Məhkəmə qərarları › İş №2-1(112)-2250/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2250/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2250/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X3 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “soyadın dəyişdirilməsi, yeni doğum akt qeydinin aparılması, bu barədə şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova (Quliyeva) Məlahət Məhəmməd qızının xx xxxxxxxx 1966-cı il tarixdə anadan olmasına dair doğum akt qeydində dəyişiklik edilərək, soyadının «Məmmədova (Quliyeva)» soyadından «Vedili» soyadına dəyişdirilməsi, soyadı - Vedili, digər məlumatların saxlanılmaqla yeni doğum akt qeydinin aparılması və buna dair yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəlyinin Nizami rayon Qeydiyyat Şabəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1966-ci il il tarixdə anadan olmuşdur. Doğum akt qeydində adı, soyadı və ata adı X2 qeydə alınaraq, ona X4 ad, soyad və ata adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. X7 ilə rəsmi nikaha daxil olaraq - Quliyeva soyadını götürmüşdür. Ə.Quliyevlə nikahı 14 noyabr 1996-cı il tarixdə pozulmuşdur. Nikahın pozulması zamanı Quliyeva soyadını saxlamışdır. Hazırda o, soyadını dəyişmək qərarına gəlmişdir. Buna görə də Quliyeva soyadının Vedili soyadı ilə dəyişdirilməsinə dair Qeydiyyat Orqanına müraciət etmişdir. Qeydiyyat Orqanı tərəfindən 29 avqust 2020-ci il tarixli məktubla adının dəyişdirilməsindən imtina edilmişdir. İmtianın əsası kimi ona istinad olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı Qərarı ilə təsdiqlənmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 1.4-cü bəndinə əsasən, şəxsin mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın və soyadın verilməsinə yol verilmir. Hesab edir ki, Quliyeva soyadının Vedili soyadına dəyişdirilməsindən imtina əsassızdır...Göstərilənlərə əsasən Qeydiyyat Orqanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq olunmuş «adın, ata adının və soyadının vrilməsi və dəyişdirilməsi» Qaydalarının 1.4-cü bəndinə əsaslanmaqla soyadının dəyişdirilməsindən imtina etməsi əsassızdır. Belə ki, Quliyeva soyadımın Vedili soyadı ilə dəyişdirilməsi onun mənafeyinə xələl gətirmir, əksinə o bunu arzu edir. İşin bu cür halında ona soyadının verilməsi onun mənafeyimə tam uyğundur. Həmçinin ona Vedili soyadının verilməsi onun cinsinə uyğun gəlməyən və ya gülünc ad və soyad deyildir. Odur ki, Quliyeva soyadının Vedili soyadına dəyişdirilməsindən imtina əsassızdır....Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 29.08.2020-ci il tarixli, 05/Q-954/15 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4cü bəndinə əsasən şəxsin mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın, soyadın verilməsinə yol verilməlidiyi, göstərilənlərə əsasən "Quliyeva” soyadının “Vedili" soyadına dəyişdirilməsi mənafeyə xələl gətirə biləcəyi üçün və bu soyada aidiyyətini təsdiq edən sənədlərin olmadığına görə mümkün olmadığı bildirilmişdir. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İ № 037760 saylı 13 aprel 2005-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada tədiq edilmiş surətindən görünür ki, X7 ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 14 noyabr 1996-cı il tarixdə 254 nömrə ilə akt qeydləri kitabında qeydiyyatı aparılmışdır. Beləliklə işin hallarından görünür ki, 28.01.1983-cü il təvəllüdlü iddiaçı X1 əvvəllər Məmmədova olmuş, nikaha daxil olduqdan sonra soyadını Quliyevaya dəyişdirmişdir. X7 ilə iddiaçıın arasında bağlanmış nikah ləğv edildikdən sonra da iddiaçı Quliyeva soyadını seçmişdir. Hazırki iddia tələbi üzrə soyadının dəyişdirilərək “Vedili” olmasını tələb etməkdədir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə istinad edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Həmin Qaydaların 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Hazırki iddia tələbi üzrə iddiaçı soyadının dəyişdirilməsinin onun hüququ olmasına istinad edərək, cavabdehin imtinasının əsassız hesab edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Qaydaların tələbinə müvafiq olaraq iddiaçının tələb etdiyi “Vedili”soyadı onun mənafeyinə, cinsinə uyğun gəlməməsi ilə yanaşı o cümlədən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən onu “Vedili” soyadına bağlayan müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tələbinin qanuni əsası olaraq sözügedən Qaydaların 6.24-6.28-ci bəndinə istinad etsə də, lakin işdə “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallar yoxdur. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar isə həmin məzmunda tələbin təmin olunması üçün yetərli deyil. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Məmmədova (Quliyeva) Məlahət Məhəmməd qızının xx xxxxxxxx 1966-cı il tarixdə anadan olmasına dair doğum akt qeydində dəyişiklik edilərək, soyadının «Məmmədova (Quliyeva)» soyadından «Vedili» soyadına dəyişdirilməsi, soyadı - Vedili, digər məlumatların saxlanılmaqla yeni doğum akt qeydinin aparılması və buna dair yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar