Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2247/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Vəkil1, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X8 və onun vəkili Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mənzilə qeydiyyata alınma ilə bağlı cavabdehin hərəkətlərinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (bundan sonra mətndə Xətai RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X8 ona məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən ümumi sahəsi 46,50 kv. metr olan 28 saylı mənzilə pasport qeydiyyatının etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh Xətai RPİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, üçüncü şəxs X8 ona məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən ümumi sahəsi 46,50 kv. metr olan 28 saylı mənzilə pasport qeydiyyatına alınmasına dair inzibati orqan - Xətai RPİ-nin hərəkətlərinin etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən ümumi sahəsi 46.50 kv. metr olan 28 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. X13 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən ümumi sahəsi 46.50 kv. metr olan 28 saylı mənzildə pasport qeydiyyatındadır, belə ki, X8 ona məxsus mənzilə pasport qeydiyyatına alınmasından xəbərsiz olmuşdur. Bununla bağlı olaraq cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət olunaraq, şəxsin hansı əsaslarla onun xüsusi mülkiyyəti olan mənzildə qeydiyyata alınmasının əsaslarının göstərilməsi xahiş edilmişdir. Həmin müraciəti xx.xx.2021-ci il tarixli, 101-30848T-3221 saylı məktubla cavablandırılmışdır. Sözü gedən cavab məktubunda X2 SSRİ nümunəli sovet pasportu ilə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən 28 saylı mənzildə qeydiyyatda olduğu, xx.xx.2003-cü il tarixində sovet pasportunun əvəzində ilkin şəxsiyyət vəsiqəsi ilə təmin olunarkən ona məxsus mənzildə qeydiyyatda saxlanıldığı ona məlum olmuşdur. Halbuki, onun mülkiyyətində olan mənzilin atası Meyti Abdullayevin mülkiyyətinə verilməsinə dair təqdim olunmuş xx.xx.1976-cı il tarixli orderdə şəxsin (X8) adı qeyd olunmamışdır. Belə ki, X8 adı isə atası Əhməd Həsənova verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən ümumi sahəsi 46.50 kv. metr olan 28A saylı mənzilə dair orderdə qeydiyyatda olan şəxslər sırasında öz əksini tapmışdır. Bundan başqa, Xətai Rayon Məhkəməsinin icraatında olan mülki iş ilə əlaqədar olaraq iş materiallarında olan məhkəməyə təqdim edilmiş şəxsin uçot vərəqəsində X8 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.50 kv. metr olan 28A saylı mənzildə qeydiyyatda olması faktı sübuta yetirilmişdir. Həmçinin, 1998-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin təqdim etdiyi Forma-2 arayışında da X8 qeydiyyyatı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən ümumi sahəsi 46.50 kv. metr olan 28A saylı mənzildə pasport qeydiyyatda olması bir daha öz təsdiqini tapır. Qeyd olunanlardan görünür ki, X8 ona məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən 28 saylı mənzildə pasport qeydiyyatına alınması zamanı mülkiyyətçi kimi onun razılığı alınmamış, onun hüquqları kobud surətdə pozulmuşdur. O, X8 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.50 kv. metr olan 28 saylı mənzildə pasport qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlı olaraq ərizə ilə Xətai RPİ-yə müraciət etsə də, müraciətinə cavab olaraq, tərəflərindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 101-23308-T saylı məktub ilə X8 mübahisəli mənzilə pasport qeydiyyatının etibarsız hesab edilməsindən imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X13 məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, 1976-cı ildə ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzil atası X12 və X3na dövlət tərəfindən verilmişdir. 1995-ci ildə ünvan 3 ünvanına aid 2 otaq atası X17, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, mənzil 28 ünvanına aid 3 otaq isə əmisi qızı X7 tərəfindən özəlləşdirilmişdir. X1 adına özəlləşdirilmiş mənzil dərhal özəlləşdirilmədən sonra valideynlərinin adına keçməli idi. Səbəb isə atası ilə əmisinin arasında əmisinin adına olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, mənzil 28 ünvanında yerləşən 3 otağın əvəzinə atası tərəfindən başqa yerdə 3 otaqlı mənzilin alınması barədə razılaşması olmuşdur. Atası tərəfindən razılaşmaya əməl olunmuşdur. Belə ki, atası tərəfindən 1994-cü ildə X9 tərəfindən satılan ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzil X3nun adına alınmışdır. X3 tərəfindən isə razılaşmaya əməl olunmamışdır, çünki 27 il keçməsinə baxmayaraq yuxarıda qeyd olunan 3 otağı hələ qızının adında saxlayaraq, atasının adına keçirməmişdir. Atası 2021-ci ildə öldüyünə görə, hazırda mənzil onun və qardaşının adına keçməlidir. 1994-cü ildə əmisi və onun ailə üzvləri ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzildə yaşamırlar, heç bir kommunal ödəniş aparmırlar və evə qulluq etmirlər. Hazırda ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzildə qardaşı X14 və onun ailə üzvləri, o, və onun ailə üzvləri yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı xx.xx.2003cü il tarixli arayışa əsasən onlar (X13, anası, qardaşı) Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 mənzil 28 ünvanında xx.xx.2003-cü ildən qeydiyyatdadırlar. ünvan 6 ünvanda yerləşən mənzillər ayrı-ayrı qeyd olunsa da, əslində bu ümumi 5 otaqlı mənzildir, orada bir mətbəx otağı, bir hamam-tualet və bir sayğac mövcuddur. Qeyd olunan mənzildə 1977-ci ildən hazıradək qeydiyyatdadır, istifadə edir və yaşayır. İddiaçı xx.xx.2022-ci il tarixli məktubla Xətai RPİ-yə müraciət etmiş və onu Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 mənzil 28 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İdarə tərəfindən cavab məktubu ilə ona imtina olunmuş və imtinanın səbəbi müvafiq qanunun maddəsi ilə əsaslandırılmışdır. Əaslardan biri də yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Qeyd etmək lazımdır ki, İddiaçı ona qarşı 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun qeyd olunan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-359/2021 saylı qətnaməsi ilə iddia ona aid hissədə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X13 və onun vəkili Vəkil2 məhkəmə iclaslarında iddianı qəbul etməyərək və ayrı-ayrılıqda yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan sayılır. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996cı il tarixli Fərmanının 2.2-1-ci bəndində göstərilmişdir ki, həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. İddiaçının tələbi ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilə dair üçüncü şəxsin pasport qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin etibarsız hesab olunmasından ibarətdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış yeri üzrə qeydiyyata alınma və qeydiyyatdan çıxarma ilə bağlı iddialar öhdəliyin icrası haqqında iddialardır. Bu baxımdan irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. İşin halları. İş materiallarında olan; AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********46-05101 №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən 28 №li mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. Etibarlılıq müddəti xx.xx.2032-ci il tarixədək olan AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş X13 ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-359/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X11 və qeyrilərinə qarşı mübahisəli mənzildən (ünvan 7) istifadə hüquqlarına xitam verilməsinə dair iddiası X11 münasibətdə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8034/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-359/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-784/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kssasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8034/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlaanılmışdır. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X8 mübahisəli mənzildən istifadə hüquqları mövcud olmaqla yanaşı, o, həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmənin müvafiq sorğusuna (X8 ünvan 7 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlərin təqdim olunmasına dair) cavab olaraq Xətai RPİ-nin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş X8 adına sənədləşən fərdi uçot kartoçkasında olan məlumatlardan X8 09 iyun 1988-ci ildə verilmiş keçmiş SSRİ nümunəli sovet pasportu ilə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında yerləşən 28 saylı mənzildə qeydiyyatda olduğu, xx.xx.2003-cü il tarixində sovet pasportunun əvəzində ilkin şəxsiyyət vəsiqəsi ilə təmin olunarkən iddiaçıya məxsus mənzildə qeydiyyatda saxlanıldığı müəyyən olunmuşdur Hazırkı tələblə bağlı iddiaçının müraciətinə Xətai RPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Məhkəmənin mövqeyi: İddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materiallarından görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və o, özünə məxsus olan həmin mənzilə üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin etibarsız hesab olunmasını xahiş edir. İddianın hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Hazırki işdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisəli mənzilə dair etibarsızlığını tələb etdiyi cavabdeh inzibati orqanın hərəkətləri ilə yaşayış yeri üzrə qeydiyyata alınmış üçüncü şəxsin məhkəmə qətnaməsinə əsasən həmin mənzildən istifadə və həmin evdə yaşamaq hüquqları vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Kopıtok Rusiya Federasiyasına” qarşı Qərarının 30-cu bəndində göstərmişdir ki, məhkəmə qərara aldı ki, daimi və ya müvəqqəti olmasına baxmayaraq, şəxslərin mənzil və daşınar əmlak üçün “istifadə hüququ” böyük iqtisadi maraq kəsb edir və 1 saylı Protokolun 1-ci maddəsinin mənası daxilində “mülkiyyət" təşkil edir (bax: Çıraqov və başqaları Ermənistana qarşı. (CC), № 13216/05, § 147, AİHM 2015). Əksinə, belə bir istifadə hüququ ərizəçinin mülkiyyət hüququna qarşı qoyulduğu təqdirdə, bu, onun bazar dəyərinə təsir göstərməli və mənzildən təyinatı üzrə, yəni özünün və ailə üzvlərinin yaşadığı əsas yaşayış yeri kimi istifadə etmək qabiliyyətinə mane olmalıdır. İşin araşdırılan hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iş üzrə üçüncü şəxs mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınarkən, sonuncu həmin mənzildə faktiki yaşamaqla yanaşı, qeyd olunan mənzildən onun qanuni əsaslarla istifadə və əmlak hüquqları mövcud olmuş və həmin hüquqlar itirilməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2247/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2247/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver