Məhkəmə qərarları › İş №2-1(112)-225/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-225/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-225/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES bağlar ərazisində yerləşən 0,06 ha torpaq sahəsi olan 24 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər onun mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün kifayət qədər mötəbər sənəddir. İddiaçı müvafiq olaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının siyahısında ata adı Solitan kimi göstərilmişdir. Həmçinin, göstərilən sahə “Memar” bağçılıq yoldaşlığın ayrıc aktından kənarda və bir hissəsi isə digər (Sahil) bağçılıq-yoldaşlığın ərazisində yerləşir. İddia edilən əraziyə dair digər şəxs (X3) tərəfindən müraciət İdarəyə daxil olmuşdur. Bununla yanaşı torpaq sahəsinin bir hissəsi 6kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmişdir. Eyni zamanda bağ sahəsinin ölçüsü sənəd üzrə 0,06 ha olsa da, faktiki olaraq 0,0982 ha təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES bağlar ərazisində yerləşən torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulayır və bu halı onunla əsaslandırır ki, həmin torpaq sahəsi onun qanuni istifadəsində olmaqla yanaşı, iddiaçının həmin sahəyə hüquqmüəyyənedici sənədləri mövcuddur. Qeyd olunmalıdır ki, qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıda səciyyələnmiş sənədlərdən birinin olmasını şərtləndirmişdir: İcarə müqavilələri Sərəncamlar Orderlər Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Hazırki işdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES bağlar ərazisində yerləşən 0,06 ha torpaq sahəsi olan 24 saylı bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı (siyahıda iddiaçının adı qeyd olunmuşdur), həmçinin də həmin siyahı əsasında verilmiş üzvlük kitabçası mövcuddur. Cavabdeh inzibati orqan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının ata adının “Əli” əvəzinə “Solitan” kimi qeyd edildiyini bildirmişdir. Doğrudur ki, cavabdehin istinad etdiyi hal həqiqətən mövcuddur. Lakin bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və imtina əsası qisməndə qiymətləndirilə bilməz. Hər nə qədər siyahıda 24 saylı bağ sahəsinin “İddiaçı Solitan oğluna” ayrıldığı göstərilsə də, 24 saylı bağ sahəsinin ayrılması ilə bağlı üzvlük kitabçası məhz İddiaçı verilmişdir ki, bu hal öz növbəliyində siyahıda şəxsin ata adı ilə bağlı yalnışlığa yol verildiyinə ehtimal yaradır. Məhkəmə qeyd edir ki, iddiaçı bağ sahəsinin ona ayrılmasını təsdiq edən sənədlərə malik olsa da, hazırki vəziyyətdə onun iddia etdiyi ərazi üzərində mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir. Belə ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iş üzrə müvafiq araşdırmanın aparılmasının xüsusi bilik tələb etdiyi nəzərə alaraq, müvafiq orqanan mütəxəssis rəyi almış və məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert və mütəxəssis rəyindən aydın olur ki, iddiaçının istifadəsində olduğu və naturada göstərdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES bağlar ərazisində yerləşən 24 saylı bağ sahəsi həm “Memar” bağçılıq yoldaşlığın, həmçinin də “Sahil” bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşməklə “Millibank” bağçılıq yoldaşlığın ayrıc aktı daxilində yerləşmişdir. Göründüyü kimi təqdim olunmuş ekspert rəyindən də görünür ki, iddiaçı bağ sahəsinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə malik olsa da, iddia olunan bağ sahəsi iddiaçının üzv olduğu “Memar” bağçılıq yoldaşlığın hüdudları daxilində yerləşməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı digər fiziki şəxslərin (X4, X1) müraciətləri olmuşdur. Hətta, bir fiziki şəxsin müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 42/3588 saylı bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı tələb məhkəmə qərarı ilə təmin olunmuş və apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Digər fiziki şəxsin müraciətinə cavabda isə inzibati orqan bildirmişdir ki, onun adı “Bankçı” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğunda mövcud olsa da, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-836/2022 saylı inzibati işi yekunlaşmadığından, müraciətin təmin olunması mümkün deyildir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi “Memar” bağçılıq yoldaşlığın hüdudları daxilində olmadığından və ekspert rəyi ilə həmin torpaq sahəsinin “Memar” bağçılıq yoldaşlığın hüdudları daxilində yerləşdiyi təsdiq olunduğundan, həmçinin digər fiziki şəxslərin torpaq sahəsi ilə bağlı müraciətləri olduğundan, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1015/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin iş üzrə vətəndaşın iddia etdiyi torpaq sahəsinin bağçılıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi ekspert rəyi ilə təsdiq olunmuş, bununla da vətəndaşın iddia etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi əsaslı hesab olunmuşdur. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun bağ sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar