Məhkəmə qərarları › İş №2-1(112)-2247/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2247/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2247/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması” bаrədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1977-ci ildə Əli Bayramov adına X1 işə qəbul olunmuşdur, 1987-ci ildən işini 2 nömrəli Tikiş fabrikində davam etdirmişdir, 2007-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur.İddiaçının əmək kitabçasından göründüyü kimi onun 30 il fasiləsiz əmək stajı vardır.İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 24 iyun 2024-ü il tarixli cavabdan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina olunmuşdur.Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci tarixli arxiv arayışında Əli Bayramov adına tikiş istehsalat birliyinin arxiv fondunda mühafizə edilən əmrlər kitabında işə qəbul əmri qeyd olunsa da işdən azad olunmağı barədə qeyd olmadığı göstərilmişdir. Eyni zamanda sözügedən arayışda 2 nömrəli tikiş fabrikinin sənədlərinin də mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur.İddiaçı cavabdehin verdiyi imtinanı əsassız və qanunsuz hesab edir.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa, görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır.Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci iİ tarixli, № DA- 01187- 2022 saylı arxiv arayışında Əli Bayramov adına tikiş istehsalat birliyinin arxiv fondunda mühafizə edilən əmrlər kitablarında iddiaçının işə qəbul əmri qeyd olunsa da, işdən azad olunma barədə qeydlərin olmadığı göstərilmişdir. Eyni zamanda sözügedən arayışda 2 nömrəli Tikiş fabrikinin sənədlərinin də mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir.Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasan xx.xx.2006-cı iİ tarixdən xx.xx.2007-ci il tarixədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəblərdən də xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dovrun sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə iddia növünə aiddir. 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 7.İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 8.Cavabdein nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. 9.İnzibati məhkəmə işinin materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı X2 xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən o, cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın səbəbi kimi Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1977-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurətinin yaranması, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci İİ tarixli № DA-01187-2022 nömrəli arxiv arayışında Əli Bayramov adına tikiş istehsalat birliyinin arxiv fondunda mühafizə edilən əmrlər kitablarında işə qəbul əmri qeyd olunsa da, işdən azad olunmağı barədə qeydlərin olmaması, eyni zamanda sözügedən arayışda 2 nömrəli Tikiş fabrikinin sənədlərinin də mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyinin qeyd edilməsi göstərilmişdir, həmçinin iddiaçıya bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasinin Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən “Bayramov adına tikiş istehsalat birliyi“nin arxiv fondunda mühafizə edilən 1977-1978, 1983-cü illər dair şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr № 274, 09 dekabr 1977н il) - (tikişçi şagirdi peşəsinə 5-ci istehsalat sahəsinə) işə qəbul edildiyi; (əmr № 53, 07 mart 1978-ci il) 1-ci dərəcənin verilməsi;(əmr № 149, 09 iyun 1983-cü il) 2-ci dərəcəli tikişçi vəzifəsinə keçirildiyi qeyd olunur.Arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əsas fəaliyyət üzrə 26 iyun 1987-ci il tarixli 22 №-li əmrinə əsasən Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Əli Bayramov adına tikiş istehsalat birliyinin tikiş sahələri Bakı 2 №-li Tikiş Fabrikasına verilmişdir.Eyni zamanda bildiririlmişdir ki, Əli Bayramov adına tikiş istehsalat birliyinin filialının 1987-ci ilə dair işdən azad olunan işçilərin şəxsi vərəqələrində İddiaçı şəxsi vərəqəsi aşkar olunmuş, lakin vərəqədə işdən azad olunma barədə heç bir qeyd aparılmamış və qeyd olunan filialın 1987-ci ilə dair qismən qəbul edilmiş şəxsi heyət üzrə əmr kitablarında 199 №-li əmr aşkar edilməmişdir.Habelə Bakı 2 №-li Tikiş Fabrikinn sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci ildə Əli Bayramlı adına BİTBnin 5 №-li istehsalat sahəsinə şagird təyin edilmiş, xx.xx.1978-ci ildə o birinci dərəcəli tikişçi peşəsinə keçirilmiş, xx.xx.1983-cü ildə 2-ci dərəcəli tikişçi keçirilmiş, xx.xx.1987-ci ildə 3 №li Bakı Tikiş Fabrikinin 4 №li sexinə keçirilmişdir, xx.xx.1994-cü ildə 3 №-li sahənin tikişçisinə 3-cü dərəcə verilmiş, xx.xx.1998-ci ildə müəssisənin hüquqi təşkilatı forması dəyişdirilərək "xxxx" MMM adlandırılmışdır, xx.xx.2006-cı ildə öz xahişi ilə işdən azad edilmişdir.

İV. Məhkəmənin mövqeyi 10.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsalıdır. 11.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

13. İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 14.İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası İddiaçı xx.xx.1977-ci ildən fasiləsiz olaraq əvvəlcə Əli Bayramlı adına Bakı İstehsalat Tikiş Birliyində 5 №li istehsalat sahəsində, daha sonra isə 3 №li Bakı Tikiş Fabrikində (adı sonradan "xxxx" MMM-nə dəyişdirilmişdir) xx.xx.2006-cı ilə qədər işləməsinə dair məlumatları əks etdirir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan İddiaçı adına tərtib edilmiş əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. İnzibati məhkəmə materiallarında olan arxiv arayışında da iddiaçının işə qəbul edilməsi haqqında 274 №-li, 09 dekabr 1977-ci il tarixli əmrin (İddiaçı tikişçi şagirdi peşəsinə 5-ci istehsalat sahəsinə işə qəbul edilməsi haqqında), 53 nömrəli, 07 mart 1978-ci il tarixli əmrin (İddiaçı 1-ci dərəcənin verilməsi haqqında), 149 nömrəli, 09 iyun 1983-cü il tarixli əmrin (İddiaçı 2-ci dərəcəli tikişçi vəzifəsinə keçirilməsi haqqında), iddiaçıya aid şəxsi vərəqənin dövlət arxivində mövcud olması öz əksini tapmışdır, eyni zamanda arxiv arayışında göstərilmişdir ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əsas fəaliyyət üzrə 26 iyun 1987-ci il tarixli 22 №-li əmrinə əsasən Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Əli Bayramov adına tikiş istehsala birliyinin tikiş sahələri Bakı 2 №-li Tikiş Fabrikasına verilmişdir ki, bu da əmək kitabçasında qeyd edilmiş məlumatlara uyğundur. 15.Məhkəmə hesab edir ki, arxiv arayışında qeyd edilən məlumatların iddiaçının əmək kitabçasında aparılmış qeydlərə uyğun olması iddiaçının əmək kitabçasının onun əmək stajını təsdiq edən mötəbər sübut olmasının göstəricisidir.Həmin arxiv arayışı o zaman iddianın təmin edilməməsi üçün əsas ola bilərdi ki, arxiv arayışında iddiaçının əmək kitabçasında göstərilən məlumatlar inkar edilmiş və ya iddiaçının əmək kitabçasında göstərilmiş - işdən azad edilməsi haqqında qeydin tarixindən daha əvvəl 2 №li Tikiş Fabrikindən işdən azad edilməsi barədə qeyd (müvafiq əmrə istinad edilməklə) olardı ki, hal-hazırda da bu hal mövcud deyildir.Məhkəmə eyni zamanda onu qeyd edir ki, 2 №li Tikiş Fabrikinin sənədlərinin dövlət arxivinə təhvil verilməməsinə görə iddiaçı məsuliyyət daşımamalı və onun sosial təminat – pensiya hüququ məhdudlaşdırılmamalıdır, bu məhdudlaşdırma onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnun pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən “iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır”. Öz növbəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının əmək kitabşasının saxta, qeyri-mötəbər olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının əmək kitabçasına əsasən isə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarixə qədər artıq 25 ildən çox əmək stajı mövcuddur, habelə iddiaçının yaşının əmək pensiyasının təyin edilməsi üçün əsas verməsi halı cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının xeyrinə olan halları araşdırmamış və onları nəzərə almaqdan İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız imtina etmişdir. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar