Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2243/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “dövlət hesabına təqsirləndirən şəxsin cinayət işi üzrə ibtidai araşdırmasında onun hüquqlarını müdafiə etməsi ilə əlaqədar əməkhaqqının ödənilməsi üçün Yasamal RPİ İstintaq şöbəsinin böyük müstəntiqi polis mayoru Sərxan Ramazanovun inzibati aktın (qərarın) qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “dövlət hesabına təqsirləndirən şəxsin cinayət işi üzrə ibtidai araşdırmasında onun hüquqlarını müdafiə etməsi ilə əlaqədar əməkhaqqının ödənilməsi üçün Yasamal RPİ İstintaq şöbəsinin böyük müstəntiqi polis mayoru Sərxan Ramazanovun inzibati aktın (qərarın) qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “Mərkəz” vəkil bürosunda növbətçi olduğu üçün Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulan vətəndaş X1 hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə dövlət hesabına vəkili təyin olunmuşdur və ********* nömrəli cinayət işinin ibtidai araşdırılması prosesində ona hüquqi yardım göstərmişdir. Cinayət işi üzrə ibtidai istintaqı Yasamal RPİ İstintaq şöbəsinin böyük müstəntiqi polis mayoru Sərxan Ramazanov aparmışdır. İstintaq başa çatmış, məhkəməyə verilmiş, qeydiyyata alınmışdır. AR CPM-nin 193-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə, yəni X4 hüquqi yardım göstərilməsi ilə əlaqədar haqq ödənilməsi üçün qərarın verilməsinə görə böyük müstəntiq Sərxan Ramazanova əlbəəl hesabat vermişdir, 3 dəfə Polis İdarəsinə qərarı almaq üçün getmiş, lakin qərarı, müstəntiq bu gün, sabah verər deməklə, ala bilməmişdir. Bundan sonra o, telefon zənglərinə də cavab verməmişdir. Bundan sonra iddiaçı böyük müstəntiq Sərxan Ramazanova hesabatı rəsmi qaydada poçtla göndərmiş, müraciəti cavabsız qalmış, cinayət prosesinin iştirakçısı kimi hüquqları pozulduğuna görə, Yasamal RPİ İstintaq şöbəsinin böyük müstəntiqi polis mayoru Sərxan Ramazanovun hərəkətsizliyindən, yəni əmək haqqının ödənilməsi üçün qərarın müvafiq qaydada verilməməsi barədə Yasamal rayon Prokuroruna şikayət etmişdir. Yasamal Rayon Prokurorluğu Yasamal rayon Polis İdarəsinə müvafiq tədbir görülməsi üçün məktub göndərmişdir. Bu məktubda cavabsız qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli inzibati məhkəmənin səlahiyyətinə aiddir. Mübahisə inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktı qəbul edilməməsi, hərəkətsizlik edilməsi nəticəsində yaranmışdir. Belə ki, mübahisə vəkilə ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən ödənilməməsi kimi hərəkətsizlik göstərilməsi nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxsə hüquqi yardım göstərən vəkil olan iddiaçı hazırkı iddianı qaldırmaq hüququna malikdir və cavabdeh iddiaya cavab verən inzibati orqandır.
5. Beləliklə iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
İİİ. Tədqiq edilmiş sənədlər
Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı X5 xx.xx.2024-cü il tarixli “Vəkil dəvət edilməsi haqqında” Qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən X1 hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkilinin dəvət edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin Hesabatı”na əsasən, vəkilin dövlət büdcəsi vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə sərf etdiyi toplam vaxt (yekun saat) 40 saatdır; vəkilə ödənilməli olan haqqın miqdarı 240 manatdır. Bakı şəhər Yasamal rayon Prokurorluğunun Yasamal rayon Polis İdarəsinə ünvanlandığı 08 iyun 2024-cü il tarixli, 1132-ş-24 nömrəli məktubundan məlum olur ki, Bakı şəhəri, “Mərkəz” vəkil bürosunun vəkili İddiaçı ********* nömrəli cinayət işi üzrə dövlət büdcəsi vəsaiti hesabına təqsirləndirilən şəxs X3 hüquqlarını müdafiə etməsi, bunun müqabilində müvafiq hesabat təqdim etməsinə baxmayaraq bu günə qədər ödənişini ala bilməməsi barədə Yasamal rayon prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmiş, müraciətdə göstərilən xüsusatların araşdırılaraq müvafiq tədbir görülməsi, nəticəsi barədə müraciət müəllifinə və rayon prokurorluğuna məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə müraciət etmişdir.
İV. Məhkəmənin mövqeyi
7. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
Maddə 19. Vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi
İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İİ. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. İİİ. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Maddə 20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi
İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, məişət zorakılığından zərər çəkmiş şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən vəkilə ödənilməli olan haqq, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz
İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı X5 xx.xx.2024-cü il tarixli “Vəkil dəvət edilməsi haqqında” Qərarına əsasən X1 hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilinin dəvət edilmiş və iddiaçı vəkil qismində dəvət edilmişdir. Daha sonra iddiaçı tərəfindən Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin xx.xx.2024-cü il tarixli hesabat təqdim edilsə də, məsul şəxs tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi barədə hər hansı inzibati akt qəbul edilməmiş və hərəkətsizlik göstərilmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı öz iddia tələbində haqlıdır. Belə ki, hazırkı mübahisə üzrə qanunvericilikdə təsbit edilmişdir ki, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Hazırkı mübahisə müdafiəçinin hüquqlarının pozulmasına, hüquqi və peşəkar öhdəliklərinə zidd bir vəziyyətin yaranması ilə nəticələnir. Müdafiəçinin hüquqlarının pozulması hüquq mühafizə orqanlarının, məhkəmələrin və digər hüququ realizə edən hakimiyyət orqanlarının ədalət sisteminin şəffaflıq və obyektivlik baxımından etibarını azalda bilər. Bu hal əlavə olaraq cəmiyyətin həmin hakimiyyət orqanlarının fəaliyyətini şübhə altına alması ilə nəticələnir. Hüquqi dövlətdə dövlət hesabına hüquqi yardım göstərən şəxsin hüquqlarının pozulması hüquqa olan güvən probleminə yol açır. Bundan əlavə məhkəmə onuda qeyd edir ki, müdafiəçilərin hüquqlarının pozulması, hüquqşünasların peşə etikasına və müstəqilliyinə zərər verməklə yanaşı, digər hüquqşünasların fəaliyyətinə təsir göstərərək ümumi hüquq mühitini pisləşdirə bilər. Müdafiəçilər (vəkillər) cəmiyyətin hər bir fərdinin hüquqlarını qorumaq üçün fəaliyyət göstərirlər, buna görə də onların hüquqlarının pozulması, cəmiyyətin digər üzvlərinin hüquqi müdafiəsiz qalması ilə nəticələnir. Odur ki, vəkilin dəvət edilməsi haqqında qərarı qəbul edən şəxs (vəzifəli şəxs) tərəfindən hüquqi yardım proseduru başa çatdıqdan sonra onun maddi təminatını təmin etməməsi qanunvericilikdə göstərilənlərə əsasən müdafiəçinin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, İddiaçı iddia tələbi təmin edilməli, dövlət hesabına təqsirləndirən şəxsin cinayət işi üzrə ibtidai araşdırmasında onun hüquqlarını müdafiə etməsi ilə əlaqədar iddiaçıya əməkhaqqının ödənilməsi barədə (Yasamal RPİ İstintaq şöbəsinin böyük müstəntiqi polis mayoru Sərxan Ramazanov tərəfindən) inzibati aktın (qərarın) qəbul edilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
10. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddiа tələbi təmin еdilsin. Dövlət hesabına təqsirləndirən şəxsin cinayət işi üzrə ibtidai araşdırmasında onun hüquqlarını müdafiə etməsi ilə əlaqədar vəkil İddiaçı əməkhaqqının ödənilməsi barədə (Yasamal RPİ İstintaq şöbəsinin böyük müstəntiqi polis mayoru Sərxan Ramazanov tərəfindən) inzibati aktın (qərarın) qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа