Məhkəmə qərarları › İş №2-1(112)-2249/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2249/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2249/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 10 mart 2021-ci il tarixdən pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 12 avqust 2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilir ki, Mərkəzi Filiala təqdim etdiyiniz 13 dekabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda 24.07.2003-07.09.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Boru Yayma-1 sexində təmirçi çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz təmirçi çilingər vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 8 ay (14.01.1982-11.02.1985-ci il, 28.01.2011-02.09.2011-ci il və 23.11.2011-22.11.2018-ci il tarixləri arasındakı dövrlər)). Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina qanunsuz və əsassızdır. Zərərli iş stajı: 14.01.1982-ci ildən 11.02.1985-ci ilədək, 24.07.2003-cü ildən 07.09.2005-ci ilədək, 28.01.2011-ci ildən 02.09.2011-ci ilədək, 01.05.2012-ci ildən 22.11.2018-ci ilədək. Zərərli iş stajı 12 il 9 ay 17 gündür. Ümumi iş stajı: 19.10.1979-cu ildən 24.11.1981-ci ilədək, 14.01.1982-ci ildən 11.02.1985-ci ilədək, 11.04.1986-cı ildən 14.11.1996-cı ilədək, 24.07.2003-cü ildən 07.09.2005-ci ilədək, 08.09.2005-ci ildən 22.09.2009-cu ilədək, 02.11.2009-cu ildən 01.06.2010-cu ilədək, 28.01.2011-ci ildən 02.09.2011-ci ilədək, 23.11.2011-ci ildən 12.11.2018-ci ilədək. Ümumi iş stajı 31 il 2 gündür. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 15.07.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları bəndində 1030100а—13792 kodu üzrə metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri və həmin bölmənin boru istehsalı bəndində 1030400а—13792 kodu üzrə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 13 dekabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 24.07.2003-07.09.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Boru Yayma-1 sexində təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi təmirçi çilingər vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay (14.01.1982-11.02.1985-ci il, 28.01.2011-02.09.2011-ci il və 23.11.2011-22.11.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş HЗ № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 19.10.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, 20.11.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarında olan УВ-İ № 118894 nömrəli, 31.08.1990-cı il tarixli diplomun surətinə əsasən İddiaçı 01.09.1984-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuş, 13.07.1990-cı ildə fizika müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 13.12.1982-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 14.01.1982-ci ildə Prokat sexinə ÇM-1, 3-cü dərəcə üzrə 850 dəzgahının kranlarının maşinistləri şöbəsinin qaynar şöbənin metal istehsalı üzrə (nömrə 1, 4, 5) kranın maşinisti vəzifəsinə qəbul edilmiş, 12.07.1984-cü ildə prokat sexinə ÇM-1, 3-cü dərəcə üzrə 850 dəzgahının qaynar şöbəsinin metal istehsalı üzrə (nömrə 6, 9, 22) metallurgiya istehsalı kranının maşinistİ vəzifəsinə keçirilmişdir. 11.09.1984-cü ildə prokat sexinə ÇM-1, 3-cü dərəcə üzrə 700 dəzgahının şöbənin metal istehsalı üzrə 25 nömrəli metallurgiya istehsalı kranının maşinisti vəzifəsinə keçirilmiş, 11.02.1985-ci ildə vəzifədən azad edilmişdir. 11.04.1985-ci ildə Azərbaycan SSR Daxili İşlər orqanına xidmətə qəbul edilmiş, 09.03.1986-cı ildə işdən azad edilmişdir 10.04.1986-cı ildə mexanik vəzifəsinə qəbul edilmiş, 17.06.1986-cı ildə istehsalat təlimi üzrə usta vəzifəsinə keçirilmiş, 01.02.1994-cü ildə inzibati və təsərrüfat işləri üzrə direktor müavini təyin edilmiş, 14.11.1996-cı ildə işdən azad edilmişdir. 24.07.2003-cü ildə "xxxx" ASC-də Boru-yayma - 1 sexinə 250-1 dəzgahının isti şöbəsinin mexaniki qulluq sahəsinə 4-cü dərəcə təmirçi-çilingər hava xətti üzrə qəbul edilmiş, 07.09.2005-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 08.09.2005-ci ildə "xxxx" ASC "xxxx" MMC-də 2 saylı Sumqayıt Təmir və Quraşdırma sexinə 4-cü dərəcə ilə krançı peşəsinə qəbul edilmiş, 02.10.2008-ci ildə Sumqayıt Texnologiyaları Parkının Söküntü sahəsinə 4-cü dərəcəli körpü kran operatoru vəzifəsinə keçirilmiş, 22.06.2009-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 02.11.2009-cu ildə “DHT Metal” BM-nə müddətsiz müqavilə əsasında kran operatoru vəzifəsinə təyin edilmiş, 01.06.2010-cu ildə işdən azad edilmişdir. 28.01.2011-ci ildə "xxxx" ASC-də Texniki Xidmət və Təmir Departamentinin Mexaniki avadanlıqlarının Xidməti və Təmiri sexinə Boruyayma sexi üzrə kran maşinisti qəbul edilmiş, 02.09.2011-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 23.11.2011-ci ildə “X4” MMC-də Poladəritmə sexinə körpülü kran maşinisti vəzifəsinə qəbul edilmiş, 01.05.2012-ci ildə Poladəritmə sexinə körpülü kran maşinisti (pəstahların fasiləsiz tökmə sahəsində) vəzifəsinə keçirilmiş, 03.11.2014-cü ildə Poladəritmə sexinə körpülü kran maşinisti (çalov sahəsində) keçirilmiş, 22.11.2018-ci ildə işdən azad eidlmişdir. 01.02.2019-cu ildən 01.08.2019-cu ilədək işsizlikdən sığorta ödənişi almışdır. İş materiallarına əlavə edilmiş “X4” MMC-nin 29.03.2021-ci il tarixli, 27/L nömrəli araşdırıcı arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, 23 noyabr 2011-ci il tarixdən 01 may 2012-ci il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində körpülü kran maşinisti, 01 may 2012-ci il tarixdən 03 noyabr 2014-cü il tarixədək Poladəritmə sexinin Pəstahların fasiləsiz tökmə sahəsində isti və zərərli iş şəraitində körpülü kran maşinisti və 03 noyabr 2014-cü il tarixdən 22 noyabr 2018-ci il tarixədək Poladəritmə sexinin çalov sahəsində isti və zərərli iş şəraitində körpülü kran maşinisti peşəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əksini tapmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş 18.09.2021-ci il tarixli, AZB01/111 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı "xxxx" ASC-də işlədiyi dövr üzrə güzəştli arayış sizə göndərilir. Həmçinin nəzərinizə çatdırılır ki, İddiaçı "xxxx" ASC-də işlədiyi kran maşinisti və təmirçiçilingər peşələrinin xüsusiyyətləri eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (3) Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin 3.7 (a) və 3.8-ci (a) yarımbölmələrində nəzərdə tutulan müvafiq peşələrin xüsusiyyətləri ilə eynidir. Həmin məktuba əlavə edilmiş 15.09.2021-ci il tarixli, 66 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, 14.01.1982-ci il tarixdən 11.02.1985-ci il tarixədək, 24.07.2003-cü il tarixdən 07.09.2005-ci il tarixədək, 28.01.2011-ci il tarixdən 02.09.2011-ci il tarixədək Yayma sexində, Boru Yayma - 1 sexində (TX və TD-də MAX və T) Boru Yayma sexi üzrə kran maşinisti, təmirçi çilingər işləyib. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının İİİ bölməsinin 3a, 4a yarımbölməsinin 1030300a-13792, 1030400a-13792, 1030400a-1753a şifri ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd: 01.08.2004-cü il tarixdən 01.09.2004-cü ilədək ödənişsiz məzuniyyətdə olub. Arayış əmək kitabçası, T-2 kartı, vəzifə təlimatları, şəxsi hesabı əsasında verilmişdir. "xxxx" ASC-nin 07.09.2021-ci il tarixli, 65 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, 24.07.2003-cü il tarixdən 07.09.2005-ci il tarixədək Boru Yayma - 1 sexində 250-1 dəzgahının isti şöbəsində təmirçi-çilingər işləyib. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 1030400a-1753a şifri ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd: 01.08.2004-cü il tarixdən 01.09.2004-cü ilədək ödənişsiz məzuniyyətdə olub. Arayış əmək kitabçası, T-2 kartı, vəzifə təlimatları, şəxsi hesabı əsasında verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31.01.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14554,33 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 26330,47 manat olmaqla cəmi pensiya kapitalı 40884,80 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 1 ay 6 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14554,33 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 26330,47 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 10.03.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,80 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 12.08.2021-ci il tarixli, **********7 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları bəndində 1030100а—13792 kodu üzrə metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri və həmin bölmənin boru istehsalı bəndində 1030400а—13792 kodu üzrə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 13 dekabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda 24.07.2003- 07.09.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Boru Yayma-1 sexində təmirçi çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz təmirçi çilingər vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 8 ay (14.01.1982-11.02.1985-ci il, 28.01.2011- 02.09.2011-ci il və 23.11.2011-22.11.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona 10.03.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 60 yaşını 10.03.2021-ci il tarixdə tamamlamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, təhsil barədə sənəd və əmək kitabçasına əsasən 01.09.1984-13.07.1990-cı ilədək təhsil dövrü 05 il 10 ay 13 gün, 19.10.1979-20.11.1981-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 2 gün, əmək fəaliyyəti dövrlərindən 14.01.1982-11.02.1985-ci ilədək 03 il 28 gün, 11.04.1985-09.03.1986-cı ilədək 10 ay 29 gün, 10.04.1986-14.11.1996-cı ilədək 10 il 07 ay 05 gün, 24.07.2003- 07.09.2005-ci ilədək 02 il 01 ay 14 gün, 08.09.2005-22.06.2009-cu ilədək 03 il 09 ay 15 gün, 02.11.2009-01.06.2010-cu ilədək 07 ay, 28.01.2011-02.09.2011-ci ilədək 07 ay 05 gün, 23.11.2011-22.11.2018-ci ilədək 07 il işləmiş, 01.02.2019-01.08.2019-cu ilədək 06 ay 01 gün işsizlikdən sığorta ödənişi almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası və təhsil haqqında sənədlərində 01.09.1984-13.07.1990-cı ilədək təhsil aldığı dövrlə 11.04.1985- 09.03.1986-cı ilədək olan əmək fəaliyyəti dövrləri tam, 14.01.1982-11.02.1985-ci ilədək işlədiyi dövrdən bir hissəsi 01.09.1984-11.02.1985-ci ilədək olan hissəsi və 10.04.1986- 14.11.1996-cı ilədək işlədiyi dövrdən bir hissəsi - 10.04.1986-cı ildən 13.07.1990-cı ilədək olan dövrü qismən üst-üstə düşmüşdür. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici təhsil və əmək fəaliyyəti dövrləri üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Bu baxımdan iddiaçının 01.09.1984-11.02.1985-ci ilədək, 11.04.1985-09.03.1986cı ilədək olan və 10.04.1986-cı ildən 13.07.1990-cı ilədək olan əmək fəaliyyəti dövrləri iddiaçının 01.09.1984-13.07.1990-cı ilədək iddiaçının təhsil aldığı dövrlə əhatə olunduğundan həmin dövrlər ümumi iş stajına hesablana bilməz. Eyni zamanda təhsil dövrü ilə üst-üstə düşməyən əmək fəaliyyətinin 14.01.1982-ci ildən 01.09.1984-cü ilədək, 13.07.1990-cı ildən 14.11.1996-cı ilədək olan dövr ümumi iş stajına daxil edilməlidir. İddiaçı 01.08.2004-cü ildən 01.09.2004-cü ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Qeyd edilməlidir ki, istər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri içərisində, istərsə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sosial sığorta stajı kimi nəzərə alınan dövrlərin sırasında ödənişsiz məzuniyyət dövrü təsbit olunmamışdır. Belə olan halda ödənişsiz məzuniyyətdə olduğu dövr onun ümumi iş stajından çıxılmalıdır. Beləliklə, iddiaçının 01.09.1984-13.07.1990-cı ilədək təhsil dövrü 05 il 10 ay 13 gün, 19.10.1979-20.11.1981-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 2 gün, 14.01.1982- 01.09.1984-cü ilədək 02 il 07 ay 18 gün, 13.07.1990-14.11.1996-cı ilədək 06 il 04 ay 02 gün, 24.07.2003-07.09.2005-ci ilədək 02 il 14 gün (01 ay ödənişsiz məzuniyyət çıxılmaqla), 08.09.2005-22.06.2009-cu ilədək 03 il 09 ay 15 gün, 02.11.2009-01.06.2010cu ilədək 07 ay, 28.01.2011-02.09.2011-ci ilədək 07 ay 05 gün, 23.11.2011-22.11.2018-ci ilədək 07 il, işsizlikdən sığorta ödənişi dövrü 01.02.2019-01.08.2019-cu ilədək 06 ay 01 gün olmaqla ümumi iş stajı 31 il 05 ay 10 gün təşkil edir. Qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı dəlili ilə isə məhkəmə aşağıdakılara əsasən razılaşmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, iddiaçının "xxxx" ASC-də 14.01.1982-11.02.1985-ci ilədək Yayma sexində metallurgiya istehsalı kranının maşinisti peşəsi və 28.01.2011-02.09.2011-ci il tarixləri arasındakı dövrdə Boruyayma sexi üzrə kran maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın ******* Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları yarımbölməsində 1030300a—13792 isti işlərlə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri, 10304000 Boru istehsalı yarımbölməsində 1030400a—13792 isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri peşələrinə uyğundur. 24.07.2003-07.09.2005-ci ilədək işlədiyi Boruyayma - 1 sexində 250-1 dəzgahının isti şöbəsində təmirçi çilingər vəzifəsi 10304000 Boru istehsalı: boruyayma, boruqaynağı, elektrik boru qaynağı, boruçəkmə, borutökmə, fitinq, balon, termiki və sinkləmə; metalın hazırlanması və doğranması 1030400a a) fəhlələr yarımbölməsində 1030400a—1753a təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğundur. Eyni zamanda 23.11.2011-22.11.2018-ci il tarixləri arasındakı dövrlər “X4” MMC-də Poladəritmə sexində isti və zərərli iş şəraitində körpülü kran maşinisti vəzifəsi hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması yarımbölməsində a) fəhlələr: metallurgiya istehsalatının kran maşinistləri peşəsinə uyğundur. Beləliklə, iddiaçının 14.01.1982-11.02.1985-ci il, 24.07.2003-07.09.2005-ci il, 28.01.2011-02.09.2011-ci il və 23.11.2011-22.11.2018-ci il tarixləri arasındakı dövrlər güzəştli iş stajına hesablanmaqla ümumilikdə 12 il 09 ay 17 gün təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40800,80 manat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14554,33 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 26330,47 manat olmaqla cəmi pensiya kapitalı 40884,80 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 şərtin - yaş, ümumi və güzəştli staj, pensiya kapitalı mövcud olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni 10 mart 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni 10 mart 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar