Məhkəmə qərarları › İş №2-1(112)-2245/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2245/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2245/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail RİH Başçısının 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail RİH Başçısının 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli 863 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikmək məqsədi ilə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ərazisindən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan ayrılmış torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və bu müddət ərzində o, həmin ərazidən istifadə edir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********91 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtinanın səbəbi kimi bildirmişdir ki, idarəyə daxil olmuş elektron kadastr məlumatına əsasən üç torpaq sahəsi eyni hasar daxilində olmaqla yanaşı təqdim edilmiş sərəncamın arxiv arayışı təqdim edilməmişdir. İddiaçı cavabdeh orqanın imtinası qanunsuz hesab edir. O, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən üç torpaq sahəsi eyni hasar daxilində olmaqla yanaşı təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında fərq mövcuddur. Həmçinin təqdim edilmiş sərəncamın arxiv arayışı təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, öz nümаyəndələrini göndərməmişlər. Odur ki, məhkəmə işə iddiaçının və cavabdehin olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********91 nömrəli bildirişin surətindən görünür ki, cavabdeh orqan iddiaçının ərizəsinin icrasından imtina etmiş, imtinanın səbəb kimi, elektron kadastr baza məlumatlarına əsasən üç torpaq sahəsi eyni hasar daxilində olmaqla yanaşı təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında fərqin mövcud olduğunu və təqdim edilmiş sərəncamın arxiv arayışı təqdim edilmədiyini bildirmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamının surətinə əsasən, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1966-cı ildə Ermənistan, Mehri rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Bakı Filialının 05 aprel 2021-ci il tarixli, BA-01251-2021 nömrəli məktubuna əsasən, Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 863 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı barədə heç bir məlumat yoxdur. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçının istifadəsində olan Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ərazisində ümumi sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində olan hüquqlarının qeydiyyata alınması üçün Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamı əsas götürərək cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qeyd edilən sərəncam aid edilməmişdir. İş materiallarından göründüyü kimi, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ərazisində ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun yaranmasını təsdiq edən sənədlər mövcud deyil. İddia ərizəsinə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamı iddiaçının həmin əmlaka istifadə hüququnu təsdiq edən sübut sayıla bilməz. “Daşınmz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.” İş materiallarından göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunda göstərilmiş əsaslardan heç biri mövcud deyil. Məhkəmə araşdırılması zamanı iddiaçının mübahisəli torpağa dair istifadə hüququ barədə təqdim etdiyi sərəncamın həqiqiliyi təsdiq edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail RİH Başçısının 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail RİH Başçısının 14 mart 1995-ci il tarixli, 863 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar