəlcə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan Bakı şəhər Baş Polis İdarəsinin əmrində onun adının düzgün yazılmamasını əsas gətirərək, iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - 26.07.2016-cı il tarixdə ASAN3 tərəfindən verilmiş Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. - Bakı şəhəri BPİ-nin X14 tərəfindən verilmiş 16.01.2001-ci il tarixli arayışının surətindən görünür ki, sabiq 2 PPX-nin polis nəfəri İddiaçı, həqiqətən, BPİ-nin 03.05.1994cü il tarixli 160 saylı əmrinə əsasən 24.04.1994-cü il tarixdən 04.05.1994-cü il tarixə qədər olan müddətdə Füzuli rayon döyüş bölgəsində hərbi əməliyyatlarda iştirak etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.05.2019-cu il tarixli 024-17729B-3219 nömrəli məktubundan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin əmrində onun adının düzgün yazılmaması döyüşlərdə iştirakının məhkəmə qaydasında təsdiqlənməsini zəruri etmişdir.Odur ki, hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsbit olunduqdan sonra yenidən müraciət edə bilər. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat-İnspeksiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər baş Polis İdarəsinin 30.05.1994-cü il tarixli 160 nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, 2 PPXA-nin polis starşinası X3 döyüş bölgələrində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının DİN-nin göstərişinə əsasən Füzuli rayonuna 24 aprel 1994cü il tarixdə ezam olunmuşdur. - 08 aprel 1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.08.1990-cı il tarixdən 20.09.2010-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 xidmət müddəti təqvimi: 20 il, 01 ay, 05 gün (iyirmi il, bir ay, beş gün); imtiyazlı 25 il 07 ay, 12 gün (iyirmi beş il, yeddi ay, on iki gün) təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 05.05.2021-ci il tarixli 022/22-5815-1221 nömrəli məktubu ilə Daxili işlər orqanlarının sabiq əməkdaşı İddiaçı 1990-1995-ci illər ərzində X6 işləyib-işləməməsinə dair məlumatın verilməsi barədə müraciət ilə əlaqədar İddiaçı X6 xidməti fəaliyyətinə dair arayış təqdim olunmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, DİN-in arxivində X3 adlı əməkdaş barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 05.05.2021-ci il tarixli 022/22-5815-1221 nömrəli məktbu ilə məhkəməyə təqdim olunmuş vətəndaş İddiaçı X6 xidməti fəaliyyəti barədə arayışla müəyyən olunur ki, İddiaçı 15.08.1990-ci il tarixdən Bakı şəhər Daxili İşlər İdarəsinin Post-patrul xidməti alayının 1-ci bölüyündə milis nəfəri, 03.12.1992-ci il tarixdən 17.10.1994-cü il tarixədək Bakı şəhər Daxili İşlər İdarəsinin 2-ci Post-patrul xidməti alayının 10-cu bölüyündə polis nəfəri və 17.10.1994-cü il tarixdən 20.08.2010-cu il tarixədək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Əlahiddə polis bölüyündə polis nəfəri işləmişdir. 20.08.2010-cu il tarixdə “Azərbaycan Respublikası X6 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə (öz arzusu ilə) əsasən X6n xaric olunub. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən 14 iyul 2021-ci il tarixli 045-1222-1221 nömrəli məktubla təqdim olunmuş Bakı şəhəri, Baş Daxili İşlər İdarəsinin «28» aprel 1992-ci il tarixli 138 nömrəli “Səbail RDİİ-nin və Bakı şəhər Baş Daxili İşlər İdarəsinin Post-Patrul Xidməti Alayının 1-ci bölüyünün milis əməkdaşlarının mükafatlandırılmaları haqqında” əmrindən çıxarışdan görünür ki, milis serjantı İddiaçı 1992-ci ilin mart ayının 28-dən aprel ayının 13-dək Şuşa şəhərində ictimai qaydanın mühafizəsində fəal iştirak etdiyinə görə “aylıq vəzifə maaşı məbləğində pul ilə mükafatlandırılmışdır. - 24 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X5 şahid qismində ifadə verərək, bildirmişdir ki, İddiaçı ilə1991-1992-ci illərdə Füzuli rayonunda döyüşdə iştirak etmişlər. 1994-cü il tarixli əmrdə onun adı da var. Müharibə veteranı vəsiqəsini 1998-ci ildə almış, əvvəl qırmızı rəngdə olmuş, sonra göy rəngdə vəsiqə verilmişdir. Onlardan başqa Namiq, Əyyub, Rasim, Yavər adında şəxslər döyüşlərdə iştirak edirdi. Sonradan Əyyub və Rasim ehtiyata buraxılmışdır. 1991-1992-ci illərdə döyüşdə iştirakı barədə əmr yoxdur. Cahid adında şəxslə döyüşdə iştirak etməmiş, postda da olmamışdır. Ümumiyyətlə, Cahid adında polis işçisi tanımır. İddiaçı Cavidi tanıyır. - 24 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmə iclasına X7 şahid qismində ifadə verərək bildirmişdir ki, o, polis serjantı olmuş, İddiaçı ilə 1992-ci ildə Şuşa şəhərində ezamiyyətdə olmuşdur. Cahid adında şəxsi tanımır, iddiaçı Cavidi tanıyır. Onlardan başqa 50 nəfər əməkdaş ezam olunmuşdur. Beləliklə, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan Bakı şəhər Baş Polis İdarəsinin əmrində onun adının düzgün yazılmadığını və döyüşlərdə iştirakının məhkəmə qaydasında təsdiqlənməsinin zəruri olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Beləliklə, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də nəzərdə tutulan, iş materiallarında olan arxiv arayışından müəyyən olunur ki, Bakı şəhər BPİ-nin 03.05.1994-cü il tarixli 160 nömrəli əmrinə əsasən İddiaçı (əmrdə adı Cahid yazılmışdır) döyüş bölgələrində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının DİN-nin göstərişinə əsasən Füzuli rayonuna 24 aprel 1994-cü il tarixdə ezam olunmuşdur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin 03.05.1994-cü il tarixli 160 nömrəli əmrində olan döyüş bölgəsinə ezam olunmuş şəxslərin siyahısında İddiaçı adının səhvən “X3” kimi qeyd olunması iddiaçının hazırkı tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. Belə ki, cavabdeh inzibati orqan da iddiaçının adının düzgün yazılmadığını bildirmiş (etiraf etmiş), həmçinin cavabdeh tərəfindən İddiaçı X6 xidməti fəaliyyətinə dair arayış təqdim edilmişdir. Həmin arayışdan da görünür ki, iddiaçı 03.12.1992-ci ildən 17.10.1994cü ilədək Bakı şəhər Daxili İşlər İdarəsinin 2-ci Post patrul xidməti alayının 10-cu bölüyündə polis nəfəri vəzifəsində xidmət etmişdir. Bakı şəhəri BPİ-nin polis əməkdaşlarının Fizuli rayonuna döyüş bölgələrinə ezam olunmaları haqqında 160 nömrəli 03.05.1994-cü il tarixli əmrin 3-cü vərəqəsində 76-cı sirada 2-ci PPXA-nın polis starşinası X2 adı qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı sorğu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 05.05.2021-ci il tarixli 022/22-5815-1221 nömrəli məktubda DİN-in arxivində X3 adlı əməkdaş barədə heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Cavabdeh etirazında iddiaçının döyüşlərdə iştirak faktının məhkəmə qaydasında təsdiqlənməsinin zəruri olduğunu qeyd etmişdir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə belə qənaətə gəlir ki, X6 İddiaçı xidmət etmiş və Bakı şəhər Baş Polis İdarəsinin 30.05.1994-cü il tarixli 160 nömrəli əmri ilə İddiaçı döyüş bölgəsinə ezam olunmuşdur. Lakin onun həmin əmrdə adı səhvən “Cahid” yazılmışdır. Bu hal məhkəmə qaydasında sübuta yetirildiyindən Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə iddiaçı xx.xx.1966-cı ildə doğulmuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar