Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2249/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3697 nömrəli və xx.xx.2023-cü il tarixli **********3689 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023- cü il tarixli **********8636 və **********8634 saylı Qərarları əsasında “NFCON“ MMC-yə məxsus təsərrüfat obyektlərində operativ nəzarət tədbiri həyata keçirilmişdir. Tədbir nəticəsində xx.xx.2023- cü il tarixli DVX 000279 №li və 000280 nömrəli aktlar tərtib olunmuş, xx.xx.2023-cü il tarixli **********3697 nömrəli və xx.xx.2023-cü il tarixli **********3689 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul olunmuşdur. Həmin Qərarlar əsasında iddiaçı barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən müvafiq olaraq 22514,33 manat və 88572,19 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin qərarlar tamamilə qanunsuzdur və ləğv olunmalıdır: Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: -Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanını almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; -Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; -Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; -Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; -Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; -Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; -Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; -Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; -Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; -“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Sadalananlardan göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini bu özünəməxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faziləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Başqa sözlə, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Lakin cavabdeh iddiaçının operativ vergi nəzarəti tədbirindən öncə həyata keçirilmiş əməliyyatlara müdaxilə edərək qanunvericiliklə müəyyən olunmuş normaların tələblərini pozmuşdur. Qeyd olunanlarla bağlı formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Kassasiya instansiyasının müvafiq qərarları məhkəmə baxışı zamanı təqdim ediləcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.
3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, iş materialına əlavə olunan xx.xx.2023-cü il tarixli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərardan göründüyü kimi, tədbirin hansı əsasla keçirilməsi qərarda əks olunmamışdır. Reyestrdən çıxarışda isə Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur ki, həmin normada qeyd olunan "kifayət qədər əsasın" nədən ibarət olması göstərilməmişdir. İşə əlavə olunan kassasiya instansiyasının qərarlarından göründüyü kimi, operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsasların qərarda müfəssəl şəkildə əksini tapmaması həmin tədbir nəticəsində qəbul edilən inzibati aktların ləğv olunmasına əsasdır. Bundan əlavə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tətbiqi ilə bağlı kassasiya instansiyasının vahid formalaşmış təcrübəsi mövcuddur. Belə ki, vergi orqanları operativ vergi nəzarəti tədbiri ilə yalnız tədbir anında baş verən əməliyyatları rəsmiləşdirməli olduqları halda, əvvəlki dövrü OVN tədbiri ilə əhatə edir ki, bu da həmin normanın tələblərinin birbaşa pozulmasıdır. VM-nin 58.13-cü maddəsinin əsasını təşkil edən VM 50.1.13-cü maddəsində "nəzarət edilməsi" feli cari vaxt aralığını (OVN tədbiri müddətini) nəzərdə tutur. Təsadüfi deyil ki, həm reyestrdən çıxarışda, həm də OVN qərarında yoxlanılan dövr- cari fəaliyyət olaraq əks olunmuşdur. Bundan əlavə, VM-nin 58.13-cü maddəsində maliyyə sanksiyasının 10, 20 və 40 faiz həddində tətbiqi təqvim ili ərzində belə hala 1-ci, 2-ci və daha çox yol verildiyi halda tətbiq edilməsi əks olunub. Bu isə o deməkdir ki, vergi orqanı cari fəaliyyəti yoxlayan zaman müəyyən edəcəkdir ki, vergi ödəyicisi ilin əvvəlindən belə hala neçənci dəfə yol verib. OVN tədbiri təqvim ilindən əvvəlki dövrləri də əhatə etsə, normanın qeyd olunan hissəsi əhəmiyyətini itirmiş olur. Odur ki, OVN tədbiri keçirilən zaman hər hansı pozuntu aşkar olunmayıbsa digər halların araşdırılması zərurəti qalmır. Cavabdehin təqdim etdiyi excel faylındakı cədvəllərdən də məlum olur ki, vergi orqanı OVN tədbiri deyil, əsassız səyyar vergi yoxlaması həyata keçirib və bunu OVN qaydasında rəsmiləşdirib.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il **********697 saylı və xx.xx.2023cü il tarixli **********3689 saylı qərarların ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində qeyd edilənlərə İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edir. Cavabdeh öncə qeyd edir ki, vergi ödəyicisinin əsas fəaliyyət növü “dəmir məmulatlarının, su kəməri və istilik şəbəkəsi avadanlıqlarının topdan satışı” kimi qeyd olunmuşdur. Aparılmış araşdırma zamanı Baş İdarənin xx.xx.2023-cü il tarixli, **********8634 və **********8636 nömrəli qərarları ilə İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 4-cü ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən “Malların göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000279 və 000280 nömrəli aktlarla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi haqqında tərtib edilmiş akta və digər sənədlərə əsaslanaraq Baş idarənin xx.xx.2023-cü il tarixli **********3689 və **********3697 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarları ilə 22514,33 manat və 88572,19 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixli 000279 saylı və 000280 saylı aktla tanış olmuş və qeyd etmişdir ki, obyektləri bazarda yerləşdiyi üçün malların bir qismini elektron qaimə olmadan pərakəndə qaydada satış etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, vergi orqanlarının operativ vergi nəzarəti tədbiri zamanı yalnız operativ vergi nəzarəti tədbiri keçirilən vaxtda qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdən biri də, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsidir. Maddənin tələblərindən də göründüyü kimi vergi orqanı üçün hər hansı müddət məhdudiyyəti müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının” 5.1-ci maddəsinə əsasən topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
5. Uçotun aparılmaması və ya düzgün aparılmaması haqqında məktubda qeyd edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 16-cı maddəsi ilə tənzimlənir. Qanunvericiliyin tələblərinin pozulmasına görə aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən Vergi Məcələsinin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannnaməsi və bu bayannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda Alıcıya: Təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi; İkinci dəfə yol verdikdə 20 faizi; Üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
6. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8636 nömrəli Qərara əsasən İddiaçınə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 4-cü, 3 ünvanında yerləşən anbarda Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bır təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır.
7. Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2023-cü il tarixli, **********8637 nömrəli Tələbnamədə qeyd olunmuşdur ki, İddiaçı ********** operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci, və 50-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədləri təqdim etməyi tələb edilir:
1. bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergilərin hesablanması üçün zəruri olan digər mühasibatnıaliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, bank, nəzarət-kassa aparatı, POS-terminal, çek və xəzinə sənədləri, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə E-quiınə və E-fakturalar, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhviltəslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəkı məlumatlara dair elektron fayllar Sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi A/. 1029. Bakı şəhəri Nizami rayonu, Heydər əllyev prospekti, ev 115 Ünvanında təqdim olunmalıdır.
8. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” 000279 nömrəli Akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə məxsus Nərimanov rayonu, Müzəffər Nərimanov 12A ünvanda yerləşən anbarda (**********-15001) satış qiyməti ilə 885721.92 manat məbləğində malların Q-QF təqdim edilməli olduğu halda, E- QF təqdim edilmədən satıldığı müəyyən olundu. Bununla da VM-nin 16.1.11-6 və 71.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 88572.19 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
9. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” 000280 nömrəli Akta əsasən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 4-cü, 3 ünvanda yerləşən anbarda satış qiyməti ilə 225143.31 manat məbləğində mallarla bağlı E-QF ilə təqdim edilməli olduğu halda, E-QF təqdim edilmədən satıldığı müəyyən edildi, YSB invoys E-QF və digər zəruri sənədlərlə üzləşmə aparıldı. Beləliklə Vergi Məcəlləsinin 16.1.11-6-cı və 7.1.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 22514.33 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
10. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********3698 nömrəli Tələbnaməyə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq operativ vergi nəzarətinin materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-ci il tarixli **********3697-saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri hesablanmış və vaxtında ödənilməmiş (tam ödənilməmiş) vergi məbləğləri müəyyən edilmişdir (lazım olanın altından xətt çəkilməlidir). a) Əlavə hesablanmış vergilər: b) Vaxtında ödənilməmiş (tam ödənilməmiş vergilər): c) Vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər: d) Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 22514.33 manat Büdcəyə ödənilməli olan 22514.33 manat vəsait xx.xx.2023-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi-nun AZ17CTRE******************** №-li hesabına ödənilməlidir.
11. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi odəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların Siyahısı iş materiallarına əlavə olunmuşdur.
12. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçınə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 4-cü, 3 ünvanında yerləşən, əsas fəaliyyət növü malların saxlanmasına və anbarlara yığılması üzrə fəaliyyət olan anbarda xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində cari fəaliyyət üzrə plandankənar (növbədənkənar) operativ vergi nəzarəti həyata keçirilmişdir. Plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün əsas Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-cı maddəsində edilməsi üçün əsas: göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olması. Vergi Məcəlləsi, maddə 50.2.4 qeyd olunmuşdur.
13. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********3689 nömrəli Qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 88572.19 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
14. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********3697 nömrəli Qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 22514.33 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
15. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
16. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
17. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
19. İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
21. İddia mümkündür.
III.Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
IV. Məhkəmənin mövqeyi
23. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3697 nömrəli və xx.xx.2023-cü il tarixli **********3689 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlarını mübahisələndirilmişdir.
24. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
25. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********8636 nömrəli qərar qəbul etmişdir.
26. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).
27. Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********8636 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad edilmişdir).
28. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
29. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
30. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
31. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********8636 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.
32. Məhkəmə qeyd edir ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışda isə Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunsa da, cavabdeh tərəfindən istinad edilmiş normada nəzərdə tutulmuş hallar və məlumatlar əsaslandırılmamışdır.
33. Məhkəmə eyni zamanda nəzərə alır ki, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
34. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir.
35. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir.
36. Məhkəmə müəyyən edir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
37. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdeh qurum qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində müddət tələblərinə riayət etməklə digər vergi nəzarəti tədbiri, yəni səyyar vergi yoxlaması həyata keçirməklə iddiaçının qeyd edilən dövrünü yoxlayıb əsaslar olduğu təqdirdə vergi ödəyicisinə münasibətdə vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etməkdə haqlıdır.
38. Hazırkı iş üzrə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 18 may 2023-cü ildən 16 iyun 2023-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında baş tutan deyil, ümumi fəaliyyət dövründəki əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır (bu fakt işin mübahisəsiz halı olmaqla cavabdeh tərəfindən təsdiqlənmiş və vergi orqanı üçün hər hansı müddət məhdudiyyəti müəyyən edilmədiyi bildirilmişdir). Nəticə etibarilə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir.
39. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində vergi ödəyicisi tərəfindən vergi hüquqpozmasının təqvim ili ərzində törədildiyi təqdirdə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulduğundan maddənin dizpozisiya şərti özlüyündə həmin maliyyə sanksiyasının əvvəlki təqvim illərində baş vermiş hallara münasibətdə tətbiqini istisna edir.
40. Beləliklə, məhkəmə hesab edir ki, vergi orqanının mübahisələndirilən qərarları maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, xx.xx.2023-cü il tarixli **********3697 nömrəli və xx.xx.2023-cü il tarixli **********3689 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların qəbulu vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
41. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3697 nömrəli və xx.xx.2023-cü il tarixli **********3689 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarları ləğv edilməlidir.
42. Məhkəmə qeyd edir ki, operativ vergi nəzarəti əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********3697 nömrəli və xx.xx.2023-cü il tarixli **********3689 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv edilməsi cavabdeh orqanın səyyar vergi yoxlaması həyata keçirmək səlahiyyətini istisna etmir.
43. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3697 nömrəli və xx.xx.2023-cü il tarixli **********3689 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva