Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2247/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı övladının təhsil haqqından azad edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı övladı X3 təhsil haqqından azad edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı ildən Göz İnstitutunun uçotda olan xəstəsidir. Gözdən ömürlük 1-ci qrup əlildir. 20 ildən artıq Rabitə Qovşağında işləmişdir. 15 ildir ki, işləmir və dövlətdən təqaüd alır. X1 isə 2-ci qrup əlildir. xx.xx.2002-ci il təvəllüdlü övladı X7 2019-cu ildə Xəzər Universitetinin İngilis dili müəllimliyi fakultəsinə ödənişli əsaslarla (3400 AZN) qəbul olmuşdur. O, xx.xx.2019-cu il tarixdə Bakıya Xəzər Universitetinə qeydiyyata düşmək üçün sənədlərini təqdim etməyə gəlmişlər. Bu zaman Xəzər Universitetinin 1-ci mərtəbəsində sənədləri qəbul edən şəxslər onlara məlumat vermişlər ki, ödənişli fakultəyə daxil olmuşlar. Həmin vaxt özünün 1-ci qrup əlillik vəsiqəsi və yoldaşının 2-ci qrup əlilliyi haqqında sənədlərini onlara təqdim etmişlər. Sənədlərlə tanış olduqdan sonra onlara bildirmişlər ki, onlar ödənişdən azad olmuş imtiyazlı şəxslərdirlər. Bu sözləri onlara universitetin bir neçə məsul şəxsləri bildirmişdir. Lakin, universitetin əməkdaşı İsaxan müəllim onlara bildirmişdir ki, onlar ödəniş etməlidirlər. Onlar xahiş etmişlər ki, həmin qanuni onlara göstərsinlər. Universitetin hüquqşünası ilə görüşməsinə baxmayaraq, onlara qanunu göstərməmişlər. Hüquqşünasın həmin sözündən sonra qızı çox pis hallar keçirtmişdir. Onun bu vəziyyətindən qorxaraq qohuməqrabadan pul yığaraq məcburi yarımillik ödəniş (1700) ödəmişlər. Ancaq avqustun ilk həftəsində “Real” TV-də Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən səsləndirilən müsahibədə deyilirdi ki, valideynləri 1-ci və 2-ci qrup əlil olan bütün abuturiyentlər təhsil haqqı ödənişindən azad edilməlidirlər. Digər tərəfdən internetdə 2018-ci ildə ödənişdən azad olan imtiyazlı şəxslərin siyahısında valideynləri 1-ci 2-ci qrup olan şəxslər də var idi. Əgər qeyd edilən qanun mövcuddursa və onlar ödənişdən azad olan imtiyazlı şəxslərin siyahısında olduqları halda nəyə görə onları təhsil haqqı ödənişindən azad etmirlər. Onların maddi imkanları yoxdur ki, hər il 3400 AZN pul ödəsinlər. Digər tərəfdən qızının təhsil müddətində maddi təminatını ödəmək üçün əlavə çətinlik yaranacaqdır. Onlar qeyd edilən işin halları ilə bağlı cavabdeh orqana müraciət etmişlər, lakin bir nəticəsi olmamışdır. Cavabdeh orqan tərəfindən onların ərizəsinə cavab olaraq imtina məktubu gəlmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək iddianın mümkün sayılmaması xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı özünün İ qrup əlil olduğunu, həyat yoldaşının isə İİ qrup əlil olduğunu əsas gətirərək, ödənişli əsaslarla təhsil alan qızı X4 təhsil haqqından azad edilməsi ilə bağlı iddia ərizəsində cavabdeh orqan kimi Azərbaycan Respublikası Təhsil Nazirliyini göstərmişdir. Bildirirlər ki, dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan müəyyən kateqoriyadan olan imtiyazlı şəxslərin təhsil haqqının ödənilməsini nəzərdə tutan qanunvericilik aktlarında Təhsil Nazirliyinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Qanunvericilik aktlarından göründüyü kimi, həmin kateqoriyadan olan şəxslərə imtiyazların tətbiqi yalnız ali və orta ixtisas təhsil müəssisələrinin funksiyalarına aid edilmişdir. Yəni imtiyazlı şəxslər tərəfindən təhsil müəssisəsinə təqdim edilən sənədlər araşdırılır və ərizə əsaslı olduqda onların adları təhsil müəssisəsi tərəfindən imtiyazlı şəxslərin siyahısına salınır. Təhsil qanunvericiliyində, habelə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamədə Təhsil Nazirliyinin təhsil alanların təhsil haqqından azad edilməsi və ya onlara hər hansı güzəştlərin edilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Təhsil müəssisələri təhsil haqqından azad edilməli olan tələbələrin təhsil təminatlarının olması barədə məlumatları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edir. Təhsil Nazirliyi öz növbəsində təqdim olunmuş siyahıları aidiyyəti üzrə Maliyyə Nazirliyinə təqdim edir. İddia ərizəsindən göründüyü kimi, X4 təhsil təminatından istifadə etməsi barədə müraciəti təhsil aldığı Xəzər Universiteti tərəfindən təmin edilmədiyindən iş üzrə cavabdeh təhsil müəssisəsi olmalıdır. Ona görə də, İddiaçı iddia ərizəsində cavabdeh kimi Azərbaycan Təhsil Nazirliyi deyil, Xəzər Universiteti göstərilməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, İddiaçı İ qrup gözdən əlil, arvadı isə İİ qrup gözdən əlildir. İddiaçı 2019-cu il tarixdə Xəzər Universitetinə daxil olmuş qızının imtiyazlı şəxslər siyahısına daxil edilərək, ödənişdən azad olunması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, mövcud qanunvericiliyə müvafiq olaraq ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və aşağıda göstərilən kateqoriyalara aid olan tələbələr təsdiqedici sənədləri təqdim etdikləri halda, təhsil haqqını ödəməkdən azad olunurlar: - dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan məcburi köçkün ailələrindən olan tələbələr; - dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan valideynlərini itirmiş və habelə valideyn himayəsindən məhrumm olmuş (bir valideyni vəfat etmiş, digər valideyni İ və İİ qrup əlil olan) 23 yaşınadək olan tələbələr; - 2014/2015ci tədris ilindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan övladları; 2019/2020-ci tədris ilindən etibarən ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsil ivə rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan İ və İİ dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Digər hallarda ödənişli əsaslarla təhsil alan tələblələr təhsil haqqını ödəməkdən azad olunmurlar. Eyni zamanda bildirmişlər ki, aztəminatlı ailələrdən olan tələblər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə “Maarifçi” Tələbə Kredit Fondu təsis edilmişdir. Təhsil krediti ilə bağlı “Maarifçi” Tələbə Kredit Fonduna müraciət edə bilər Təhsil kreditləri üzrə müraciət yalnız elektron qaydada həyata keçirilir. İşin hallarından göründüyü kimi, dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan müəyyən kateqoriyadan olan imtiyazlı şəxslərin siyahısı qəbul olduqları təhsil müəssisəsi tərəfindən tərtib olunaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilir. Təhsil Nazirliyi də öz növbəsində təqdim olunmuş siyahıları aidiyyəti üzrə Maliyyə Nazirliyinə təqdim edir. İddiaçının qızı X4 təhsil təminatından istifadə hüququna malik olması barədə Təhsil Nazirliyinə müraciət təhsil aldığı Xəzər Universiteti tərəfindən təmin edilməlidir. Hazırda isə pozulduğunu hesab etdiyi imtiyazlı təhsil hüququnun təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırsa da, tələbini iddiasına cavab verməli olan cavabdehə (Xəzər Universtitetinə) qarşı deyil, əsl olmayan cavabdehə (Təhsil Nazirliyinə) qarşı irəli sürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmələr ilk növbədə ididaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamsını yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alki Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Daha sonra həmin Qərarda qeyd edilir ki, İPM-nin 351-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırlması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2247/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2247/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver