Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2249/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və səbəbsiz yerə ödənilməyən məbləğlərin ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, xx.xx.2019-cu il tarixindən etibarən isə pensiyası bilinməyən səbəbdən dayandırılmışdır. Pensiyasının dayandırılması səbəbini bilmək və pensiyasının yenidən hesablanması məqsədilə o, dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə pensiyasının dayandırılmasının səbəbi ilə ərizə ilə müraciət etsə də, heç bir cavab ala bilməmişdir. Daha sonra isə, xx.xx.2022-ci il tarixində cavabdehə ərizə ilə müraciət etsə də, yenə də, müraciəti cavabsız qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Lakin, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı etiraz təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə yazılı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Azərbaycan Respublikası vətəndaşının AA4678533 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
7. Ərizə və poçt qəbzlərinə əsasən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizələrlə cavabdehə müraciət etmişdir.
8. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli notarial qaydada tərcümə və təsdiq edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-cu il tarixdə Bakı Alüminium Prokatı Zavoduna alüminium məftilin sürüdülməsi üzrə sexə 2-ci dərəcəli yandırıcı qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə eyni sexdə 3-cü yandırıcı dərəcəsi verilmiş, xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 205 saylı xx.xx.1986-cı il tarixli qətnaməsinə əsasən BƏMEZ və BAPZ birləşdirilib və onların bazasında Azərrənglimetal İdarəsinin Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmış, xx.xx.1988-ci il tarixdə 4-cü yandırıcı dərəcəsi verilmiş, xx.xx.1990-cı il tarixdə SSRİ Metallurgiya Nazirliyinin 118 saylı xx.xx.1989-cu il tarixli əmrinə əsasən BƏMƏEZ Bakı əlvan metalların emalı üzrə 2 zavod yenidən qurulub, xx.xx.1992-ci il tarixdə maddi-texniki təchizat şöbəsinə 3-cü dərəcə ilə nəzarətçi-tərəziçi işinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə texniki nəzarət şöbəsinə nəzarətçi şöbəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə təmir-tikinti sahəsinə köməkçi fəhlə peşəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Aluminium yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" ASC-də 1 nömrəli sexə köməkçi fəhlə işinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə A.S.Makarenko adına inernat məktəbin yeməkxanasına aşbaz qəbul edilmiş, xx.xx.2006cı il tarixdə baş aşbaz işinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə aşbaz işinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə aşbaz vəzifəsindən azad edilmiş, xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə vəzifəsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə DOST İş Mərkəzi MMC-yə Pirallahı rayonu üzrə Təmizlik İşləri və Sosial Xidmətlərin göstərilməsi üzrə köməkçi işinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
9. "xxxx" ASC tərəfindən verilmş 13 nömrəli 03 avqust 2021-ci il tarixli güzəştli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixə kimi əlvan metal yandırıcı vəzifəsində işləmiş (vəzifəsinin adı “əlvan metal yandırıcısı”, 1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072102a-16360); xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi texniki şöbəyə nəzarətçi vəzifəsində işləmişdir (vəzifəsinin adı nəzarətçi, Vİİİ bölmə, kod 2092400a-13041).
10. cavabdeh tərəfindən verilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 20 dekabr 1979-cu il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 03 avqust 2021-ci il tarixli 13 nömrəli arayşında xx.xx.1979-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə işlədiyi qeyd olunmuşdur. Araşdırılma zamanı vaxtilə ona Fondun Suraxanı rayon Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu, lakin xx.xx.2019-cu il tarixindən isə etibarsız edilməsi əmək stajına dair məlumatların düzgünlüyünə əsaslı şübhələr yaratmışdır. Bununla əlaqədar "xxxx" ASCdə olan iş stajına aid məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı adıçəkilən müəssisənin baş verən yanğın səbəbindən yanaraq məhv olduğu müəyyən olunmuşdur. Buna görə də, ona dair müvafiq məlumatları dəqiqləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir.Sözügedən Qaydaların 3.2.2-ci bəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
11. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə müraciət edilərək, İddiaçı iş stajı təsdiqini tapmadığı üçün pensiya işinin dayandırılması xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması (maraqlı şəxslərin iştirakının təmin edilməsi və s.) və pensiyasının dayandırılması ilə bağlı qərar aşkar edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, işin hallarından göründüyü kimi, hazırki mübahisənin predmetini iddiaçının "xxxx" ASC-də işlədiyi illərin onun sığorta stajına daxil edilməsi təşkil edir.
19. Cavabdehin qənaətinə görə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının "xxxx" ASC-dəki iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı adıçəkilən müəssisə baş verən yanğın səbəbindən yanaraq məhv olduğu üçün iddiaçıya dair məlumatlar dəqiqləşdirilə bilmədiyindən onun əmək kitabçasındakı məlumatların düzgünlüyünə əsaslı şübhələr yaranmışdır.
20. Məhkəmə iddiaçının "xxxx" ASC-dəki əmək fəaliyyətinin xx.xx.2006-cı il tarixədək olmasını nəzərə alaraq cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
21. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
22. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
24. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
28. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
29. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
30. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
31. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən də, göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
32. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır.
33. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1979-xx.xx.1992-ci il, xx.xx.1994xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2004, xx.xx.2004-xx.xx.2005-ci illərdə "xxxx" ASC-də elektrik montyoru işləməsi onun əmək kitabçasında əks olunduğundan həmin müəssisənin yanması səbəbindən sənədlərin yerində qarşılıqlı yoxlanmasının mümkün olmaması iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir.
34. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarına əsasən cavabdeh inzibati orqana belə bir səlahiyyət vermişdir ki, onun pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirə bilər. (bənd 4.2.7). Lakin, mövcud inzibati icraat qanunvericiliyinin tələblərinə görə həmin zərurətin nədən ibarət olması mütləq əsaslandırılmalıdır.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
36. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası iddiaçının adına xx.xx.1979-cu il tarixdə iş günündə açılmış, qanunvericiliyin tələblərinə uyğun olaraq doldurulmuş, əmək kitabçasında qeydlərin mötəbərliyinə şübhə doğuracaq hər hansı bir düzəliş və ya qaralama aparılmamışdır. İş dövrü barədə qeydlərin düzgün və dəqiq olmasına əsaslı şübhə yaradacaq hər hansı bir nüans müəyyən edilməmişdir.
37. Digər tərəfdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
38. Həmin Qanunun 21-ci maddəsinin (inzibati icraatda maraqlı şəxslərin iştirakı) tələblərinə əsasən 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.
39. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
40. Həmin Qanunun 52-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
41. Qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati orqanlar apardıqları inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, maraqlı şəxslərin inzibati icraatda iştirakını təmin etməyə, eləcə də, qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Yəni, cavabdeh inzibati orqan ehtimal və şühələrinə əsasən deyil, maraqlı şəxslərin inzibati icraatda iştirakını təmin etməklə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaqla yalnız qanunla nəzərdə tutulmuş hal və qaydada, inzibati akt ( hazırki halda pensiyanın dayandırılması barədə qərar) qəbul etməklə iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandırmalı idi.
42. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmiş, ümumiyyətlə inzibati icraat aparılmayaraq, iddiaçıya məxsus əmək pensiyasının dayandırılması barədə qərar (inzibati akt) qəbul etmədən, sadəcə faktiki hərəkətlərlə iddiaçının pensiyasını qanunsuz və əsassız olaraq dayandırılmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya təyin edilmiş yaşa görə pensiyasının dayandırılması ilə müşaiyət olunan hərəkətləri əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir.
43. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin predmeti olan iddiaçının işlədiyi "xxxx" ASC-də işləmiş olan digər əmək pensiyaçılarının pensiya hüquqlarının məhkəmə müdafiəsi üzrə mövcud məhkəmə təcrübəsi də formalaşmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1681/2022 saylı xx.xx.2022-ci il tarixli; 2-1(102)-123/2023 aylı xx.xx.2023-cü il tarixli qərarları).
44. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
45. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
46. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
47. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
48. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
50. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
52. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
53. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva