Məhkəmə qərarları › İş №2-1(112)-2248/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2248/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2248/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, T.Şıxəliyev küçəsi ev 20, mənzil 140; ixtisası: riyaziyyatçı; iş yeri: işləmir) cavabdehin nümayəndəsi X3 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 42A, mənzil 185; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı, mütəxəssis) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üçüncü şəxs - "xxxx" MMC qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı İddiaçı 04.09.1978-ci il tarixdən 01 iyul 1985-ci il tarixinədək “Hesablama Mərkəzi”ndə matematik vəzifəsində, 06 iyun 1985-ci il tarixindən 16.10.1986cı il tarixinədək Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, əmək pensiyası hüququna yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 22.12.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 12.01.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 10.03.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı 04.09.1978-ci il tarixdən 01 iyul 1985-ci il tarixinədək “Hesablama Mərkəzi”ndə matematik vəzifəsində, 06 iyun 1985-ci il tarixindən 16.10.1986-cı il tarixinədək Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, əmək pensiyası məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 15.05.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada 800.97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının təyin edilmiş məbləği ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial adlandırılacaq) müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 06 avqust 2021ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim etdiyi 18.02.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçanısı və təhsil haqqında diplomun surətlərinə əsasən 01.01.2006-cı il tarixindən 01.01.2016-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 96288,49 manat olmaqla tələb olunan pensiya kapitalından çox olmasına baxmayaraq sığorta stajı 23 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildirilmişdir ki, 04.09.1978-ci il tarixindən 16.10.1986-cı il tarixinədək əmək fəaliyyəti dövrü barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 4 saylı Bakı “DOST” mərkəzinə təqdim etdikdən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Göründüyü kimi, onun “Hesablama Mərkəzi”ndə 04.09.1978-ci il tarixdən 01 iyul 1985-ci il tarixinədək matematik vəzifəsində işləməsi faktını təsdiq edən "xxxx"xxxx"xxxx" MMC-nin 380 №-li, 15 noyabr 2016-cı il tarixli arxiv arayışının mövcud olmasına, eləcə də 06 iyun 1985-ci il tarixindən 16.10.1986-cı il tarixinədək Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işləməsi faktını təsdiq edən Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi X5 220 №-li, 25 oktyabr 2016-cı il tarixli arxiv arayışının mövcud olmasına baxmayaraq, filial onun əmək fəaliyyətinin dövrü barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur. Ona görə də hesab edir ki, onun 06 iyun 1985-ci il tarixindən 16.10.1986-cı il tarixinədək Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işləməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Vətəndaşın yaşa görə əmək pensiyası hüququ 15.05.2021-ci il tarixdə yaranmışdır. Pensiya kapitalı əsasında avtomatlaşdırılmış qaydada 800.97 manat məbləğində pensiya təyin edilmişdir. Təqdim olunan 18.02.1977-ci il tarixli ******* saylı əmək kitabçası və təhsil haqqında diplomun surətinə əsasən 01.01.2006-ci il tarixdən 01.10.2016-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 98288.49 manat olmaqla tələb olunan pensiya kapitalından çox olmasına baxmayaraq ümumi sığorta stajı 23 il 11 ay olmaqla tələb olunan 25 il müddətdən azdır. İddiaçının 04.09.1978-ci il tarixdən 16.10.1986-ci il tarixə kimi əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmadığı üçün qeyd olunan dövrün sığorta stajılna daxil edilməsi qanunauyğun hesab olunmur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il va daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilan şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə müvafiq sorğu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilmişdir. Sorğulara verilən cavab məktublarına əsasən araşdırılan müəssisə haqqında heç bir məlumat arxivə təhvil verilməmişdir. Bu səbəblə həmin dövrlərin araşdırılması mümkün hesab olunmur. Beləliklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarından görünür ki, İddiaçı 15.05.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada 800.97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə iddiaçının 04.09.1978-ci il tarixdən 01 iyul 1985-ci il tarixinədək “Hesablama Mərkəz”ndə matematik vəzifəsində, 06 iyun 1985-ci il tarixindən 16.10.1986-cı il tarixinədək Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, əmək pensiyası hüququna yenidən baxılmasını tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq İddiaçı aid inzibati icraat materialları məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqularını pozur. Belə ki, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçının əmək kitabçasının işdə olan notarial qaydada təsdiq edilmiş surətinə əsasən aşağıdakı sığorta stajı müəyyən edilir: 07.12.1976-cı il tarixdən 23.06.1977-ci il tarixədək (06 ay 16 gün); 15.11.1986-cı il tarixdən 17.12.2002-ci il tarixədək (16 il 01 ay 02 gün); 18.12.2002-ci il tarixdən 21.09.2016-cı il tarixədək (13 il 09 ay 03 gün, o cümlədən 01.01.2006-cı ilə qədər 03 il 14 gün). İddiaçının əmək kitabçasının qeydləri üzrə iş stajı toplandıqda, onun 01.01.2006-cı il tarixinə, 19 il 08 ay 02 gün ümumi sığorta stajı toplanır. İş materiallarından görünür ki, Г-İ 026610 nömrəli diploma əsasən İddiaçı 1973- 1978-ci illərdə Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. (05 il) İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 220 nömrəli 25.10.2016-cı il tarixli Arxiv Arayışına əsasən İddiaçı Kirov rayon Partiya Komitəsinin 6 iyun 1985-ci il tarixli 51 saylı Büro iclasının qərarına əsasən rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə təsdiq edilmişdir və 16 oktyabr 1986-cı tarixli 28 saylı Büro iclasının qərarına əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 380 nömrəli 15.11.2016-cı il tarixli Arxiv Arayışına əsasən "xxxx" MMC-nin arxivində saxlanılan Hesablama Mərkəzinin arxiv sənədlərinə əsasən İddiaçı 04.09.1978-ci il tarixdən 01 iyul 1985-ci il tarixədək matematik vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, təqdim edilən 18.02.1977-ci il tarixində tərtib edilmiş əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən 01.01.2006-cı il tarixindən 01.10.2016-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 96288,49 manat olmaqla tələb olunan pensiya kapitalından çox olmasına baxmayaraq ümumi sığorta stajı 23 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının 04.09.1978-ci il tarixdən 16.10.1986-ci il tarixə kimi əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmadığı üçün qeyd olunan dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni 04.09.1978-ci il tarixdən 16.10.1986-ci il tarixinədək Kirov rayon Partiya Komitəsində və Nəqliyyat Nazirliyinin Hesablama Mərkəzində işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı Kirov rayon Partiya Komitəsinin 6 iyun 1985-ci il tarixli 51 saylı Büro iclasının qərarına əsasən rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə təsdiq edilmişdir və 16 oktyabr 1986-cı tarixli 28 saylı Büro iclasının qərarına əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “Sizin 2-1/112-2248/2022-ci il nömrəli 12.01,2022-ci il tarixli təkrar müraciətinizlə əlaqədar olaraq aşağıda qeyd olunanları bildiririk ki, İddiaçı "xxxx" MMC-də yox 04.09.1978-ci il tarixdən 01.06.1985-ci il tarixədək Nəqliyyat Nazirliyinin Hesablama Mərkəzində işləmişdir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Nəqliyyat Nazirliyinin müvafiq əmrinə əsasən Nazirliyin bir neçə təşkilatlarının Arxiv sənədləri "xxxx" MMC-yə 08.09.2015-ci il tarixli tərtib edilmiş aktla təhvil verilmişdir. Aktın surətini Sizə təqdim edirik. Həmin aktın sıralamasında 34-cü bölmədə Hesablama Mərkəzinə aid olan sənədlər mövcud olmuşdur. 2016-cı il tarixində arxiv arayışı almaq üçün müraciət etmiş İddiaçı həmin arxiv sənədlərində araşdırma apardıqdan sonra ona o dövr üçün X4 işləməsi haqqında arxiv arayışı verilmişdir. Həmin arxiv arayışını və ona əlavə olunan sənədlərin surətini Sizə təqdim edirik. Əlavə olaraq bunu da qeyd etmək lazımdır ki, "xxxx" MMC-də saxlanılan bütün Arxiv sənədləri 2019-cu ilin noyabr tarixində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliynin Mərkəziləşdirilmiş Arxivinə (hal- hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) köçürüldüyündən keçmiş dövrlərə aid sənədlər barədə məlumatımız olmadığı üçün müraciət edən şəxslərə arxiv arayışı verə bilmədiyimiz səbəbindən onların Nazirliyin Mərkəzləşdirilmiş Arxivinə müraciət etmələrini tövsiyyə edirik. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni 04.09.1978ci il tarixdən 16.10.1986-ci il tarixinədək olan dövrdə işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (19 il 08 ay 02 gün), təhsil dövrü (05 il), həmçinin yuxarıda qeyd edilən Arxiv Arayışları (cəmi 08 il 01 ay 12 gün) də nəzərə alınmaqla, 01.01.2006-cı il tarixədək 25 ildən artıq (32 il 09 ay 14 gün) ümumi iş stajı mövcud olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (-); (-)... Maddə 21. Sığorta stajına daxil edilən və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; (-). “Sosial sığorta haqqında” Qanun: Maddə 4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; (-). Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına malik olduğundan, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası məsələsinə məsələsinə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci və 22-1-ci maddələrinə müvafiq olaraq yenidən baxılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 04.09.1978-ci il tarixdən 01 iyul 1985-ci il tarixədək “Hesablama Mərkəzi”ndə matematik vəzifəsində, 06 iyun 1985-ci il tarixdən 16.10.1986-cı il tarixədək Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, əmək pensiyası hüququna yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 04.09.1978-ci il tarixdən 01 iyul 1985-ci il tarixədək “Hesablama Mərkəzi”ndə matematik vəzifəsində, 06 iyun 1985-ci il tarixdən 16.10.1986-cı il tarixədək Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, əmək pensiyası məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar